İqtidar ABŞ rəsmisi Tom Malinovskinin açıqlamalarını Ağ Evin xəbərdarlığı kimi dəyərləndirir
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə yardımçısı Tom Malinovskinin Azərbaycandakı repressiv vəziyyətlə bağlı fikirləri YAP iqtidarının narahatlığına səbəb olub. Qeyd edək ki, Tom Malinovski “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye Vremya” televiziya proqramına müsahibə verib. Malinovski müsahibədə Azərbaycandakı repressiv vəziyyətə, o cümlədən jurnalist Xədicə Ismayılın həbsi barədə də suallara cavab verib.
“Vətəndaş cəmiyyətini boğmaq ABŞ-la münasibətləri təhlükə altında qoyur”, – deyə dövlət katibinin yardımçısı bildirib. O, daha sonra əlavə edib ki, ABŞ tərəfdən növbəti addımın necə olacağı Azərbaycan hakimiyyətinin əlindədir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti dəfələrlə Azərbaycan hakimiyyətinə ölkədə insan haqlarına hörmət etməyə çağırış edib. Həmçinin Dövlət Departamentindən Xədicə Ismayılın həbsinə iki dəfə sərt reaksiya gəlib. Bunun qarşılığında Azərbaycan hakimiyyəti ənənəsinə sadiq qalaraq ABŞ-ı şantaj etməklə məşğul olub.
Bundan başqa ABŞ-ın ölkəmizdə keçmiş səfiri Riçard Kozlariç demokratik dünyanı Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bir müddət əvvəl isə elə Kozlariçin də iştirakı ilə Vaşinqtonda Makkeyn institutunda Azərbaycan iqtidarına qarşı sanksiyalar müzakirə olunub.
Hakimiyyət bütün bunların fərqinə varsa da, o qədər də ciddi narahatlıq keçirmirdi. Lakin Tom Malinovskinin açıqlamaları iqtidarı təşvişə salıb. Bunun da ciddi səbəbləri var. Məsələ burasındadır ki, Tom Malinovski hələ 2011-ci ildə nüfuzlu nəşr olan “The Washinqton Post” qəzetində yazdığı məqalədə ABŞ hökumətini Azərbaycanın dövlət başçısı Ilham Əliyevin aktivlərini dondurmağa çağırmışdı. O, zaman Malinovski dövlət katibinin yardımçısı deyildi. Tom Malinovski həmin məqalədə bildirirdi ki, diktatorlar hələ hakimiyyətdə olarkən onların və yaxınlarının bank hesabları dondurulmalıdır. O, məqaləsində Ilham Əliyevin “Dubay villalarını” da xatırladaraq hələ hakimiyyətdə olan diktatorları qeyri-qanuni yolla əldə etdikləri varidatdan məhrum etmək üçün cidd addımlar atılmasının vacibliyini vurğulamışdı.
Tom Malinovski artıq dövlət katibinin yardımçısıdır. Və diktatorlara qarşı sərt mövqeyi ilə tanınan bu şəxs artıq hökumət rəsmisi kimi danışır. Hakimiyyətin narahatlığı da məhz onunla bağlıdır ki, Malinovski ABŞ-ın Azərbaycanla bağlı YAP iqtidarı üçün arzuolunmaz mövqeyini bəyan edir.