Əbülfəz Qurbanlı: «Bu mitinq Azərbaycan xalqının sifarişidir»
Milli Şura martın 15-i saat 15:00- da “Talana son” şüarı ilə mitinq keçirəcək. Artıq mitinq üçün BŞIH-ə müraciət olunub. Bu mitinqin keçirilməsinin əsas səbəbi son günlər iqtisadi vəziyyətin daha da ağırlaşmasıdır. Belə ki, ərzaq məhsullarının qiymətinin artması, manatın qiymətdən düşməsi, Azərbaycan iqtisadiyyatının neftdən asılı vəziyyətə salınması, işsizliyin, yoxsulluğun səviyyəsinin yüksəlməsi və digər problemlər bu mitinqin keçirilməsini zəruri edib. Eyni zamanda siyasi məhbusların azadlığı, seçki islahatlarının aparılması tələbi də irəli sürüləcək.
Artıq sosial şəbəkələrdə mitinq əhval-ruhiyyəsi hökm sürür, insanlar Milli Şuranın qərarını müsbət qiymətləndirirlər. “Talana son” mitinqi ilə bağlı “facebbok”da “event” də yaradılıb və 50000-dən artıq insan mitinqə dəvət olunub.
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, bu mitiniq ölkə vətəndaşlarının sifarişidir və ən yüksək səviyyədə hazırlıqlar davam etdirilir: “Mitinq komitəsinin tərtib etdiyi proqram üzrə mitinqə hazırlıq işləri davam edir. Həm Milli Şura, həm partiyanın strukturları, həm də sosial şəbəkələr üzərindən təbliğat kampaniyası aparılır. Artıq sosial şəbəkələrdə mitinqin təbliğatı kifayət qədər hədəfinə çatıb. Biz müşahidə edirik ki, bu mitinq hansısa bir qurumun mitinqi kimi deyil, cəmiyyətin sifarişi kimi qəbul olunur. Qarşıdakı günlərdə Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrinə öz mesajımızı çatdıracağıq. Ümid edirik ki, bu mitinq əvvəlki mitinqlərdən daha izdihamlı, daha coşqulu olacaq. Çünki, ”talana son" mitinqi birbaşa Azərbaycan insanının həyatı, yaşayışı, problemləri ilə bağlıdır və vətəndaşın mənafeyinə uyğundur. Hesab edirəm ki, mitinq yüksək səviyyədə baş tutacaq və xalqın ayaqda olduğunun göstəricisinə çevriləcək".
Turab