«Azərbaycan hakimiyyəti bp-ni ixtisarlara getməkdən çəkindirməyə çalışacaq»
Dövlət başçısı Ilham Əliyev bir neçə gün əvvəl bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşlə bağlı verilən rəsmi informasiyada də Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.
Amma bu görüş kifayət qədər maraqlı dönəmə təsadüf edir. Dünya bazarında neftin qiymətinin düşməsinin fonunda bir müddət əvvəl bp rəhbərliyi bəzi ixtisarlara gedəcəyini bəyan etmişdi. Onun bu addımı isə Azərbaycan hakimiyyəti tərəfindən birmənalı qiymətləndirilə bilməz. BP Azərbaycan neftinin əsas operatorlarındandır. Neftin qiymətinin aşağı düşməsinin fonunda Azərbaycanda hisalatın da aşağı düşəcəyi proqnozlaşdırılır. Bir müddət əvvəl isə bp Azərbaycan hakimiyyəti tərəfindən hasilatın bilərəkdən aşağı salınmasında ittiham edilirdi.
Amma insan haqları və demokratiya ilə bağlı hakimiyyətin yürütdüyü siyasət də Böyük Britaniyanın diqqətindən yayınmaya bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyətinin Avropaya inteqrasiyadan imtina edərək Rusiya meyilli siyasət yürütməsi də Qərbin diqqətindən yayınmaya bilməz.
Ekspertlər hesab edir ki, Ilham Əliyevin bp-nin rəhbəri ilə görüşü kifayət qədər gərgin dövrdə baş verir. Neftin qiymətinin kəskin şəkildə düşməsi neft şirkətlərini müxtəlif xarakterli addımlar atmasına səbəb olub. Bu yaxınlarda bp fəaliyyətində müəyyən dəyişikliklər edəcəyini bildirmişdi. Neftin qiymətinin düşməsini əsas gətirərək şirkət dünyanın müxtəlif ölkələrində, o sıradan Azərbaycanda bir sıra ixtisarlara gedəcəyini bildirmişdi. Azərbaycanda neft sənayesinin inkişafında son illərdə çox böyük rol oynamış bp-nin belə addımlara hazırlaşması təbii ki, hökumətin ciddi narahatlığına səbəb olub. Ölkənin neft gəlirlərinin ciddi şəkildə azaldığı bir vaxtda bp-nin belə addımları vəziyyəti daha da gərginləşdirə bilər. Heç bir şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti bp-ni bu addımlardan çəkindirməyə çalışacaq. Bu istəyin müsbət nəticələnəcəyinə ümid azdır. Nəzərə almaq lazımdır ki, bir tərəfdən neftin qiymətinin düşməsi, digər tərəfdən Meksika körfəzində baş verən qəza obyektiv olaraq br-nin imkanlarını məhdudlaşdırıb.
Xəyal