Azərbaycan hökumətinin böhran qorxusu ötən ildən başlayıb
Nemət Əliyev: «Daha çox yardıma ehtiyac olunan sahələrdə ixtisar həyata keçirilib»
Azərbaycan hakimiyyəti böhranın ölkəmizə təsir etməyəcəyini bəyan etsə də atdığı addımlar bunun tam əksini sübut edir. Elə keçən ilin büdcəsi ilə bağlı verilən qərarlar bunu deməyə əsas verir. Belə ki, hökumət 2014-cü ilin büdcəsində bir sıra ixtisarlar etməyə məcbur olub. Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ilin dövlət büdcəsinin icrasına dair məlumatı bu baxımdan maraq doğurur. Məlumata əsasən, ötən il büdcə gəlirləri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Qanununda nəzərdə tutulan məbləğdən çox olsa da, xərclər xeyli az icra edilib.
2014-cü ildə büdcə gəlirləri 18,384 milyard manat, xərclər 20,063 milyard nəzərdə tutulmuşdu. Icraya dair məlumatda bildirilir ki, büdcə gəlirləri 18,4 milyard manat və ya nəzərdə tutulandan 16 milyon manat çox icra edilib. Xərclər isə 6,8 faiz azaldılaraq 18,699 milyard manata salınıb. 2014-cü ildə xərclərdə 1,364 milyard manata qənaət olunub.ÿ
“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Qanunda nəzərdə tutulan xərclərlə icra edilən xərclərin müqayisəsi göstərir ki, ümumi dövlət xidməti xərcləri daha çox azaldılıb. Ümumi dövlət xidməti xərcləri 573,4 milyon manat və ya nəzərdə tutulandan 29 faiz az icra edilib. Bu növ xərclərdə azalma ümumi azalmanın 42 faizini təşkil edib.ÿ
Xərclərdə ikinci ən böyük azalma hüquq-mühafizə xərclərində qeydə alınıb. Bu xərc maddəsi üzrə azalma 136,7 milyon manat olub. Hüquq-mühafizə xərcləri nəzərdə tutulandan 11 faiz az icra edilib.ÿ
Müdafiə xərcləri 121,3 milyon manat və ya 7,5 faiz azaldılıb.ÿ
Adıçəkilən sahələrdən başqa sosial müdafiə xərcləri 101 milyon manat (nəzərdə tutulandan 5 faiz az), təhsil xərcləri 98,1 milyon manat (6 faiz az), səhiyyə xərcləri 60,3 milyon manat (8,3 faiz az), kənd təsərrüfatı xərcləri 58,1 milyon manat (11 faiz az) icra edilib.ÿ
Adıçəkilən xərc maddələri üzrə nəzərdə tutulandan az icra həyata keçirilsə də 2013-cü illə müqayisədə həmin sahələrə ayrılan vəsaitdə artım var. 2014-cü ildə 2013-cü illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz (220,8 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9 faiz (30,1 milyon manat), təhsil xərclərinə 8,2 faiz (117,6 milyon manat), səhiyyə xərclərinə 7,5 faiz (46,4 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6,9 faiz (19,1 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 5,2 faiz (54,3 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz (18,8 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17 milyon manat), müdafiə xərclərinə 2,1 faiz (31,1 milyon manat) çox vəsait yönəldilib.ÿ
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hakimiyyətin bütün cəhdlərinə rəğmən onların verdikləri bütün proqnozlar alt-üst olub. Əgər neftin bazar qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təsir etməyəcəyi düşünülürdüsə, rəqəmlər bunun tam əksini ortaya qoydu: “Neftin qiymətinin düşməsinin ölkənin qeyri-neft sektoruna təsir etməyəcəyi ilə bağlı deyilənlər də özünü doğrultmadı. Investisiya layihələrinin ixtisara salınmayacağı ilə bağlı deyilənlər də həyata keçmədi. Xarici ticarət dövriyyəsində ötən müddət ərzində üç milyard azalma qeydə alınıb. Bu hələ on bir aylıq göstəricidir. Sonuncu dekabr ayı bura daxil edilməyib. Dövlət büdcə xərclərinin də yerinə yetirilməsində 1.3 milyardlıq ixtisar həyata keçirilib. Bundan başqa ölkənin sosial təminat, daha çox yardıma ehtiyac olunan sahələrində ixtisar həyata keçirilib”.
Ölkə iqtisadiyyatının bu vəziyyətə düşməsinin səbəbinin ölkənin yürütdüyü yanlış siyasət olduğunu deyən N.Əliyev vurğuladı ki, əgər düzgün iqtisadi kurs yürüdülsəydi, durum fərqli olardı. Aqrar sektora qoyulan investisiyaların bu il 300 milyon azaldığını diqqətə çatdıran N.Əliyev bildirdi ki, nəqliyyat sektoruna yatırılan pullardakı azalmalar isə 3 milyarda yaxındır.
Xəyal