«Gəmiqaya Holdinq»də ixtisarlar başlayıb
Manatın devalvasiyasından sonra başlayan ixtisar dalğası Naxçıvandan da yan keçmir. Muxtar respublikanın ən böyük istehsal müəssisələrini özündə birləşdirən “Gəmiqaya Holdinq” Şirkətlər Ittifaqında da ixtisarların başlandığı bildirilir. Bu haqda AzadlıqRadiosuna həmin müəssisələrdə çalışanlar məlumat verib. Onların bildirdiyinə görə, devalyasiyadan sonra başlanan ixtisarlar son günlər daha da artıb. Naxçıvan sakinləri deyir ki, ixtisarlar ən çox ittifaqa daxil olan tikinti, emal və qida müəssisələrində aparılır. Onların sözlərinə görə, digər işçilərin də maaşları aşağı salınıb.
Təhlükəsizliyi baxımından çalşışdığı müəssisənin və öz adının çəkilməsini istəməyən Naxçıvan sakini deyir ki, ixtisarlar ondan da yan keçməyib:
“Ixtisarlar Naxçıvan üçün böyük faciədir”
“Gəmiqaya” ən çox tikinti ilə məşğul idi. Deyilənə görə, bu il Naxçıvana tikinti üçün ayrılan pullar azaldılıb. Belə getsə tikinti tamam dayanacaq. Ixtisarlar tikintidən başqa mebel, travertin fabrikləri, ən çox sement, beton zavodlarında olub. Birindən 100 nəfər, birindən 80 nəfər. Ən az 20-30 faiz ixtisara düşüb, hələ davamı da olacaq. Işçilərin xeylisini ixtisar edib, bir qisminin də maaşını aşağı salıblar. Əvvəl 400 manat alan indi 200 alır. Bu da dolanışıq üçün kifayət deyil. Bu çıxış yolu deyil. Ittifaqdakı ixtisarlar Naxçıvan üçün böyük faciədir. Muxtar respublikanın demək olar ki, bütün sənayesi bu ittifaqın əlində birləşmişdi. Naxçıvanda qalanların böyük əksəriyyəti bu müəssisələrin hesabına çətinliklə də olsa yaşayırdılar".
Naxçıvan sakini deyir ki, çalışdığı müəssisədə aldığı 300 manat maaş az olsa da birtəhər ailəsini dolandıra bilirdi:
“Yeni köç dalğası başlayacaq”
“Bilirdik ki, az da olsa vaxtında maaşımız alacağıq. Gedirdik, dükanlardan alış-veriş edirdik, maaşı alanda qaytarırdıq. Dükançı da ürəklə nisyə mal verirdi. Bu gün işdən çıxan adamın yaşadığı məhəllənin dükançısı bilir ki, artıq işsizsən. Hamısının gözü-qulağı səsdədir. Işdən çıxdınmı, nisyə mal almaq da kəsilir. Çıxarılanlara heç bir konpensasiya da verilmir. Çünki, qanuni müqavilə ilə işə götürmürlər. Məni işdən çıxarılanda məlum oldu ki, işçilərlə müqavilə qısa müddətə bağlanırmış. Işçilərin də bundan xəbəri olmurmuş. Müqavilənin müddəti bitəndən sonra işçidən xəbərsiz onu qanunsuz işlədirdilər. Sonra həmin şəxslə istədikləri vaxt vidalaşa bilirlər. Naxçıvan onsuz da boşalımışdı. Bundan sonra daha bir köç dalğası başlayacaq. Gənclər özlərinə iş tapmaq üçün başqa ölkələr üz tutacaqlar. 1990-cı illərin köçü başlayacaq”.
Rəsmilər təkzib edir…
“Azadlıq” radiosu deyilənlərə münasibət öyrənmək üçün “Gəmiqaya Holdinq” Şirkətlər Ittifaqı ilə əlaqə saxlayıb. Ittifaqdan işçilərin qanunsuz işlədilməsi ilə bağlı deyilənləri təkzib etsələr də ixtisarla bağlı sualları cavabsız qoydular.
Əvvəlki adı “Ucal Holdinq” olan Ittifaq Naxçıvanda 1990-cı illərdən fəaliyyət göstərir. Ittifaqın tərkibinə Beton zavodu, Sement zavodu, müxtəlif qida və digər sənaye məhsulları istehsal edən müəssisələr daxildir. Bu müəssisələrdə istehsal olunan məhsullar Gürcüstan və Rusiya da daxil olmaqla bir çox xarici ölkələrə ixrac olunur. Rəsmi məlumata görə, Naxçıvanda sənaye məhsullarına olan təlabatın 70 faizdən çoxu yerli istehsalın hesabınadır. Ittifaqın Bakı, Gəncə və daha bir neçə şəhərlərdə bölmələri fəaliyyət göstərir.
Bəzi iddialara görə, “Gəmiqaya Holdinq” Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbova məxsusdur.
Rəsmi rəqəmlərə görə, Naxçıvanın əhalisi 430 min nəfərdən artıqdır. Naxçıvanda fəzliyyət göstərən “Insan Hüquqları Resurs Mərkəzi” də daxil olmaqla bir sıra hüquq-müdafiə təşkilatları isə bu rəqəmin reallığı əks etdirmədiyini iddia edirlər. Onların bildirdiyinə görə, işsizlik və digər problemlər ucbatından əhalinin yarıdan çoxu Naxçıvanı tərk edib.