Mərkəzi Bankdan şok qərar; Avro da kəskin bahalaşdı; Müxalifət lideri qiymət verdi: "Dövlət səviyyəsində qarət"
Mərkəzi Bankın İdarə Heyəti manatın məzənnəsi ilə bağlı əhalini şoka salan qərar verib. Fevralın 21-də verilən qərarla manat ABŞ dolları və avroya nisbətdə ciddi şəkildə ucuzlaşdırılıb.
Belə ki, Mərkəzi Bankı 1 dolların məzənnəsini 1 manat 5 qəpik, 1 avronun məzənnəsini isə 1 manat 19 qəpik həddində müəyyən edib.
Mərkəzi Bank öz qərarını "milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək" məqsədi ilə əsaslandırıb.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev təxminən 1 ay əvvəl keçirdiyi müşaviərədə manatın güclü valyuta olduğunu və ucuzlaşmayacağını bəyan etmişdi. "Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcək", – deyə o bildirmişdi.
Lakin bundan bir qədər sonra ölkə başçısı manatla bağlı başqa bir bəyanat verərək, onun ucuzlaşdırılmasına ehtiyac olduğunu işarə etdi. Və hökumət bir neçə gün qabaq manatın ucuzlaşmasına rəsmən qərar verdi. Bu da müəyyən psixoloji ajiotaj yaratdı. Valyuta bazarında ölkə başçısının ikinci bəyanatından dərhal sonra yaranan dollar qıtlığı daha da kəskinləşməyə başladı.
Dövlət rəsmiləri isə əhalini sakitləşdirməyə, manatın kəskin ucuzlaşmayacağı haqda nikbin bəyanatlar verməyə başladılar. Məsələn, deputat Vahid Əhmədov elə bugünlərdə Mərkəzi bankın sədr müavininə istinadla bəyan etdi ki, 1 dollar ilin sonuna qədər maksimum 80 qəpiyə qədər bahalaşacaq.
İqtisadçılar hesab edir ki, Mərkəzi Bankın gecəylə manatı bu qədər ucuzlaşdırması valyuta ehtiyatlarımızla bağlı ciddi şübhələrə əsas verir.
"Bu, artıq biabırçılıqdır. 2-3 gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir, bu gün isə belə bir qərar verilir. Bu addım azca da olsa əhalidə qalan inam və etibara son zərbəni vurdu", – deyə iqtisadçı Azər Mehtiyev facebook səhifəsində yazır. Onun fikrincə, ölkədə iqtisadi proseslər artıq tamamilə yeni bir mərhələyə qədəm qoyub.
***
AXCP sədri Әli Kərimli Mərkəzi Bankın qərarına özünün facebook səhifəsində münasibət bildirib. O, verilən qərarı xalqın dövlət səviyyəsində aldadılaraq, soyulması adlandırıb:
"Bu gecə milyonlarla azərbaycanlı dövlət səviyyəsində qarət olunub. Sanki gecə hamı yatarkən oğrular yatmayıblar, insanların cibində, evində, banklarda manatla saxladıqları əmanətlərə əl qoyublar. Mərkəzi Bankın gecəykən, inzibati qaydada manatı birdən-birə 30 faizdən artıq ucuzlaşdıraraq, 1 manatı 1 dollardan da ucuz etməsi məhz bu deməkdir.
Bu qərar o deməkdir ki, təkcə banklarda əmanətini manatla saxlayan əmanətçilər bu gecə 1 milyard dollardan artıq ziyana düşdülər. Əgər dünənə qədər vətəndaşlarımızın banklarda saxladığı 4 milyard manatdan artıq vəsait dollarla ifadədə 5 milyard dollardan da artıq idisə, bu gün həmin vəsaitlər 1 milyard azalaraq, 4 milyard dollara düşdü.
“Mənə nə, mənim pulum yoxdur, pulu olanlar narahat olsun” deməyə tələsməyin. Dövlət səviyyəsində həyata keçirilən bu talançılıqdan hamı itirəcək. Məsələn, ölkə üzrə orta aylıq əməkhaqqı 442 manat elan olunmuşdu. Bu rəqəm dollarla ifadədə 560 dollardan da artıq idi. Amma bu gün artıq orta aylıq əməkhaqqımız 560 yox, 420 dollar oldu. Eləcə də maaşlar, pensiyalar, təqaüdlər, müavinatlar və digər manatla əldə edilən qazanclar bir gecədə dollarla ifadədə 30 faizdən artıq azaldı.
İndi ölkədə sürətlə bahalaşma başlayacaq, o zaman bu gecə atılmış anti-xalq addımının acısını hamı hiss edəcək.
Heç bir normal ölkədə belə hadisə baş vermir. Hətta milli valyuta ucuzlaşırsa da, bu, tədricən, həm də birjalarda, valyutadəyişmə məntəqərində baş verir. İnsanların imkanı olur ki, əllərində, hesablarında olan milli valyutanı dəyişə bilsinlər. Bizdə bu qərar məhz ona görə belə xəlvətcə verildi ki, insanlar pullarını dəyişə bilməsinlər.
Heç bir ölkədə xalq dövlət, hökumət başçısı səviyyəsində rəsmən aldadılmır. Cəmi bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev deməmişdi ki, manat avro ilə bərabərləşdiriləcək? Bu gün 1 manat = 1.19 avrodur. İndi manat nəinki avrodan, dollardan da ucuzdur. Hələ mən onu demirəm ki, cəmi 1 ay qabaq İlham Əliyev manatın sabit qalacağını vəd edirdi. Dövlət hakimiyyətinə inamı bu qədər sarsıtmaq olarmı?
Nəhayət. Neçə müddətdir deyirik ki, ölkədə mətbuatın, azad fikrin, müxalifətçiliyin zorla zəiflədilməsi təkcə demokratiya uğrunda mübarizə aparan azadlıq mübarizlərinə ziyan vurmur. Xalqın əli-qolu, dili-ağzı bağlanırsa, bunun ziyanını hamı çəkəcək. Çünki xalqla hesablaşmaq məcburiyyəti hiss etməyən avtoritar hakimiyyətlər hər cür pisliklərə qadirdilər.
Özünüzə sual verin, əgər bu ölkədə normal parlament olsaydı, seçkilər azad keçirilsəydi, mətbuat, o cümlədən televiziyalar sərbəst olsaydı, müxalifət sizlərin dəstəyilə güclü olsaydı hakimiyyət belə bir anti-xalq qərarı verməyə cürət edə bilərdimi?".