Avtoritar sistemlərin “atası” belə, demokratik dünya qarşısında güzsüzdür, acizdir. Rusiyaya qarşı sanksiyalar, paralel də neftin qiymətinin düşməsi öz işini gördü. Bu gün imzalanmış sənədlər Ukraynanın maraqlarına uyğundur və əminəm ki, imkanı olsaydı, Rusiya prezidenti Vladimir Putin belə razılaşmaya getməzdi.
Beləliklə, Almaniya və Fransa liderlərinin vasitəçiliyi ilə bu gün Minskdə imzalanmış sənədlərin əsas məqamları nədən ibarətdir?
1. Ukraynanın ərazi bütövlüyü hamı, o cümlədən Putin və separatçılar tərəfindən də qəbul olunur. Ukraynanın federallaşmasından söhbət getmir, Ukrayna unitar dövlət olaraq qalır.
2. Separatçıların hazırda nəzarətində olan ərazilər də Ukrayna yurisdiksiyasına qaytarılır. Ukrayna qanunları həmin əraziyə də şamil olunacaq. Vergilərin toplanması, pensiya və müavinətlərin verilməsi, bank işinin təşkili də daxil olmaqla, sosial-iqtisadi xarakterli məsələr də Ukrayna qanunvericiliyi ilə tənzimlənəcək. Hazırda işğal olunmuş ərazilərdə yerli seçkilər də Ukraynanın qanunları ilə keçiriləcək.
3. Ukrayna Rusiya ilə sərhəddinə nəzarəti bərpa edəcək. Prosesi ATƏT monitorinq edəcək.
4. Ukrayna ərazisindən xarici qoşunlar (təbii ki, Rusiya qoşunlarından söhbət gedir) çıxarılması təmin ediləcək. Yenə də prosesə ATƏT-in nəzarət edəcəyi razılaşdırılıb.
5. Ukraynanın bütün ərazisində yerli özünüidarə orqanlarının səlahiyyəti artırılacaq.
6. Maraqlıdır ki, azı 5 min nəfərin ölümünə, bir milyon nəfərə qədər rusun Ukraynanı tərk etməsinə, münaqişə ərazisinin faktiki xarabalığa çevrilməsinə, Rusiyanın özünün 100 milyardlarla dollarlıq maddi itkilərinə və ciddi beynəlxalq təcridinə səbəb olmuş müharibədən sonra Rusiya separatçılar üçün yalnız cüzi hüquqlar əldə edə bilib. Hazırda separatçıların işğalı altında olan bölgələrin özünüidarə orqanları seçildikdən sonra onların özlərinə prokuror və hakim təyin etmək, ictimai qaydanı qorumaq üçün xalq milisi yaratmaq, istədikləri dildən istifadə etmək (əvvəlcədən de-fakto var idi) hüquqları olacaq.
7. Ən önəmlisi isə odur ki, Rusiya istədiyi kimi, münaqişəni növbəti dondurulmuş münaqişəyə çevirə bilmədi. Nəzərdə tutulub ki, münaqişənin nizamasalınması bu il ərzində başa çatsın.
Əlbəttə, heç bir təminat yoxdur ki, Rusiya separatçıların əli ilə bu razılaşmanı da pozmayacaq. Amma o halda da Rusiyanı daha pis perspektivlər gözləyəcək. Bu razılaşma da pozulsa, Qərbdə Rusiyanı daha da bərk sıxmağın əleyhinə olanların arqumenti qalmayacaq. Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək. ABŞ Ukraynanın silahlandırılmasına başlayacaq.
Elə bu gün Beynəlxalq Valyuta Fondu iqtisadiyyatını dəstəkləmək üçün Ukraynaya 40 milyard kredit ayıracağını elan etdi.
Nəticə: ABŞ və Avropa Birliyi qərara gəliblər ki, birlikdə Ukraynaya arxa dursunlar, onu Rusiyaya yedirtməsinlər. Ölkənin həm ərazi bütövlüyünün təmin olunmasına, həm sosial-iqtisadi problemlərinin həllinə, həm də siyasi islahatların davamına real dəstək versinlər.
İlham Əliyev isə hələ də nəinki Rusiyanı, hətta bu ölkənin Jirinovski familyalı təlxəyini, Züqanov familiyalı arxaik kommunistini də fövqəlgüc kimi görür. Qərbdən onlara şikayət edir. Onlara söykənib, dünya ilə qarşıdurmaya gedir.