«Mərkəzi Bankın valyuta ehtiyatı bu cür təzyiqə çox davam gətirə bilməyəcək»
Keçən ilin dekabrın sonuna olan məlumata görə, Mərkəzi Bankın strateji valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min manat olub. Mərkəzi Bank milli valyutanın qorunması üçün 2014-cü ilin 11 ayı ərzində 1 milyard 270 milyon dollar xərcləyib.
Yanvarda bu xərclər 1,5 milyard dollara yaxınlaşıb. Bu, Milli Bankın valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur. 2014-cü ildə Milli Bankın valyuta ehtiyatları 17 milyard dollar idisə, indi 13 milyard dollardır. Ekspertlərin fikrincə, indi manatın hətta 1-2 faiz aşağı düşməsi manata inamın kəskin azalmasına səbəb ola bilər. Bu halda dollara tələbat daha da arta və qara bazar yarana bilər. Artıq bayram və istirahət günlərində valyutadəyişmə məntəqələrinin bir qismində dollar tapmaq problemdir. Belə hesab olunur ki, Milli Bankın bir neçə ay öncədən prosesi doğru qiymətləndirməməsi valyuta ehtiyatlarının ayda 1,5 milyard azalmasına səbəb olur. Bu, isə Azərbaycan üçün ciddi itki sayılır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan oliqarxlarının daxildə kredit yolu ilə dövriyyəyə buraxdığı vəsaitin həcmi on milyarddan çox dəyərləndirilir. Ona görə hökumətin qərarlarına nəzarət edən oliqarxlar dövlət vəsaitlərinin xərclənməsi hesabına olsa belə manatın kursunun aşağı düşməsinə imkan verməyəcəklər. Çünki, manatın kursunda on faiz düşüş hər on milyard manat da bir milyard itki deməkdir.
Bəs bu cür təzyiqə Mərkəzi Bank neçə müddət dözə bilər? Manatın kursunun bu səviyyədə olması gələcək aylar üçün nə vəd edir?
Iqtisadçı Samir Əliyev hesab edir ki, gözlənildiyi kimi, 2014-cü ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2,3% azalıb. S.Əliyev vurğuladı ki, MB-nin rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır azalma tendensiyası nümayiş etdirir. Iyul ayında ehtiyatın həcmi özünün ən yüksək həddində olub – 15193 milyon dollar. Sonrakı aylarda isə azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib: “Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib. MB-nin valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir. Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı. Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər. Dekabr ayı manat üçün çox gərgin keçdi. Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10%-ni itirməsi ilə nəticələndi. Proqnozlaşdırdığımız kimi 2015-ci ildə manatı sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq. Bu işə təbii ki, Neft Fondu da qoşulaşacaq. Neft Fondunun da aktivlərində azalma müşahidə ediləcək. Istənilən halda hər şey asılı olacaq dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən”.
Hazırda avronun məzənnəsində də dəyişikliyin müşahidə olunduğunu deyən S.Əliyev bildirdi ki, avronun da ucuzlaşması manata təzyiq yaradır. Çünki, pulu avroda olan insanlar valyuta dollara dəyişir ki, bu da dollara olan təlabatı artırır: “Mərkəzi Bank əvvəlki illərlə müqayisədə 2015-ci ildə dolları satışa çıxarmağa məcbur olacaq. Əgər bu təzyiq nəticəsində Mərkəzi Bank valyuta ehtiyatlarından səkkiz faiz itirirsə, bu o deməkdir ki, bu cür təzyiqin qarşısında bank çox davam gətirə bilməyəcək. Ilin ortasında da neftin qiyməti hazırkı səviyyədə qalarsa, Mərkəzi Bank ilin ortasında manatın kursuna yenidən baxa bilər. Çünki, Mərkəzi Bankın valyuta ehtiyatı bu cür təzyiqə uzun müddət tab gətirə bilməz”.
Xəyal