… Və qızının möhtəşəm cavabı: “Mən səninlə fəxr edirəm!”
Tanınmış hüquqşünas Ənnağı Hacıbəyli də məhkəmədə dindirildi
Ölkənin ən nüfuzlu hüquqşünaslarından olan İntiqam Əliyevin işi üzrə dünənki məhkəmə hüquq müdafiəçisi ilə qızı Nərmin arasında duyğusal dialoqla yadda qaldı. Nərmin Kamilsoy məhkəmədə şahid qismində dindirilərkən atasının sualına verdiyi möhtəşəm cavab prosesi izləyənlərin alqışları ilə müşayiət olundu…
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyilə bu iş üzrə keçirilən dünənki məhkəmə iclasında Nərmin Kamilsoydan əvvəl də bir sıra şəxslər dindirildi. Əvvəlcə 2010-cu ilin martından oktyabrınadək Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas kimi fəaliyyət göstərmiş Gülnar Mehdiyeva zərərçəkmiş qismində ifadə verdi. O bildirdi ki, İntiqam Əliyev və onun rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinə qarşı hər hansı tələbi yoxdur.
“Cinayət var ki, şahid ifadəsi də olsun?!”
Bundan sonra prosesdə şahidlərin dindirilməsi mərhələsi başladı. Ölkənin başqa bir nüfuzlu hüquqşünası olan Ənnağı Hacıbəyli şahid qismində ifadə verdi. O, ifadəsinə belə bir replika ilə başladı: “Burada cinayət var ki, şahid ifadəsi də olsun?! Mən altı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışam, 4 dəfə ifadə vermişəm. Verdiyim ifadələrdən üçü Hüquq Maarifçiliyi Cəmiyyətinin, biri isə öz təşkilatımın fəaliyyəti ilə bağlı olub. İstintaq zamanı mənə kassa mədaxil qəbzlərini göstərib oradakı imzaların mənə aid olub-olmadığını və həmin vəsaitləri alıb-almadığımı soruşdular. İstintaqa da dedim, indi də deyirəm, həmin sənədlərdə yazılan, altında mənə məxsus imza olan məbləğləri almışam, işimi də görmüşəm. Gördüyümüz işlər də göz qabağındadır…”
Vaxtilə Hüquq Maarifçiliyi Cəmiyyətində işləmiş Yavər Şahbazov da dünən şahid qismində ifadə verdi. Bildirdi ki, İntiqam Əliyevin yanında peşəkarlığını artırmaq üçün öz xahişilə onun rəhbərlik etdiyi təşkilatda fəaliyyətə başlayıb. Orada çalışdığı müddətdə kimdənsə hər hansı şikayət və ya hər hansı qanunsuzluq görməyib: “İstintaqda mənə göstərilən sənədlərdəki və qəbzlərdəki bütün vəsaitləri alıb, vergisini ödəmişəm. Bu barədə hər hansı şikayətim yoxdur".
Növbəti şahid isə əvvəldə də qeyd etdiyimiz kimi, İntiqam Əliyevin qızı Nərmin Kamilsoy oldu. O, ifadəsinə başlamamışdan əvvəl hakim qanunvericiliyi xatırlatdı. Bildirdi ki, qanuna görə, şəxs yaxın qohumuna qarşı ifadə verməyə məcbur edilə bilməz. Əgər istəmirsə, ifadə verməkdən imtina edə bilər.
Nərmin Kamilsoy bildirdi ki, bu hüquqi normadan xəbərdardır və ibtidai istintaq zamanı bunu müstəntiq Sənan Paşayevə də xatırladıb. Lakin buna baxmayaraq, müstəntiq onu ifadə verməyə məcbur edib: “Mən istintaqa çağırıldığım zaman həmin qanunu əsas gətirərək ifadə verməkdən imtina etdim. Müstəntiq Sənan Paşayev də izah etdi ki, qanun mənə belə bir hüququ verir, amma elə məsələlər var ki, bu haqda suallara mütləq cavab verməliyəm”.
“Mənim qızım olduğuna görə məyusluq hissi keçirirsənmi?”
Bu zaman İntiqam Əliyev bildirdi ki, qızına ibtidai istintaq zamanı müstəntiq işə aidiyyəti olmayan suallar verib. İntiqam Əliyev eyni zamanda, özünün də qızına sualı olduğunu qeyd etdi.
"Bir də gördüm 23 yaşına çatmısan. 20 yaşına qədər Sumqayıtda 4 nəfərlik ailə üzvlərinlə birgə 3 otaqlı “xruşşovka”da yaşamısan. Bu müddətdə sənin və qardaşının əlindən tutub harasa gəzməyə apardığımı xatırlamıram. Həm qardaşın, həm də sən xəstə olanda yanınızda çox ola bilməmişəm. Durmadan işlədiyim üçün təhsilinizlə də daim maraqlana bilməmişəm. Doğum günlərinizdə hamı dağılandan sonra gəlib çıxmışam. Sumqayıtdakı adi orta məktəblərdən birində təhsil alıb, öz gücünə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmusan. İşlərin çoxluğundan təhsilinlə də yetərincə məşğul ola bilməmişəm. Bilirəm ki, xaricdə təhsil almaq istəyin var. Sən dövlət proqramı xətti ilə xaricdə təhsil almaq istəsən, mənim qızım olduğuna görə “yox” cavabı alacaqsan. Dövlət orqanlarında, bankda və s. işə düzəlmək istəsən, yenə də “yox” cavabı verəcəklər. Çünki mənim qızımsan. Hətta vəkil olmaq niyyətinə düşsən, Vəkillər Kollegiyasına da qəbul etməyəcəklər. Çünki heç atanı qəbul eləmirlər. Səni qarşıda böyük çətinliklər gözləyir. Xırda bir qəzaya görə səni cinayət məsuliyyətinə cəlb edə bilərlər. Necə ki, Cəmil Həsənlinin qızı Günel Həsənliyə qarşı bu addımı atdılar. Bütün bunlardan sonra sən mənim qızım olduğuna görə məyusluq hissi keçirirsənmi? Buna görə özünü zərərçəkmiş hesab edirsənmi?”, – deyə İntiqam Əliyev qızına sualını ünvanladı.
Nərmin Kamilsoyun atasına “Mən səninlə fəxr edirəm!” cavabı zaldakıların alqışları ilə qarşılandı.
Daha sonra İntiqam Əliyevin vəkillərinin ötən məhkəmə iclasında qaldırdığı vəsatət müzakirə olundu. Söhbət qrant müqavilələrinin qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinin saytından silinmiş cədvəllərin “google” vasitəsilə tapılıb sübut kimi məhkəməyə təqdim olunmasından gedir.
Məsələ burasındadır ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin həyata keçirdiyi 13 qrant layihəsi üzrə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilib. Istintaq orqanı iddia edir ki, həmin qrant müqavilələri Ədliyyə Nazirliyində qeydə alınmayıb, ona görə də qrant kimi qiymətləndirilə bilməz. Vergi Məcəlləsinə görə, qrant vəsaitləri Əlavə Dəyər Vergisindən azaddır. Prokurorluq belə nəticəyə gəlib ki, həmin
vəsaitlər qeydiyyatdan keçmədiyinə görə qrant deyil və buna görə vergi ödənilməli idi. Beləliklə, Intiqam Əliyevə təxminən 65 min manat vergidən yayınma ittihamı da irəli sürülüb.
Intiqam Əliyev isə bildirir ki, o qrant müqavilələrinin hamısı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, lakin bunu sübut edən məktubları axtarış zamanı prokurorluq əməkdaşları götürüb, gizlədib. Vəkillərin Ədliyyə Nazirliyinə bu haqda məktublarına cavab olaraq bildirilib ki, qrant müqavilələrinin qeydiyyat sistemi sıradan çıxıb.
Vəkillərin sözlərinə görə, Ədliyyə Nazirliyinin saytında qeydiyyatdan keçən qrant müqavilələrilə bağlı cədvəl olub, lakin QHT-lərə qarşı hücumlar başlayandan sonra həmin cədvəl saytdan yığışdırılıb.
“Biz ”google" sistemi vasitəsilə axtarış aparıb, Ədliyyə Nazirliyinin saytından silinmiş həmin cədvəli tapmışıq. Bu cədvəldən görünür ki, cinayət işinin materiallarında qeydiyyatdan keçməmiş kimi göstərilən layihələr əslində qeydiyyatdan keçib" deyən vəkil Şəhla Hümbətova notarial qaydada təsdiqlənmiş həmin materialları məhkəməyə təqdim etmiş, onların sübutlar siyahısına daxil edilməsini istəmişdi.
Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətə münasibət bildirmək üçün vaxt istəmişdi. Dünənki məhkəmə islasında o, vəsatətlə bağlı mövqeyini açıqlayaraq, İntiqam Əliyevə ittiham verilmiş 13 qrant müqaviləsi üzrə Ədliyyə Nazirliyinə sorğu göndərilməsini təklif etdi.
Vəkil Cavad Cavadov isə dedi ki, Ədliyyə Nazirliyinə sorğu göndərmək əvəzinə, bu qurumdan reyestr kitabı tələb edilməlidir. Çünki sorğuya cavabda layihələrin qeydiyyatdan keçmədiyi bildirilə bilər. Ancaq reyestr kitabını saxtalaşdırmaq mümkün olmayacaq.
İntiqam Əliyev özü də vəkilinin mövqeyini dəstəklədi: “Hamı bilir ki, bu məhkəmə prosesi siyasi xarakter daşıyır. Ədliyyə Nazirliyinin də vətəndaş cəmiyyətinə, müstəqil hüquq-müdafiə təşkilatlarına qarşı mövqeyi bəllidir. Bu nazirlik vətəndaş cəmiyyətinə qarşı repressiyalarda maraqlı qurumdur. Biz ona görə reyestr kitabını tələb edirik ki, burada hər şey əksini tapıb. Müstəqil təşkilatları “qara siyahıya” salmış Ədliyyə
Nazirliyi kimi bir qurumun sorğuya yalan cavab verməyəcəyinə heç bir inam yoxdur. Biz bütün layihələri Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirirdik ki, sonradan əleyhimizə istifadə edilməsin. Ancaq vətəndaş cəmiyyətinə qarşı repressiyalar başlayandan qeydiyyatla bağlı Ədliyyə Nazirliyinin saytındakı sistem ləğv edilib. Biz də sizə hər dəfə deyirik ki, həmin layihələr qeydiyyata alınıb. Ona görə sizə sorğu verdik ki, reyestr kitabını alın. Bu ölkənin ən dəyərli insanlarından olan Xədicə İsmayıl Ədliyyə Nazirliyinə sorğu vermişdi o sistemlə bağlı. Cavab belə olmuşdu ki, sistem işləmir. Amma Ədliyyə Nazirliyinin nümayəndələri fikirləşməyib ki, silməklə deyil, “google”da qalıb. O təşkilatlar ki, ölkədəki vəziyyətə görə hökuməti tənqid edir, onlar bu cür qondarma üsullarla – qeydiyyatdan keçirilmiş müqavilələri keçməmiş kimi təqdim etməklə cinayət məsuliyyəti təhdidi altında saxlanılır. O təşkilatların rəhbərlərinin bir qismi canlarını götürüb ölkədən qaçıb, bir qismi susub oturub, bir qismi də dinləmələrdə iştirak edib Amerikanı sökməklə məşğuldur. Bizim ofisə yoxlamaya Ədliyyə Nazirliyinin 3 nümayəndəsi gəldi, dedilər ki, siz kimə arxayınsız belə danışırsız? Dedim, Qərbə arxayın olduğumuzu düşünürsünüzsə, yanılırsız, bizim belə illüziyamız yoxdu. Biz öz işimizi görürük və həb olunacağımızı da bilirik. Əgər qrant müqavilələrimiz qeydiyyata alınmamışdısa, illərlə niyə gözləyib bizi cəzalandırmamışdılar? Deməli, yalandır, bütün müqavilələrimiz qeydiyyatdan keçib. Ədliyyə Nazirliyinin sorğuya yalan cavab vermək ehtimalı böyük olduğundan, reyestr kitabının alınmasını xahiş edirəm".
Lakin məhkəmənin qərarı dövlət ittihamçısının mövqeyinə uyğun oldu – Ədliyyə Nazirliyinə sorğu göndərilməsinə qərar verildi.
Məhkəmə prosesi aprelin 7-də davam edəcək.
Aytən Məmmədova