"Aslan Aslanovu Allaha tapşırmışam…; Səhərə qədər cəza kamerasında ulayırdım…"
Xeyli vaxtdır ki, mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyeva azadlığa çıxdı. Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyilə bu barədə qərar verilib. Ötən məhkəmə iclasında olduğu kimi, bu prosesə də dörd aylıq oğlu ilə birlikdə gələn Lamiyə Quliyeva elə məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə iclasında qərar elan olunmamışdan əvvəl dövlət ittihamçısı, Lamiyə Quliyeva, eləcə də onun xəsarət yetirdiyi iddia olunan keçmiş həbsxana nəzarətçisi Aysel Ağayeva ifadə verib.
Dövlət ittihamçısı Abbas Abbasov Lamiyə Quliyeva barəsində CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşının icitmai vəzifəsini yerinə yetirməsinə mane olma, hədələmə) maddəsilə çıxarılmış hökm dəyişdirilməlidir.
İş üzrə zərərçəkmiş qismində tanınan Aysel Ağayeva qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş nəzarətçisidir. O bildirib ki, Lamiyə Quliyeva baş verən hadisədən sonra ondan bir dəfə də olsun, üzr istəməyib: "Sən bilirsən ki, mənim bacım ölüb, uşağını mənə veriblər. Sən bu hadisəni törədəndə mənim də balam var idi. Sənə qarşı heç bir şəxsi-qərəzim olmayıb. Sən mənə ayaqqabı atdın, bağışladım, nalayiq sözlərlə təhqir etdin bağışladım. Əgər həmin vaxt əynimdə hərbi geyim olmasaydı, yanmışdım. Allah məni balalarıma bağışladı. Səni də ana olduğun üçün bağışlayıram".
Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev də hökmün dəyişdirilməsinin vacibliyini vurğulayıb. Vəkil bildirib ki, prokurorluğun bir neçə ildən sonra gecikmiş də olsa, cəzanın ağırlığına etiraz edib, hökmdən protest verməsi unikal hadisədir: "Həmin hökm qəbul edildiyi andan qanunsuz olub. Lamiyə Quliyeva baş verməyən bir cinayətə görə cəzalandırılıb. Həmin vaxt atılan çaynik Aysel Ağayevaya dəyməyib, ona hər hansı xəsarət yetirilməyib. Bu bir xəta olub. Hər cinayət həm də bir xətadır. Amma hər xəta cinayət deyil. Cəzaların İcrası Məcəlləsində göstərilir ki, həbs yerlərində qayda pozulursa, bunun üçün cəza kameraları var. Qadınlar 10 gün, kişilər isə 15 gün müddətinə həmin kameralara salına bilər. 2010-cu il aprelin 27-də bu hadisə baş verəndən sonra Lamiyə Quliyeva 10 sutka həmin cəza kamerasına salınıb. Bu müddətdə istintaq tərəddüd edib, mayın 13-də onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlayıblar. İş materiallarında istintaqın tərəddüdü açıq-aşkar görünür. İyunun 26-da isə 317-ci maddəyə keçiblər və nəticədə belə bir qanunsuz, əsassız hökm çıxıb. Həmin hökm Konstitusiyaya, qanunlara ziddir. Həmin işə xitam verilməli idi. Amma cinayət hadisəsi olmadığı halda, bəraət hökmü əvəzinə ittiham hökmü çıxarıldı. Lamiyənin uşağı ağlayır deyə, mən qısa danışıram. O uşaq dünyaya məhbəsdən deyil, azadlıqdan baxmalıdır. Lamiyə Quliyeva anadır. O, uzun illər əzab içində yaşayıb. Onun anası bu illər ərzində çox əziyyətlər çəkib. O da bütün ictimaiyyət kimi, Lamiyənin azad edilməsini gözləyir".
Vəkil həmçinin Lamiyə Quliyevanın başına gətirilənləri diqqətdə saxlayan media nümayəndələrinə, ona ötən il Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə verilmiş ittiham üzrə bəraət hökmü çıxaran Xətai Rayon Məhkəməsi və Ali Məhkəmənin hakimlərinə minnətdarlığını bildirdi.
"Kömək istədiyim adamlar üzümə dayandı"
Vəkilin çıxışı zamanı Lamiyə Quliyeva hönkürərək ağladı. Elə ağlaya-ağlaya da çıxışına başladı və baş prokuror Zakir Qaralova, onun müavini, bu iş üzrə hökmdən protest vermiş Hamiq Əsgərova minnətdarlıq etdi: "Azadlıqdan məhrum ediləndə 15 yaşım vardı. O yaşda uşaqlar bir mübahisə olanda adətən ana-atalarına güvənir, onları qabağa verirlər. Mən isə elə bir mühitdə böyüdüm ki, hər zaman özümə güvəndim, heç kimi böyüklərimlə qorxuda bilmədim. 400-500 məhkumla bir yerdə yaşadım. Bir az əsəbi, çılğın olmuşam. Amma mənə çox haqsızlıq olub. İctimaiyyətdən xahiş edirəm, mənim hərəkətimi normal qəbul etsinlər. Mən əxlaqsız qadın deyiləm. Bəli, həbsxanada ana oldum. Amma məni olanlara həyat, insanlar məcbur elədi. Buna görə insanlar günahkardır. Mən də azadlıqda ana olmağı istəyirdim. Mən 12 il hər gün, hər ay, hər il insanlarla dil tapmağa çalışmışam. 400-500 məhkuma bağışlanan, icazə verilənlər mənə münasibətdə belə olmayıb. Hər bir xırda səhvimə görə cəzalandırılmışam. Mənim cəzam 17 ilə çatdırıldı. On ay yatandan sonra yenidən mənə qarşı işlər qurulmağa başladı. Məni yenidən ittiham edib cəzamı 19 il 6 aya çatdırdılar. Həmin vaxt mən bir həftə həmin hökm altında qaldım. Hər gün düşünürdüm ki, mən niyə yaşayıram? Bu illər ərzində məni atmayan təkcə anam oldu. Mənim yanıma gələn qohumlarımı övladlarını öldürtdürəcəyilə hədələyirdi. Mən güclü insanam.
Mənə növbəti dəfə cəza verəndə müstəntiq dedi ki, "sənə cinayət işi başlamışıq, üzünə duranlar var". Mən müstəntiqin yanından cəzaçəkmə müəssisəsinin həyətinə qaçdım. Orada hovuzun yanında müəssisə rəhbərliyi dayanmışdı. Onlara yalvarım, əllərindən tutub kömək istəyirdim. Məni tutub yenidən müstəntiqin yanına apardılar, üzümə də elə kömək istədiyim adamlar dayandı. İttiham elan edib, əllərimdən tutub sürüyə-sürüyə cəza kamerasına apardılar. Səhərə qədər orada ulayırdım…"
Bu yerdə Lamiyə Quliyeva yenidən hönkürərək ağlayır, hakimdən xahiş edir ki, gəncliyi, ana olması, öz anasının çəkdiyi əziyyətlər nəzərə alınsın: "Hə olar, məni buraxın, çıxım gedim…"
Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti qısa müşavirədən sonra hökmün dəyişdirildiyini elan edib. Qərara
əsasən, CM-nin 317-ci maddə ilə Lamiyə Quliyevaya verilən cəzanin müddəti 4 il 6 aya endirilib. Bu müddət də başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.
***
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva Şəmkirin keçmiş icra başçısı, eləcə də kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirdiyinə görə 2003-cü ildə on il azadlıqdan məhrum edilib. 2010-cu ildə ona qarşı CM-nin 317-ci maddəsilə ittiham irəli sürülərək, cəza müddəti daha 5 il 6 həbs uzadılıb. Ötən il isə ona CM-nin 182-ci maddəsilə yeni ittiham elan olunub. Xətai Rayon Məhkəməsi bu ittiham üzrə baraət hökmü çıxarsa da, prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi onu ləğv edib və Quliyevaya daha 6 il 6 ay həbs cəzası verilib. Lakin Ali Məhkəmə bunu ləğv edərək, bəraət hökmünü qüvvədə saxlayıb.
2003-cü ildən həbsdə olan Lamiyə Quliyevanın ötən ilin oktyabrında həbsxanada uşaq dünyaya gətirməsi xəbəri təxminən iki ay əvvəldən başlayaraq mətbuatın müzakirə mövzusuna çevriləndən sonra Baş Prokurorun müavini Hamiq Əsgərov 317-ci maddə üzrə 2010-cu ildə çıxarılmış hökmdən apellyasiya protesti verdi. Baş prokurorun müavini apellyasiya protestində cəzanın ağırlığını vurğulayaraq, hökmün dəyişdirilməsini istəmişdi.
Lamiyə Quliyeva ilə birlikdə qətli törətməkdə təqsirləndirilən keçmiş nişanlısı Vüqar Əliyev isə ömürlük azadlıqdan məhrum edilib və hazırda Qobustandakı qapalı həbsxanada saxlanılır. Qətl hadisəsi baş verərkən Lamiyə Quliyevanın cəmi 15 yaşı olduğundan ona isə 10 il həbs cəzası verilmişdi. Çünki Azərbaycan qanunvericiliyinə görə, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz.
"Vüqara azadlıq arzulayıram…"
Lamiyə Quliyeva azadlığa buraxılandan sonra elə məhkəmə binasında jurnalistlərə müsahibə verib:
– 2003-cü ildən mənimlə birlikdə həbsdə olan keçmiş nişanlım Vüqar Əliyevə də azadlıq arzulayıram. Allah onun da köməyi olsun. Bütün dustaqlara azadlıq arzulayıram. Azad gəzmək, azad nəfəs almaq, övladını azadlıqda böyütmək çox gözəl hissdir. İnsanlar çalışıb azadlıqlarının qədrini bilsinlər. Mən hər kəsə, xüsusən də bu çətinliklərdə bir böyük kimi əlimdən tutub, kömək edən vəkilim Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Çox sağ olsun. Təkcə bir vəkil yox, mənə ata qayğısı göstərib. Eyni zamanda, Xətai Rayon Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, bu gün mənim azadlığa buraxılmağım barədə qərar verən hakim Qədim Babayevə minnətdarlığımı bildirirəm. 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşdim, başıma bir çox oyunlar gəldi, cəza üstünə cəzalar aldım. Şükür ki, bu gün dövlətin, ədalətli insanların sayəsində haqq gec də olsa, öz yerini tapdı. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Həyatda özüm o qədər zərbələr almışam ki, çalışacam övladımı bu cür zərbələrdən uzaq tutum.
Doğrudur, günahı olsa da, bir insan qətlə yetirilib. Amma ona görə bir insana ömürlük həbs cəzası vermək çox ağırdır. Adətən iki və daha artıq adam öldürən şəxslərə ömürlük həbs cəzası verilir. Mən Vüqara da azadlıq arzulayıram.
"O həddə çatdırıldı ki, həmin cinayəti törətmək məcburiyyətində qaldım"
– Yeri gəlmişkən, həmin qətl üzrə hökmdə bu cinayətin səbəbi kimi torpaq üstündə baş vermiş qisasçılıq göstərilib. Bəs gerçək səbəb nə olub?
– O vaxt Aslan müəllim icra başçısı idi. Hüfuzlu bir insan idi rayonda. Ona görə də işi belə apardılar ki, guya, düşmənçilik zəminində baş verib. Bizim onunla nə düşmənçiliyimiz ola bilərdi ki? Mən sadə bir ailənin qızı olsmuşam. Bu işə görə mənimlə birlikdə cəza çəkən, keçmiş nişanlım Vüqar Əliyev də sadə bir ailənin oğlu olub. Mən də. Bizim bu insanlarla nə düşmənçiliyimiz ola bilərdi ki? Sadəcə, o vaxt azyaşlı idim, mənim başıma faciə gəldi, o həddə çatdırıldı ki, o cinayəti törətmək məcburiyyətində qaldım. Bizim işimiz namus söhbəti olub. Bu gün mənim həbsxanada ana olmağım insanlarda başqa fikir yaratmasın. Mən namussuz, əxlaqsız qadın deyiləm. Bu uşağı da ona görə dünyaya gətirdim ki, məni həyatda tutacaq, yaşamağa stimul verəcək bir şey olsun. İnsan on yeddi il cəza alanda bəlkə də özünü öldürüb canını qurtarardı. Amma mən yenə yaşamaq üçün mübarizə apardım.
"Uşaqla bağlı qarşı tərəfin dedikləri cəfəng söhbətlərdir"
– Övladınızın atası ilə bağlı müxtəlif söz-söhbətlər var. Siz bu haqda nə deyə bilərsiz?
– Mən onunla bağlı istintaqa məlumat vermişəm. İnanıram ki, istintaq obyektiv şəkildə gedəcək. Düzdür, bəzi iyrənc söz-söhbətlər gəzir, şayiələr yayılır. Amma mən inanıram ki, istintaqa verdiyim ifadə təsdiqlənəcək. Bu barədə artıq danışmaq istəmirəm. Çünki dediyim kimi, ifadəmi vermişəm və düzgün bir qərar gözləyirəm.
– Uşağınızın atası olduğunu iddia etdiyiniz şəxs də bildirir ki, sizinlə heç vaxt canlı ünsiyyətdə olmayıb, sadəcə sizə nə isə göndərib…
– Bu haqda deyilənlər cəfəngiyyatdır. Əgər elə bir hal mümkün olsaydı, hamı heç ailə qurmadan ana olardı.
Bu arada, ədalətli yazan, ədalətin bərpasına çalışan, məlumatı cəmiyyətə ədalətli şəkildə çatdıran insanların hər birinə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, çətin, darda olduğum vəziyyətdə mənə dayaq oldunuz, mənim sözümü dediniz. İctimaiyyətə çatdırdınız ki, illər uzunu özünə, ailəsinə qarşı zorakılıq olan bir insan var, başına oyunlar açılan bir Azərbaycan qadını var. Jurnalistlərin sayəsində insanların baş verənlərdən az da olsa, məlumatı oldu. Hər birinizə təşəkkürümü bildirirəm, çox sağ olun.
– Övladınızın atası ilə bağlı həm mətbuata açıqlama vermisiniz, həm də istintaqa ifadə. Hansı doğrudur?
– İstintaqa dediyimi mətbuata da açıqlamışam. Mən düzgün ifadə vermişəm. Oğlanın dedikləri cəfəng söhbətlərdir. Dediyim kimi, ona qalsa, elə hamı ana olardı.
"Məni atamın keçmişilə vurmağa çalışmasınlar…"
– Bundan sonra harada yaşayacaqsınız?
– Şəmkirdə yaşayacam. Qurban kəsməlidilər. Uzun illərdir görmədiyim insanlar var, onları görməyə gedəcəm. Atamın məzarını ziyarət edəcəm. Yeri gəlmişkən, atam haqqında bəzi söz-söhbətlər yayılıb. Eynulla Fətullayev atam haqqında bəzi söhbətlər yayıb. Atamın keçmişinin məni indiki durumuma heç bir aidiyyəti yoxdur. Atamın da həyatı keşməkeşli olub, gənc olub, ətrafında, çevrəsində normal insanlar olmadığına görə taleyi belə olub. Mənim kişidən də qeyrətli, namuslu anamı işıqlandırsınlar. Bacımın gözəl ailəsini işıqlandırsınlar. Mənim gözəl ailəm olub. Cəmi on beş il azadlıqda olsam da, normal tərbiyə ilə böyümüşəm, sayılıb-seçilən bir ailənin uşağı olmuşam. Bu gün məni atamla vurmağa çalışan insanlar belə bir işə əl atmasınlar. Gec-tez haqq-ədalət öz yerini tapır, qurban olum Allaha. 2003-cü ildən məni ailəm Aslan Aslanovun sayəsində zorakılığa məruz qalıb, ondan yazsınlar. Məhbəsdə mənim başıma gələnlərdən yazsınlar.
– Buna görə Aslan Aslanov barəsində müvafiq orqanlara müraciət edəcəksiniz?
– Müraciət eləməyəcəm. Mən onu Allaha tapşırmışam. Allah onun cəzasını verəcək.
Aytən Məmmədova