Birinci Avropa Oyunlarında iştirak edəcək bütün ölkələrin komanda heyətlərinin xərcini Azərbaycan çəkəcək. Hətta erməni komandasının da.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə etiraf edib. O, deyib ki, Bakıya Avropa Olimpiya Oyunlarına gələcək bütün 50 ölkə komandalarının nəqliyyat və digər xərclərini Azərbaycan ödəyəcək. İdmançıların xərclərinin ödənməsi Avropa Olimpiya Komitəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulub.
“Belə praktika Olimpiya oyunları keçirilərkən həmişə olub. İdmançıların və nümayəndə heyətlərinin gəlib-getmək xərclərini bir qayda olaraq ya ev sahibi olan ölkə, ya da Beynəlxalq Olimpiya Komitəsi ödəyir. İndiki halda həmin xərcləri Azərbaycan öz üzərinə götürüb. O cümlədən, böyük ehtimalla tranzitlə Tiflisdən gələcək erməni nümayəndə heyətinin xərclərini də”, – deyə Ç.Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
MOK vitse-prezidenti bu açıqlamanı əcnəbi idmançıların Avropa Olimpiya Oyunlarında iştirak xərcini Azərbaycanın öz üzərinə götürdüyünü “The Guardian” işıqlandırandan sonra verib. “The Guardian” isə bunu Britaniya Olimpiya Assosiasiyasından (BOA) öyrənib. BOA etiraf edib ki, Bakıda keçiriləcək Avropa Oyunlarının təşkilatçıları atletlər komandasının iştirakı üçün pul ödəyib.
BOA iyunda Azərbaycana 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar çəkir.
Birinci Avropa Oyunlarında ümumilikdə 5 min atlet 18 idman növündə yarışacaq.
Xatırladaq ki, hələ ötən ilin yayında Almaniya mətbuatı Birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın bütün xərcləri öz üzərinə götürdüyünü yazmışdı. “Avropa Yay Olimpiya Oyunlarının təşkilatçıları heç gizlətmirlər ki, Azərbaycanın ev sahibliyi təklifi olmasaydı, bu turnir baş tutmayacaqdı. Avropa ölkələrinin olimpiya komitələri əvvəlcə Avropa Yay Olimpiya Oyunları keçirilməsi ideyasının əleyhinə çıxıblar. Hətta Almaniya da tədbirin bahalı olmasını əsas gətirərək, etiraz edənlərə qoşulub. Lakin sonra onlar eşitdilər ki, Azərbaycan Olimpiya Oyunlarının təşkililə bağlı bütün xərcləri, o cümlədən idmançıların səfər və geyim xərclərini də öz üzərinə götürür. Bundan sonra onlar fikirlərini dəyişdilər”, – deyə o vaxt “Der Tagesspiegel” qəzeti yazmışdı.
İndi isə “The Guardian” məsələnin bu tərəfini yenidən işıqlandırmaqla yanaşı, Azərbaycanda insan haqları sahəsində acınacaqlı vəziyyətə və beynəlxalq təşkilatların bununla bağlı çağırışlarına da diqqət yönəldir.
Qəzet yazır ki, təşkilatçılar Azərbaycanda söz azadlığına hücumlara görə insan haqları qruplarının təzyiqləri altındadır. Bu yarışmaya hazırlıqlar ölkədə tənqidi səslərin susdurulmasına görə beynəlxalq təpkinin kölgəsində qalıb. Ötən həftə «Amnesty International» və «Human Rights Watch» prezident İlham Əliyev rejimini bir daha tənqid ediblər.
Çərşənbə günü insan haqları təşkilatlarının alyansı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baça məktub yazıb. Alyans Baçı çağırıb ki, bu həftə Rio-de-Janeyroda BOK idarə heyətinin iclasında oyunlara ev sahibliyi edən ölkələrdə insan haqlarının durumu da müzakirə olunsun: «Pekin və Soçi olimpiadalarında miqrant fəhlələrin istismarı, tənqidçilərə qarşı repressiya və korrupsiya yarışmaya kölgə saldı. BOK gələcək ev sahiblərinə siqnal göndərməlidir ki, insan haqları pozuntuları, korrupsiya və repressiyaya Olimpiya hərəkatında yer yoxdur».
«The Guardian» yazır ki, Azərbaycanda 100-dək siyasi məhbus var. Onlarla jurnalist və demokratiya fəalı qondarma ittihamlarla saxlanıb.
Britaniya komandasının rəhbəri Mark Enqland isə qəzetə deyib ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair tənqidlərdən xəbəri var. Ancaq o, Azərbaycanın imicinin yaxşılaşması üçün atletlərdən istifadəni təkzib edib. «Milli Olimpiya Komitəsi olaraq bunlardan xəbərdarıq. Köşələrinizi oxuyuruq. Bu, bir idman tədbiridir və missiya rəhbəri olaraq şərh vermək məsuliyyətim yoxdur. Biz insan haqları və siyasi məsələlərə görə məsuliyyət daşımırıq. Azərbaycan və Bakı Avropa Oyunları vasitəsilə bunları ört-basdır etmək istəyirmi – bu mərhələdə bunu anlamaq və ya şərh vermək mənlik deyil», – deyə o, söyləyib.
***
Məsələyə Azərbaycan müxalifətindən reaksiya da bildirilib. AXCP sədri Əli Kərimli facebook səhifəsində bu barədə yazıb:
“Analoqsuz inkişaf belə olurmuş. Rəsmən etiraf etdilər ki, Avropa Olimpiadası üçün 50 ölkədən Bakıya gələcək 5 min nəfərdən artıq idmançının bütün xərclərini Azərbaycan tərəfi çəkəcək. Hər bir idmançının xərci isə 39 min manat, idman federasiyalarının nümayəndə heyətlərinin digər üzvlərinin adambaşı xərci isə 16 min manat hesablanır.
Əlbəttə, imkanları olsaydı, bu məlumatı axıra qədər xalqdan gizlədərdilər. Amma yenə də rejimin ifşası dünya mətbuatından gəldi. Böyük Britaniyanın "The Guardian" qəzeti yazır ki, (http://www.bbc.co.uk/azeri/international/2015/02/150224_guardian) bu ölkədən Avropa Oyunları üçün Bakıya gedəcək bütün idmançıların xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Elə bilirsiniz ki, məsələ AzTV-nin dediyi söhbətdir? Avropa acından ölür və Azərbaycan tərəfi humanizm nümayiş etdirib, onlara əl tutur? Təbii ki, yox.
Olimpiadada iştirak edən 50 ölkənin 28-i Avropa Birliyi ölkələridir. Təkcə bu AB ölklərinin Ümumi Daxili Məhsulu Azərbaycanın Ümumi Daxili Məhsulundan 238 dəfə çoxdur (hələ digər 22 ölkənin ÜDM-ni hesablamıram). Xərclərin çoxluğuna görə Avropa oyunlarına ev sahibliyi etməkdən imtina etmiş təkcə Almaniyanın ÜDM-i Azərbaycanınkından 50 dəfə böyükdür. Fərq ondadır ki, həmin varlı ölkələrdə hökumətlər xalq qarşısında məsuliyyət daşıyır, xalqın hər qəpiyinin də üstündə əsir. Amma bu kasıb ölkənin xalqla hesablaşmayan, xalqı özünə borclu bilən hökuməti həmin varlı ölkələrin idmançılarının xərcini öz üzərinə götürür. Səbəbini də "The Guardian" yazır. Məlum olur ki, insan haqları və söz azadlığını məhdudlaşdırdığına görə daimi tənqid olunan rəsmi Bakı Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etmək naminə bu qədər əlavə pul xərcləməyi üzərinə götürüb.
Hər gün bir az da “ölən” manatın dərdini çəkməyin, bir gecədə 33 faiz kasıblamağınıza görə fikir etməyin. Biz dözümlü xalqıq axı. Hamısına dözərik. Əsas odur ki, Azərbaycan daha bir ilkə imza atdı. İndiyə qədər Olimpiada, dünya çempionatları və digər mötəbər yarışlarda belə şey olmayıb. Yarışa qatılan ölkələr öz xərclərini özləri çəkiblər. Biz isə boğazımızdan kəsib, pula pul deməyən avropalıların bütün xərclərini çəkəcəyik.
Bunun adı nədir? Görməmişlikmi, şöhrətpərəstlikmi, yoxsa xalqı ac saxlayıb, onun sərvətini küləyə sovurmaqmı? Bəlkə hamısı bir yerdə?”.