Cəbhə xəttində atışma yenidən niyə şiddətlənib?
Vəfa Quluzadə: «Rusiya Qərbin maraqlarına zərbə endirmək barədə düşünərsə, regionumuzda müharibəni yenidən bərpa edə bilər»
Üzeyir Cəfərov: «Hadisənin baş verməsinə səbəb bəzi məsuliyyətsiz komandirlərin vəzifə borcunu lazımınca yerinə yetirməməsidir»
Cəbhə bölgəsində son günlər atəşkəs rejimi daha intensiv pozulmağa başlayıb. Bir neçə gün əvvəl Azərbaycan sərhədində gedən silahlı toqquşmalar zamanı üç hərbçimiz həlak olub, yaralananlar var. Müdafiə Nazirliyinn mətbuat xidməti məlumat yayıb ki, hərbçilər erməni təxribatının qarşısını alarkən həlak olublar.
Mənbənin məlumatına görə, bu müddətdə düşmən 17 hərbçi itirib, 20 nəfər yaralanıb.
“Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır”, – Müdafiə Nazirliyi qeyd edib. Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər.
Cəbhədəki hazırkı vəziyyət keçən ilin avqust ayında yaşanan gərginliyin başlanğıcını xatırladır. O zaman hətta cəbhə xəttinə ağır texnika da cəlb edilmişdi. Qarşılıqlı sərt bəyanatlar səslənirdi. Hazırda yaşananlar da bu baxımdan maraq doğurur.
Politoloq Vəfa Quluzadə hesab edir ki, cəbhədə baş verənlər Rusiya-ABŞ münasibətlərində artan gərginliyin təzahürü ola bilər. Ukraynadakı son qanlı toqquşmaların da Rusiyanın planı ilə həyata keçdiyini deyən V.Quluzadə vurğuladı ki, ABŞ da öz növbəsində Rusiyanı beynəlxalq bank əməliyyatları sistemindən çıxara biləcəyi ilə hədələyib: “Əgər Rusiya SWIFT-dən ayrılsa o zaman Azərbayacana böyük təhlükə var. Çünki bu zaman Rusiya ABŞ qarşıdurması qaçılmaz olacaq. Rusiya nəticədə Qərbin maraqlarına zərbə endirmək barədə düşünərsə, regionumuzda müharibəni yenidən bərpa edə bilər. Ruisya bunun üçün Azərbaycanla Ermənistan arasında müharibəni tam miqyaslı edə bilər. Müharibə bərpa olunarsa o zaman Qərbin hazırkı və gələcək enerji layihələri sual altına düşəcək. Cəbhədəki son toqquşmalar da bunun görsənişi ola bilər. Putin Qərbə bu zərbəni endirib-endirməmək barədə düşünə bilər”.
Azərbaycanla Ermənistanın cəbhə xəttinin məhz Moskvadan idarə olunduğunu düşünən V.Quluzadə bildirdi ki, Ermənistanın atəşkəsi bu cür pozmaq marağında deyil. “Bu əməliyyat Ermənistanın imkanları xaricindədir. Çünki hər belə əməliyyat sursatın işlənməsi deməkdir. Bu isə maliyyə vəsaitidir”, deyə V.Quluzadə vurğuladı.
Hərbi ekspert Üzeyir Cəfərov isə vurğuladı ki, Müdafiə Nazirliyinin yaydığı son məlumat bir qədər qeyri-dəqiqdir. Hadisənin baş verməsinə səbəbin bəzi məsuliyyətsiz komandirlərin vəzifə borcunu lazımınca yerinə yetirməməsindən irəli gəldiyini deyən Ü.Cəfərov hesab edir ki, məhz bunun nəticəsində düşmən mövqelərimizə yaxın düşə bilib: “Cəbhədə baş verən hadisə barəsində yayılan ilkin xəbərdə itki barədə məlumat verilməmişdi. Amma iki saatdan sonra məlumat verildi ki, ordumuz üç şəhid verib. Ölən hərbi quluqçuların rütbəsi açıqlanmaması məndə bu əsəbi reaksiya yaratdı. Əvvəlla bu əsgərlər öz borcunu yerinə yetirərkən həlak olub. Müdafiə Nazirliyi bu addımı ilə onlara hörmətsizlik edib”.
Cəbhədə atəşkəsin pozulmasında Rusiya izinin ola biləcəyini istisna etməyən ekspert hesab edir ki, Kreml Ermənistan daxilindəki problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün belə bir addım ata bilər: “Hazırda baş verənlərdə fərq ondan ibarətdir ki, əgər əvvə avtomat silahlardan istifadə olunurdusa, indi qumbaratanlardan istifadə olunur”.
Ü.Cəfərov onu da vurğuladı ki, cəbhə bölgəsində yerləşən rayonların icra başçıları Müdafiə Nazirliyi ilə yanaşı əhalinin təhlükəsizliyinə cavabdehdir. Amma onlar şənbə, bazar və bayram günlərində rayon ərazisini tərk edirlər ki, bu da yolverilməzdir.
Xəyal