İqtidar bu ölkənin səfirliyinin yeni binasının tikintisi barədə müqavilədən imtina edib
Azərbaycan hökuməti Bakıda ABŞ səfirliyinin yeni binasının tikintisi barədə əvvəl imzaladığı müqavilədən imtina edib. Bu, 2013-cü il seçkilərinin nəticələrini Vaşinqtonun tənqidindən dərhal sonra baş verib. Bu barədə “Turan”a məlumatlı diplomatik mənbə bildirib.
Bundan sonra dövlət katibi Con Kerri 2014-cü ilin fevralında Ilham Əliyevə məktub göndərərək əməkdaşlığa çağırıb.
Səfirliyin yeni binasının inşasına çoxdan zərurət var. Indiki 100 illik bina lazımi tələblərə cavab vermir və çox kiçikdir.
“Hazırkı bina acınacaqlı vəziyyətdədir, baxmayaraq ki, onu normal saxlamaq üçün səylər göstərilir. Azərbaycan hökuməti dəfələrlə səfirliyin diplomatik missiya üçün yer almaq cəhdlərinə maneçilik törədib”, – Dövlət Departamentinin 2014-cü il aprel-may ayları üçün hesabatında deyilir.
Mənbə qeyd edib ki, 2013-ci il seçkilərini ABŞ-ın tənqid etməsi, eləcə də vətəndaş hüquqları sahəsində qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı okeanın o tayından olan təzyiqlər Əliyev hökumətini qıcıqlandırıb.
Eyni zamanda Dövlət Departamentinin hesabatında qeyd olunub ki, “avtoritarizm və vətəndaş cəmiyyətinin sıxışdırılması ilə bağlı həyəcanlı tendensiya”nın olmasına baxmayaraq, Azərbaycan tranzit və NATO-nun Əfqanıstandakı missiyasına dəstəyin təminatı, terrorizmə qarşı mübarizə və Iranın nüvə proqramının qarşısının alınmasında ABŞ-ın mühüm tərəfdaşı olaraq qalır.
“Azərbaycan iqtisadi islahatlar sahəsində müəyyən irəliləyiş əldə etsə də digər sahələrdə, ilk növbədə vətəndaş cəmiyyəti və insan hüquqları sahəsində ciddi problemlər qalır.
“Seçkilərdən sonra ABŞ səfirliyinin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə konstruktiv əməkdaşlıq qurmaq səyləri hətta qarşılıqlı maraq doğuran sahələrdə də çətinləşib” – sənəddə qeyd olunub.
Qeyd edək ki, 2013-cü il prezident seçkisindən sonra ABŞ-la Azərbaycan hakimiyyəti arasındakı münasibətlər gərginləşib. “Azadlıq” radiosunun Bakl ofisinin bağlanmasından sonra gərginlik daha da şiddətlənib. Artıq Vaşinqton Əliyev hakimiyyətinə qarşı sanksiyaları gündəmə gətirir.