Yaxud, gözəgörünməz «uğur» bolluğu
Ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Həmişəki kimi bu müşavirədə də ölkədəki inkişafdan söhbət açılıb və Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyi iddia edilib.
“2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Iqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir. Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir”- deyə Ilham Əliyev bildirib.
Hər dəfə prezidentin və hakimiyyət təmsilçilərinin uğurlar haqqında ağızdolusu danışmasını eşidəndə, “uğur” sözü haqqında dərindən düşünməli oluruq. Sanki, hökumətimiz bütün uğursuzluqları uğur kimi görmək öhdəliyi götürüb. Rəsmi statistika göstərir ki, ölkə əhalisinin 2.2 milyon nəfəri kredit borcu ödəyir. Eyni zamanda məlum olur ki, 2 milyondan çox vətəndaş dolanışıq üçün ölkə xaricinə köç etməli olub. Əyalətlərdə iş qabiliyəti olan adamlar ya paytaxta, ya da Rusiyaya üz tutublar. Minimum əmək haqqı yaşayış minimumunu ödəmir. Neft və qazdan başqa dünya bazarına çıxara biləcəyimiz məhsulumuz yoxdur. Statistika göstərir ki, Azərbaycanın neftsiz büdcəsi Gürcüstanın büdcəsindən azdır. Ünvanlı sosial yardım alanların sayı artır və bu da ölkədəki yoxsulluğun göstəricisidir. Iqtisadiyyatın bütün sahələri məmurların nəzarətindədir. Gömrük məntəqələri sadə vətəndaşın həyatını cəhənnəmə çevirib. Digər faktlar da sadalamaq olar. Görünür, Ilham Əliyev iqtisadi uğurlardan danışanda hakimiyyət komandasının varlanmasını nəzərdə tutur. Sadəcə olaraq təvazökarlıq edib, bütün uğurları xalqla “bölüşür”.
Daha sonra ölkə başçısı deyir: “Keçən il beynəlxalq əlaqələrimiz artmışdır. Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik”.
Yəqin ölkə başçısı beynəlxalq sahədəki uğurlardan danışarkən, AzTV-lərin daimi izləyicilərinə xitab edirmiş. Çünki, qəzet oxuyan, internetdən istifadə edən, proseslərdən az da olsa xəbər tutanlar bilir ki, 2014-cü il Azərbaycan-Qərb münasibətləri ən pis səviyyəyə enib. Ötən il Avropa Birliyində Azərbaycanla bağlı qətnamə qəbul edildi, beynəlxalq ekspertlər Azərbaycanı qeyri-demokratik ölkə kimi dəyərləndirdi, ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi və sanksiyalar məsələsi gündəmə gəldi, hər zaman hakimiyyətə loyal münasibəti ilə seçilən Avropa Şurası da hakimiyyətə qarşı ritorikanı sərtləşdirdi, nefuzlu mətbuat orqanları Azərbaycanı “Absurdistan” adlandırdı, ABŞ dövlət katibi Con Kerri ölkədəki vəziyyətdən narahatlığını ifadə etdi, siyasi məhbuslara beynəlxalq mükafatlar təqdim edildi, hətta ABŞ prezidenti Barak Obama da Azərbaycanı demokratiyaya təhdid olan ölkələr siyahısına daxil etdi. Eyni zamanda Azərbaycan hakimiyyəti fasiləsiz olaraq ABŞ və Avropa Birliyinə qarşı “qara kampaniya” apardı. Yəni Azərbaycan hakimiyyətinin apardığı siyasət, demokratik dünya ilə konfrantasiyaya səbəb oldu. Belə bir reallıqda Ilham Əliyevin xarici siyasətdəki uğurdan danışması qeyri-ciddi görünür. Az qala hər gün Azərbaycanla bağlı bəyanatlar səslənir, hakimiyyətdən insan haqlarına hörmət tələb olunur. Yəqin Ilham Əliyev beynəlxalq əlaqələrdən danışanda, Rusiya və bu tipli avtoritar ölkələri nəzərdə tutur.
Ilham Əliyev həmişəki kimi Qarabağ münaqişsinə də toxunub və ziddiyyətli fikirlər söyləyib: “O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, əfsuslar olsun ki, keçən il də bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür”.
Əvvəla, Ilham Əliyev etiraf edir ki, son 20 ildə olduğu kimi, 21-ci ildə də Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur. Yəni acından ölən, gündən-günə zəifləyən, dövlət büdcəsi bizim hərbi büdcəmizdən az olan Ermənistan, regionun lider dövlətinin 20 faiz ərazisini hələ də işğal altında saxlayır. Daha sonra etiraf olunur ki, acından ölən Ermənistan sülh istəmir. Deməli, Ermənistan müharibə istəyir, güclü ordusu olan Azərbaycan isə sülh istəyir. Çünki, “böyük qardaş” Rusiyanın himayəsinə sığınıb, Ermənistana müharibə elan etmək absurddur.
Bu fikirdəki ən böyük ziddiyyət budur ki, heç bir irəliləyişin olmaması və böyük işlərin görüldüyü bildirilir. Əgər heç bir irəliləyiş yoxdursa, münaqişənin həlli istiqamətindəki “böyük işlər” nədə ifadə olunur? Görünən odur ki, Qarabağ məsləsindəki irəliləyiş də, iqtisadi inkişafımız kimi “gözəgörünməz”dir.
Ilham Əliyev çıxışı zamanı onu da bildirib ki, neftin qiymətdən düşməsi bizə heç bir təsir göstərməyəcək: “Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.
Yəqin ki, dünya tarixi bu qədər optimist yalan eşitməyib. Ölkənin tanımış iqtisadçı ekspertləri rəqəmlərlə sübut edirlər ki, neftin qiymətdən düşməsi Azərbaycana böyük zərbə vuracaq. Əslində, bunun üçün ekspert olmağa da ehtiyac yoxdur. Iqtisadiyyat neftdən asılıdırsa, bu məhsulun qiymətdən düşməsinin mənfi təsiri qaçılmaz olur. Ilham Əliyevin bu fikirləri təxminən buna bənzəyir ki, “Qar yağsa da, şaxta olsa da havalar isti keçəcək”. Birdə ki, kütləvi ixtisarlar, tikintilərin dayanması, tikinti bazarınında yarancaq durğunluq, sürücülərin işsiz qalması məhz neftin qiymətdən düşməsinin törətdiyi fəsadlardır. Bu ölkədə neftdən gələn pulların xalqa aidiyyəti olmasa da, neftin qiymətdən düşməsinin vətəndaşa vuracağı zərər qaçılmazdır.
Sonda Ilham Əliyev deyir: “Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir”.
Əslində, bu fikirlər bir daha təsdiq edir ki, hakimiyyətin demokratik dünya ilə münasibətləri gərginləşib. Bu fikirlərin ruhundan da aydın görünür ki, əsasən ABŞ nəzərdə tutulur, Con Kerrinin etirazına, senatorların tələblərinə işarə edilir.
Bir qayda olaraq bu tipli çıxışlar həm daxili auditoriyaya, həm də hökumət komandasına ünvanlanır. Çünki, Qərblə münasibətlərin korlanması hakim komanda daxilində də müəyyən narazılıqlara, narahatlıqlara səbəb olur. Çünki, məmur korpusunun Qərb ölkələrində böyük kapitalları var. Ona görə də Ilham Əliyev bu tipli çıxışlarla komandasına təsəlli verir.
Bir sözlə, Ilham Əliyev 2014-cü ilin yekunlarını, qeyri-real rəqəmlər, özünü doğrultmayan proqnozlarla yekunlaşdırdı.
Akif