Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirələrdə Qərbin hökumətə təzyiqləri artırmasının vacibliyi vurğulandı
«Hökuməti Qərbin rəngli inqilab planı hazırladığını və Azərbaycanın da bu plana daxil olduğunu düşündüyü üçün qorxur»
Vaşinqtonda “Freedom House”, Milli Demokratiya Fondu və Açıq Cəmiyyət Institutu birgə “Təqib: Azərbaycanda və Türkiyədə müstəqil mətbuat və vətəndaş cəmiyyəti” mövzusunda müzakirələr təşkil edib.
Müzakirə iştirakçıları arasında Istanbulda fəaliyyət göstərən bloqçu və jurnalist Arzu Qeybullayeva, Açıq Cəmiyyət Institutunun Avrasiya üzrə baş siyasi təhlilçisi Cef Qoldstin, Milli Demokratiya Fondunun Yaxın Şərq və Şimali Afrika üzrə əməkdaşı Riçard Kramer və “Freedom House”un Avrasiya üzrə təmsilçisi Neyt Şenkan da olub. Müzarikələrə “Azadlıq” radiosunun Rabitə Xidmətinin sədr müavini Martins Zvaners sədrlik edib.
“Amerikanın səsi” radiosunun bu haqda yaydığı məlumatda bildirilir ki, iştirakçılar Azərbaycan və Türkiyədə mətbuatın, vətəndaş cəmiyyətinin vəziyyətini müzakirə ediblər. Qeyd olunub ki, hər iki ölkənin rəhbərliyi sözdə ölkələri üçün daha müasir və avropalı gələcək istəsələr də, vətəndaş cəmiyyəti üzvlərini, tənqidçi jurnalistləri həbs edir, media orqanlarını cəzalandırır. Bu ölkələrdə vətəndaş cəmiyyəti və media nümayəndələri bir sıra məhdudiyyətlərlə üzləşir.
“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının regional proqramlar üzrə vitse-prezidenti Robert Herman çıxışında Azərbaycandakı vəziyyətdən danışarkən Ilham Əliyevin ən pis diktatorlar sırasına daxil olduğunu vurğulayıb.
Iştirakçılardan Cef Qoldstin bildirib ki, Azərbaycan hökumətinə qarşı təzyiqlərin artırılmasına ehtiyac var. Cənab Qoldstin Azərbaycan hökumətinin son iki ildə tətbiq etdiyi mexanizmin Rusiya və digər ölkələrdən fərqli olduğunu deyib. Onun fikrincə, Azərbaycan hökumətin Qərbə əhəmiyyət verməyərək insan haqlarını pozmaqda davam etməsinin üç səbəbi ola bilər. Birincisi, Əliyev hökuməti hesab edir ki, insan haqları mövzusunda Qərb tərəfindən ədalətsiz münasibət görür. Ikincisi, Azərbaycan rəhbərliyi qorxu içindədir. Çünki son illərdə qonşu Türkiyə və Ukrayna da daxil olmaqla, bir neçə ölkədə etiraz aksiyaları baş verib, bu etirazların bəziləri isə hətta dövlət çevrilişi ilə nəticələnib. Azərbaycan hökuməti isə Qərbin rəngli inqilab planı hazırladığını və Azərbaycanın da bu plana daxil olduğunu düşündüyü üçün qorxur. Üçüncü səbəb isə Rusiyanın Krımı ilhaq etməsi və bununla da Azərbaycan hökumətinə ölkədə istədiyini eləmək fürsəti yaratmasıdır. Azərbaycan hökuməti hesab edir ki, Qərbin bütün diqqəti Ukraynada baş verən hadisələrə yönəlib və bu, onlara istədiklərini etmək imkanı yaradır.
“Problem Qərbin Azərbaycan hökumətinə yetərincə təzyiq göstərməməsindədir. Artıq Qərbin Azərbaycana vəziyyətin belə davam edə bilməyəcini açıq şəkildə çatdırmasının vaxtı çatıb”, – deyə Cef Qoldstin bildirib.
Azərbaycanın Avropaya inteqrasiya olmaq istəyib-istəmədiyi barədə suala cavab olaraq, cənab Qoldstin Azərbaycan hökumətində təmsil olunanların bəzilərinin Qərblə əlaqələrin istiqamətini dəyişdirdiyi, lakin ümumilikdə əksəriyyətin Qərblə, xüsusən də Avropa ilə isti əlaqələrin saxlanılmasında maraqlı olduğunu bildirib.
“Bu isə o deməkdir ki, indiyədək heç kəs onlara təzyiq göstərməyib, lakin təzyiq olsa, hökumətin yürütdüyü siyasətdə dəyişikliklər ola bilər”, – deyə Qoldstin qeyd edib.