Məlum həqiqət naməlum müraciətlə necə dəyişilir?
Azərbaycan-ABŞ münasibətləri hər gün daha da geridönməz xarakter alır. “Dalaşanda elə dalaşın ki, barışmağa yer qalsın” deyimini hökumətimiz rədd edib və iki ölkə arasındakı bütün pərdələr cırıla-cırıla gedir. Artıq vəziyyət o həddə çatıb ki, ABŞ-ı korrupsiyada, terrorizmdə, insan hüquqlarının tapdanmasında ittiham edəndən sonra, 20 Yanvar faciəsinə də “ortaq” ediblər.
Belə ki, hökumət saytları Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRI rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxarıb. Sən demə,ÿ1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü SSRI rəhbəri Mixail Qorbaçova müraciət edib və bundan sonra da məlum faciə baş verib. Saytların yazdığına görə, həmin müraciəti imzalayanlar arasında ABŞ-ın indiki dövlət katibi Con Kerri də olub.
Bizim belə bir müraciətin olduğu, Con Kerrinin bu müraciətə imza atdığı haqda məlumatımız yoxdur. Amma həmin dövrdə hansısa senatorların Qorbaçova müraciət göndərməsi, məsələlərə münasibət bildirməsi mümkün olan haldır.
Sadəcə olaraq Rusiyanın ssenarisi əsasında həyata keçirilən bu qanlı olayı da, antiABŞ kampaniyasına calaq eləmək biabırıçılıqdır. Con Kerrinin adının xüsusi qabardılması da təsadüfi deyil. Bir müddət öncə Con Kerrinin Ilham Əliyevlə telefon danışğı olmuşdu və ölkədə baş verənlərə etirazını bildirmişdi. Bundan sonra isə ABŞ-da Azərbaycanla bağlı dinləmələr oldu, “Ilham Əliyevin iki üzü” başlıqlı məqalə dərc edildi və sanksiyalar məsələsi gündəmə gəldi.
Münasibətlərin bu qədər gərginləşdiyi bir vaxtda, ABŞ-ı daha da gözdən salmaq, öz ittihamlarını arqumentləşdirmək üçün yeni “fakt”la silahlanıblar. Əslində, baş verənlər həm də əsl cinayətkarların arxa plana keçirilməsi, məlum həqiqətlərin təhrif edilməsidir. Bu yaxın tarixdir və hər kəs bilir ki, 20 Yanvar qırğını Moskvanın drijorluğu ilə baş verib.
Milli Şuranın sədri Cəmil Həsənli “Qanlı yanvar tarixi faktlarda” başlıqlı məqaləsində yazır: “Azərbaycan KP MK bürosunun üzvləri yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər təxirə salmağı xahiş etsələr də, Yazov dedi ki, ”biz sizə kifayət qədər vaxt verdik”. Respublika rəhbərliyi SSRI Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: “Sizə yalvarırıq, xahiş edirik, Yazova tədbirləri səhərə qədər dayandırmağı əmr edin. Səhər Büronu toplayıb bütün məsələləri həll edəcəyik”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki, respublikada çoxlu rus əhalisi yaşayır və “onları çətin vəziyyətə qoyursunuz. Qoşunların yeridilməsi onlara qarşı nifrət hissi oyada bilər. Bunu etmək lazım deyil. Bizə səhərə qədər bu problemi həll etmək imkanı verin”. [52]ÿLakin Moskvanı öz qərarından döndərmək mümkün olmadı. SSRI DTK-nın “Alfa” qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı”.
Bəli, bütün tarixi faktlar göstərir ki, 20 Yanvar qırğını əvvəlcədən planlaşdırılmış və bütün cəhdlərə rəğmən təxirə salınmamışdı. Heydər Əliyev hakimiyyətinin ilk günlərində isə bu məsələnin müzakirə olunması, Primakovun adının cinayətkarlar siyahısından çıxarılması ilə yadda qaldı. Hansıki, həmin proeseslərdə Primakov əsas fiqurlardan biri kimi görünür. Hökumət isə çalışır ki, baş verənləri Con Kerrinin müraciəti ilə bağlasın.
Belə çıxır ki, hansısa ABŞ rəsmisinin 1992-ci il tarixli müraciəti ortaya çıxsa, hökumətimiz Xocalı faciəsinə görə də ABŞ-ı günahlandıracaq.
Bəlkə, onlarla vətəndaşı şərləyib həbs etdirən də, ofşorlara milyardlar daşıyan da, ölkədə korrupsiyanı çiçəkləndirən də ABŞ-dır?
Dağlıq Qarabağın işğalına da, 20 Yanvar faciəsinin yaranmasına da, Xocalı soyqırımının baş verməsinə də Rusiya öncüllük edib və bunu danmaq mümkün deyil. Yəni ən böyük qəbahət Con Kerrinin Qarbaçova müraciəti yox, hakimiyyətin fəlakətlərimizə səbəb olan Rusiyanı müdafiə etməsi, Moskvaya pənah aparmasıdır. ABŞ senatorları bu müraciətlə bağlı hansısa arqumentlər gətirə bilərlər, bəs YAP hakimiyyəti “faciə mənbəyi” ilə dostluğuna necə izahat verəcək?
Görəsən, hökumətimiz bu “fakt”ları 20 ildir niyə üzə çıxarmırdı?
S.Novruz