Ciddi jurnalistikanın prinsipləri kimi birmənalı olan adam
Qənimət Zahid
Nəcəf bəy haqqında nəsə söyləmək istədim.
Onu «Azadlıq» qəzeti yaranmamışdan bir neçə il əvvəl tanıyıram. 88-lərdən. O zamanlar «Molodyoj Azerbaydjana» qəzetinin redaktoru idi. O qəzet dissidentlərin sevimli qəzeti idi. O zamanlar mən onu Kommunist Partiyasının nomenklaturasındakı təsadüfi bir adam kimi tanıyırdım. Biz hamımız haqlı olaraq belə düşünürdük ki, bu sistemin içində belə adam ola bilməz. Və sistem onu öz içindən çıxarmağa bəhanələr axtarırdı.
«Azadlıq» sonra yarandı və yarandığı gündən də Nəcəf bəyin boyuna uyğun şəkildə biçildi. Çünki qəzetin yaradılmasından tutmuş, iş və nizamnamə prinsiplərinin mühüm əksəriyyətinə qədər onun təkidləri ilə müəyyən edimişdi.
«Azadlıq» yarananda mən Bakıda deyildim. Qubadlıdaydım. Açığı, heç, Bakıda olsaydım da, bu qəzetin mənim həyatıma birbaşa dəxlinin olacağını təsəvvür etmirdim. Çünki azdan-çoxdan qəzetçiliklə bir əlaqəm yox idi.
«Azadlıq»a gəlişim və Nəcəf bəylə bir yerdə işləməyə başlamağım mərhum Əbülfəz Elçibəyin istəyi ilə olub. Universitetə tələbnamə göndərib ki, onu təyinatla «Azadlıq»da işləmək üçün göndərin, onlar da göndəriblər.
Amma mən “Azadlıq”a gələndə Nəcəf bəy bu qəzetin redaktoru deyildi. Detallarına qədər varmaq istəmədiyim bir tarixçə var oralarda. Xalq Cəbhəsinin yuxarılarında Nəcəf bəyi “Azadlıq”dan kənarlaşdırmaq istəyən bəzi çevrələr vardı. Həmin çevrələr Nəcəf Nəcəfovun istəmədiyi və işləmədiyi şəkildə bir qəzet ideyası üzərində baş sındırırdılar.
Mən təyinatımı götürüb “Azadlıq”a gələndə qəzetin redaktoru Ağamalı Sadiq Əfəndi idi. İlk təəssüratım bu idi ki, redaktorun özü də burada müvəqqəti olduğunu bilirmiş kimi davranırdı. Qeyri-müəyyənlik vardı və Nəcəf bəy bu qeyri-müəyyənliyi aradan qaldırmalı idi.
Problem yoluna qoyuldu. Ən ciddi problemlərdən biri qəzetin redaktorunun statusu ilə bağlı idi. Nəcəf Nəcəfov redaktor seçkisinin taleyini kollektivdə həll etmək istəyirdi. Kollektiv namizəd verir, qurultay təsdiqləyir. Qurultay təsdiq etmirsə, alternativ namizəd vermək hüququ kollektivə məxsusdur. Bu, məsələnin Nizamnamə – hüquq tərəfi idi.
Nəcəf Nəcəfov Xalq Cəbhəsi hərəkatının xarizmatik və nüfuzlu adamlarından idi. Sadəcə, jurnalist və ya redaktor deyildi. O, demokratik adamdı və demokratiya uğrunda hərəkatın tərəddüdsüz, intriqasız liderlərindən idi. Onun həyat tərzi də, iş üslubu da belə idi… bütün fəaliyyət Nizamnaməyə, hüquq anlayışına, demokratiyanın tələblərinə uyğun gəlməli idi. Peşəkarlıq da bunların üzərində qurulmalıdır.
Qəzetin hakimiyyətlə yaxınlığı, dostluğu deyilən məsələ onun peşəkarlıq anlayışları içərisində yox idi. Bu mövqe bizim davamlı dəstəyimiz idi. Xalq Cəbhəsi hakimiyyətə gələndə «Azadlıq» qəzeti bu təşkilatın mətbu orqanı idi və görünən bu idi ki, biz avtomatik olaraq indiki analogiyaların yerində durmalı idik. Amma qətiyyən belə olmadı. Biz ölkənin bütün müxalifət qəzetlərindən daha təsirli ictimai nəzarət rıçaqına çevrildik. Hələ Xalq Cəbhəsi hakimiyyətə gələnə qədər – 1991-ci ildə Milli Şura yaranandan «Azadlıq»dan gedən, Xalq Cəbhəsi hakimiyyətə gələndə isə artıq dövlət vəzifəsi daşıyan Nəcəf bəy «Azadlıq» qəzetinin mövqeyinə dəstək verən olduqca nüfuzlu rəsmi şəxs idi.
Mən Nəcəf Nəcəfovun ən yaxın, şəxsi dostları çevrəsində olmamışam. Sadəcə işgüzar münasibətlərimiz olub. “Molodyojka”da işlədiyi zamanlarda epizodik görüşlərimiz da şəxsi münasibətlər zəminində olmayıb. İşimiz olub, bilmişik ki, o qəzetin baş redaktoru «bizim adamdır» və getmişik hansısa konkret məsələni həll və ya müzakirə etməyə.
«Azadlıq»a gələndə də, az əvvəl qeyd etdiyim kimi, Nəcəf bəyi orada görməmişəm. İndiki və başlanğıcdan (birinci saydan) müəyyən edilmiş loqonun yerində Xaliq Bahadırın ironiya ilə «Sazadlıq» dediyi bir loqo vardı. Nəyə görəsə, hesab etmişdilər ki, əgər qəzetin loqosu dəyişilsə, Nəcəf bəy daha bu qəzetə qayıtmayacaq. Amma keçici loqo nəyisə dəyişmədi. Dəyişə də bilməzdi.
Nəcəf bəy qayıtdı və hər şeyi sahmana saldı. Əslində, həmin o keçici loqo dönəmində də, hamı düşünürdü və müzakirə edirdi ki, Nəcəf bəy qayıtmalıdır. «Azadlıq»ı onsuz təsəvvür etmək mümkün olmurdu.
Onunla şəxsi dostluğum olmayıb, amma o, şəxsi və yaxın dostlarından kimisə ayırıb «Azadlığ»ı sizə əmanət edirəm» deməyib də. Milli Şuraya gedəndə “kollektiv özünə redaktor seçməlidir və qurultaya təqdim etməlidir” deyib. O, kimin seçiləcəyini yaxşı bilirdi. Bu situasiyanı dəyişə də bilərdi. Kollektivi yığıb, «mən gedirəm, filankəsi redaktor seçsəniz, məncə, daha yaxşı olar» deyə bilərdi. Amma bunların heç birinə ehtiyac hiss etməmişdi. Sadəcə o seçkiləri müşahidə etmişdi. Sonra qurultayda da, kollektivin qərarını müdafiə etmişdi. Əbülfəz Elçibəylə birlikdə.
Nəyə görəsə, belə xatırlayıram ki, Xalq Cəbhəsinin o zamankı rəhbərliyində onu yalnız Əbülfəz bəy bütün məqamlarda başa düşürdü. Onları bir-birinə bağlayan olduqca möhkəm və hiss olunmayan tellər vardı. Və… onlar da ən yaxın dostlar deyildilər. Ciddi, işgüzar, anlayışlı, böyük ehtiramdan qaynaqlanan münasibətlər vardı.
Nəcəf bəy lovğa adam deyildi. İntriqalardan zəhləsi gedirdi. Üstüörtülü söhbətləri xoşlamaz, hətta kimsə eyhamlı, üstüörtülü söhbətlər etmək sitəyəndə də «a kişi, aşkar yaz, görüm nə demək istəyirsən» deyərdi.
Nəcəf Nəcəfov Azərbaycanda demokratiya və azadlıqlar uğrunda hərəkatın ən parlaq isimlərindən biridir. Onu hər zaman beləcə xatırlayıram: xüsusi pafoslar olmadan, işgüzar, sadə, jurnalistikanın prinsiplərinə bənzəyən bir adam kimi…