“Yeni Müsavat” və hakimiyyətyönlü “müxalifət” ilk hərəkətə keçən oldu; Milli Şura üzvlərindən sərt cavablar gəldi
Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq hakimiyyətin ciddi narahatlığına səbəb olub. Əslində, müxalifətin əvvəlki kütləvi aksiyalarına münasibətdə olduğu kimi, hakimiyyətin bu mitinqə qarşı da kampaniyaya başlayacağı proqnozlaşdırılan idi. Lakin görünür, budəfəki aksiyanın elan edilən kimi geniş ictimai rezonans yaratması hakimiyyəti tələsdirib. Hiss olunur ki, xüsusən də sosial şəbəkələrin mitinq ab-havasına bürünməsi, ən müxtəlif təbəqələrin bu aksiyada iştiraka hazır olduğunu bildirməsi və başqalarını da buna çağırması, mitinqə dəvət üçün yaradılan elana çox qısa vaxtda xeyli insanın qoşulması Prezident Administrasiyasında oturanları ciddi narahat edib. Elə buna görə də artıq yandaş mediaya və hakimiyyətin sosial şəbəkələrdəki elementlərinə 15 mart mitinqinə qarşı təbliğat aparmaq komandası verilib. Bu komandanı icra edənlər sırasında hakimiyyətin sözçüsünə çevrilmiş psevdomüxaliflər öndə gəlir. Onların ən yaxşı tribunasına isə “Yeni Müsavat” qəzeti çevrilib. Qəzet 5 mart sayında Milli Şuranın mitinqini gözdən salmaq üçün hakimiyyətyanlı “müxalifətçilər”in dilindən bir səhifəyə yaxın həcmdə material hazırlayıb.
Bəs bu qəzet, qəzetin yer verdiyi insanların mitinq və Milli Şura əleyhinə çıxışlarına qurum üzvüləri necə yanaşır? Suala Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri cavab verir.
Rövşən Əhmədli:
Milli Şura bundan öncə keçirdiyi mitinqlərdə də göstərdi ki, ölkədə nə qədər təzyiqlər, təqiblər, sifarişi həbslər olsa da, hakimiyyət aydın fikirli insanların, Azərbaycanın müstəqilliyinin keşiyində duranların müqavimətini qıra bilməyib. İndiki halda da manatın devalivasiyası adı altında insanların cibinə girmək, onların onsuz da pis olan iqtisadi vəziyyətini bir qədər də pisləşdirmək yolverilməzdir. Bu talançılığa etiraz etmək, onun uğrunda mübarizə aparmaq, hakimiyyətə yarınanların, xalqın mənafeyini öz cılız maraqlarına qurban vermək istəyənlərin düşüncəsinə uyğun deyil. Kimin bu məsələyə hansı rəy verməsindən asılı olmayaraq, Milli Şuranın qəbul etdiyi bu qərar sosial sifarişdir, xalqı ən çox narahat edən problemlə bağlıdır. Düşünürəm ki, bu məsələdə cəmiyyəti çaşdırmaq niyyətləri baş tutmayacaq. Bu adamların hakimiyyətin diqtəsilə “müxalifətçilik” etməkdən başqa çıxış yolu yoxdur. Heç bir sosial dayağı olmayan, xalq tərəfindən tanınmayan adamların onlara ayrılmış müəyyən qəzet səhifələrində təxribatçılıq etməkdən başqa imkanları yoxdur.
Namizəd Səfərov:
Milli Şura bu mitinqin keçirilməsini geniş müzakirə edib. Ümumilikdə isə biz bunu təkcə Milli Şuranın qərarı yox, cəmiyyətdən gələn sifariş kimi qəbul edirik. Mitinqin elan olunmasından ötən bir neçə gün ərzində sosial şəbəkələrdə, insanlar arasında aparılan müzakirələr göstərdi ki, qərarımız haqlıdır və əhali bu qərarı tam alqışlayır. Qaldı hakimiyyətin sifarişilə ayrı-ayrı insanların, təşkilatların mitinq haqqında dediklərinə, bu, Milli Şuraya, xalqın haqlı tələblərinə qarşı yönəlmiş qara piardır. Təəssüf edirəm ki, “Yeni Müsavat” bu tipli mətbuat orqanlarının, belə düşünən adamların tərəfindədir. Bir daha təəssüf edirəm ki, “Yeni Müsavat” qəzeti yenə də ənənəsinə sadiq qaldı.
Qaldı mitinqlərin vaxtının keçməsi haqqında deyilənlərə, hesab edirəm ki, heç bir əsası olmayan, çarəsizlikdən ortaya atılmış iddialardır. Ölkənin talandığı, insanların son qəpiyinin əlindən alındığı bir vaxtda kütləvi etirazları hansı məntiqlə vaxtı keçmiş mübarizə üsulu saymaq olar? Sadəcə hakimiyyətə işləyən bir qrup adam bu məntiqsiz yanaşmaları rəhbər tutaraq, xalqı çaşdırmağa cəhdlər edir.
Vidadi Mirkamal:
Milli Şuranın mitinq təyin etməsi, insanları öz hüquqları uğrunda mübarizəyə səsləməsi “cib müxalifəti” üçün ciddi narahatlıq doğurur və onlar da narazılıqlarını bu formada dilə gətirirlər. “Yeni Müsavat” qəzeti belə adamlara yer ayırırsa, demək, bu qəzet də o adamlarla eyni görəvi daşıyır. Hesab edirəm ki, hər kəs öz vəzifəsini yerinə yetirir.
Eldəniz Quliyev:
Bu adamların maraqları aydındır. Bu adamlar “Kukla teatrı”nın personajlarına çevriliblər. Doğrusu, acı təəssüf hissi keçirirəm ki, “Yeni Müsavat” öz axırını gətirdi. Daha bundan da pis gün ola bilərmi xaql üçün? Hakimiyyət xalqın cibinə girib, insanların pis olan vəziyyətini bir qədər də pisləşdirib. İndi Milli Şuranın xalqın dərdinə şərik çıxmasına belə ironik yanaşmaq, əks təbliğat aparmaq heç bir məntiqə sığmır. Oğru tutlmamışdan öncə hər şeyi inkar edə bilər, amma ələ keçəndən sonra etirafdan başqa yolu qalmır. Rauf Arifoğlu başda olmaqla, “Yeni Müsavat” və onun müsahibə aldığı o adamlar ayaqlarından başlarına qədər hakimiyyətin yanındadırlar.
Xalid