«The Guardian» Azərbaycan hökumətinin dəbdəbəli tədbirlərlə insan haqlarına hörmətsiz münasibətini gizlətmək istədiyini yazır
Bu yay ilk dəfə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları Azərbaycan xalqına 6,5 milyard funt-sterlinqə başa gələcək. Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Yeri gəlmişkən, “The Guardian” iki gündür ardıcıl olaraq, Bakıda keçiriləcək Olimpiada haqda ilginc məlumatlar yayımlayır. Iki gün əvvəl bu qəzet Olimpiadanın 50 ölkədən olan iştirakçılarının hamısının bütün xərclərinin (təyyarə, otel, yemək və s.) Azərbaycan hökuməti tərəfindən ödəniləcəyi haqda məlumatı yayımlamışdı.
Onu da qeyd edək ki, hər iki məqalədə turnirin keçiriləcəyi ölkədə – Azərbaycanda tənqidçi jurnalistlərə, ictimai-siyasi fəallara qarşı kütləvi repressiyalara da diqqət yetirilib.
Məqalənin tərcüməsini təqdim edirik:
***
Ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarından bu ölkədəki insan haqları pozuntularını ört-basdır etmək üçün yararlanmağa çalışan azərbaycanlı təşkilatçılar turnirdə iştirak edəcək 50 ölkənin idmançılarının bütün xərclərini ödəməyi öz üzərinə götürüb. Bu barədə məlumatı onların özləri də təsdiqləyib.
Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunan və Azərbaycanın paytaxtında keçiriləcək turnirdə idmanın 20 növü üzrə 6000-dən çox idmançı yaraşacaq. Bir qədər əvvəl məlum oldu ki, Bakıdakı Təşkilat Komitəsi Britaniyadan olan komandanın 160 üzvünün xərclərini öz üzərinə götürüb. Lakin cümə axşamı Avropa Olimpiya Komitəsilə birgə bəyanat yayaraq bildirdilər ki, təkcə britaniyalıların deyil, yarışacaq bütün idmançıların səfər, qalmaq xərclərini onlar ödəyəcəklər.
Məlumata görə, prezident Ilham Əliyev yarışın keçirilməsi məqsədilə idman obyektlərinin tikilməsi və infrastruktura 6,5 milyard (bu məbləğ devalvasiyadan əvvəl 7 milyard 865 milyon manat idi, hazırda isə 10 milyard 700 milyon manata yaxındır- red.) funt-sterlinq pul xərcləyib. Beynəlxalq hüquq müdafiə təşkilatı olan “Index on Censorship” Əliyevi ölkədəki repressiyaları ört-basdır eləmək üçün Olimpiya oyunlarından yararlanmaq cəhdində ittiham edib. Hazırda Azərbaycan həbsxanalarında yüzə yaxın siyasi məhbus var. Həbsdə olmayan müstəqil jurnalistlər, fəallar da digər formada təzyiqlərə məruz qalır, ölkədən çıxışlarına qadağa qoyulur.
“Təkcə son bir ildə Azərbaycanda hakimiyyəti tənqid edən onlarla jurnalist, hüquq müdafiəçisi, blogger, hüquqşünas və ziyalı həbs olunub. Repressiv neft ölkəsinin başçısı olan Ilham Əliyev və hökuməti tənqidçi jurnalistlərə hücumları dayandırmır, hələ üstəlik, çəkinmədən beynəlxalq aləmə qarşı da kampaniya aparır”, – deyə “Amnesty International”ın bu həftə yaydığı bəyanatda bildirilir.
Avropa Olimpiya Komitəsi ümid edir ki, Bakıda ilk dəfə baş tutacaq Avropa Oyunları bundan sonra da belə turnirlərin keçirilməsi üçün nümunə olacaq.
“Bakıda keçiriləcək turnirin xərclərinin çəkilməsi ”ev sahibliyi" edəcək ölkə ilə razılaşmanın tərkib hissəsi olub. Məbləğ isə 50 ölkədən olan idmançılar və onları müşayiət edən şəxslərin sayına əsasən müəyyənləşir", – deyə Avropa Olimpiya Komitəsindən bildirilib.
Bakı ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilini öz üzərinə götürmək riskinin altına girən yeganə şəhər olub. Hərçənd, Avropa Olimpiya Komitəsindən bildirirlər ki, 2019-cu ildə ikinci dəfə keçirilməsi planlaşdırılan bu turnirə “ev sahibliyi” etmək istəyən altı potensial namizəd var. Amma heç birinin də adı çəkilmir.
Bu həftə bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baka məktubla müraciət edərək, qurumun Idarə Heyətinin Rio-de-Janeyrodakı toplantısında müzakirələr zamanı Olimpiadalar keçirilən ölkələrdə insan haqlarının müdafiəsinin təmin olunması məsələsinə diqqət yetirməyə çağırıblar.
“Pekindəki, Soçidəki Olimpiadalar zamanı həmin ölkələrdə miqrantların hüquqlarının pozulması, tənqidçilərin repressiyalara məruz qalması, korrupsiyanın hökm sürməsi turnirə kölgə saldı. Bu cür turnirlərə ev sahibliyi etmək istəyənlərə həlledici məqamda Beynəlxalq Olimpiya Komitəsi başa salmalıdır ki, olimpiya hərəkatında insan haqlarının pozulmasına, korrupsiyaya, repressiyaya yer yoxdur”, – deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının qlobal təşəbbüslər üzrə direktoru Minky Uorden məktubda yazıb.
Siyasət şöbəsi