Şahid ifadələri saxtalaşdırılıb; “Bu işin mahiyyəti repressiyadır; məhkəmədən ədalət gözləmirəm…”
“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə hər məhkəmə iclasında onun həbsinin əvvəlcədən planlaşdırılmış təxribatın nəticəsi olduğu konkret faktlarla sübut olunur. Bu mənada, Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyilə keçirilən dünənki məhkəmə iclası da maraqlı oldu.
Bu məhkəmə prosesində hazırda şahidlərin dindirilməsi mərhələsidir. Dünən iki şahid dindirildi – Natiq Ağaverdiyev və Akif Mustafayev. Onların hər ikisi Ceyranbatan qəsəbəsində taksi sürücüləridir. Demək olar ki, eyni məzmunlu ifadə verdilər. Bildirdilər ki, hadisə baş verən gün qəsəbə nümayəndəliyinin arxasında yerləşən çayxanada oturublar, birdən səs-küy eşidəndə hamı maraqlanaraq o tərəfə qaçıb. Onların gördüyü yalnız bu olub ki, kimisə polis maşınına mindirib apardılar, vəssalam.
O da məlum oldu ki, bu iş üzrə ibtidai istintaqı aparmış müstəntiq dindirmə protokoluna şahidlərin adından demədikləri fikirləri yazıb. Bu barədə dünən dövlət ittihamçısı şahid Natiq Ağaverdiyevə sual da verdi:
– Indi deyirsiz ki, mən görəndə artıq maşına mindirib aparırdılar. Amma ifadəndə göstərmisən ki, Seymur Həziyevlə Məhərrəm Həsənov dalaşdı, Seymur butılkanı onun başına vurdu…
– Mən müstəntiqə ifadəmdə də burada danışdıqlarımı demişəm. Amma bilmirəm ki, o, nə yazıb. Çünki latın əlifbası ilə oxuya bilmirəm.
Seymur Həzinin vəkili Elton Quliyevlə sual-cavab zamanı da Natiq Ağaverdiyev and içərək bir daha bildirdi ki, belə bir ifadə verməyib: “Qurana and olsun, mən nə butılka vurulduğunu görmüşəm, nə də demişəm”.
Digər şahid Akif Mustafayevin istintaqa ifadəsində belə bir cümlə var ki, o, Məhərrəm Həsənovun üst-başı qan içində maşına oturdularaq aparıldığını görüb. Lakin bu şahid də belə bir ifadə vermədiyini bildirdi.
Şahidlər dindirildikdən sonra Seymur Həzinin vəkili Adil Ismayılov məhkəməyə mütəxəssis dəvət olunması barədə vəsatət qaldırdı. Amma vəkil vəsatətini elan etməmişdən əvvəl Məhərrəm Həsənova bir neçə sual verdi:
– “Facebook”da səhifən olduğunu təsdiq edirsənmi?
– Bəli, səhifəm var.
– Həbs olunmamışdan əvvəl bağlamamısan?
– Bağlanıb ki?..
– Mən sizdən soruşuram.
– Xeyr, mən bağlamamışam.
– O səhifəni nə vaxt açmısan?
– Yadımda deyil.
– Səhifədə öz şəkillərin var?
– Yadımda deyil.
– Səhifədən hansı adla istifadə edirdin?
– Məhərrəm Həsənov.
– Səhifədə adın məhz Azərbaycan hərflərilə yazılır – Məhərrəm Həsənov?
– Bəli.
– Səhifəndə doğulduğun ayı, günü qeyd eləmisən?
– Yadımda deyil, özüm açmamışam.
– Bəs kim açıb?
– Yadımda deyil.
– Seymur Həziyev sənin dostların arasında varmı?
– Yadımda deyil.
– Səhifəndə Elçibəyin şəkli var idi?
– Yadımda deyil.
– Ümumiyyətlə, səhifən nə rəngdə idi?
– Qara.
– Bilirsənmi ki, “facebook”dakı dost siyahında Namizəd Səfərov, Elton Quliyevin də adları var?
– Yadımda deyil.
Adil Ismayılov bildirdi ki, məhkəmədə baxılan bu cinayət işinin kökündə məhz “facebook” məsələsi dayanır. Çünki Məhərrəm Həsənov Seymur Həziyə yaxınlaşaraq deyib ki, “facebook”da ona yazdığı mesaja niyə cavab verməyib. Amma istintaqda, eləcə də məhkəmədə Məhərrəm Həsənovun cavablarından və əldə olunan digər sübutlardan sonra çox ciddi şübhələr var ki, bu adamın ümumiyyətlə, “facebook”dan anlayışı yoxdur. Onun adından kimsə səhifə açıb.
Vəkil doğum tarixi Məhərrəm Həsənova uyğun gələn və “Maharram Safarov” adı ilə istifadə olunan “facebook” səhifəsindən əldə etdiyi çıxarışları məhkəməyə təqdim etdi. Həmçinin qeyd etdi ki, həmin səhifə artıq bağlanıb: “Bizdə ciddi şübhələr var ki, bu adamın ümumiyyətlə, ”facebook”dan anlayışı yoxdur. Həmin səhifə bu hadisədən təxminən iki ay əvvəl açılıb. Hesab edirik ki, bu davanı salmaq üçün onun adına səhifə açıblar, istifadə ediblər. Əgər bu məsələ araşdırılmasa, ümumiyyətlə, bu məhkəmə prosesini davam etdirməyin heç bir mənası qalmır. Ona görə də xahiş edirik, bir mütəxəssis dəvət olunsun, “facebook” səhifəsinə baxış keçirilsin, görək ki, bu adam ümumiyyətlə, “facebook”dan istifadə edə bilirmi? O, Seymur Həziyə nəsə yazıbmı?”
Digər vəkil Elton Quliyev də həmkarının vəsatətini dəstəklədi: “Bu adam ”facebook” səhifəsinin adını bilmir. Biz hesab edirik ki, həmin səhifə əvvəlcədən məqsədli şəkildə yaradılıb. Seymur Həziyevin həbsilə nəticələnən bu hadisə də həmin təşkilatçılığın davamıdır. Əgər məhkəmə doğrudan da həqiqətin üzə çıxmasını, ədalətin bərqərar olmasını istəyirsə, o zaman bu vəsatət mütləq təmin olunmalıdır”.
Prokuror “facebook” səhifəsinin şəxsi xarakter daşıdığını bildirərək, vəsatətin əleyhinə çıxdı. Elə Məhərrəm Həsənov və onun vəkili Eldəniz Quliyev də oxşar arqumentlə vəsatətə etiraz etdilər. Onların bu cür yanaşmasına Seymur Həzinin maraqlı arqumenti oldu: “Mən burada səslənən fikirlərə, dövlət ittihamçısının dediklərinə mat qalmışam. Doğrudur, hüquqşünas deyiləm, amma hamımız məntiq dərsi keçmişik axı. Belə çıxır ki, kimsə silahla cinayət törədir, amma o silahı təqdim eləməkdən boyun qaçırır ki, yox, bu mənim şəxsi silahımdır, onu verə bilmərəm. Axı cinayətdə bundan istifadə olunub… Son dərəcə absurd əsaslandırmadır. Əgər bu, sənin şəxsi işindirsə, o zaman mən niyə həbs olunmalıyam? Kompüter gətirilsin, bu adam mənə nə yazıb, onu göstərsin. Bəlkə elə dövlət əleyhinə silahlı basqına çağırırmış məni… Bu vəsatətin təmin olunmaması açıq-aşkar bu işin siyasi sifariş olduğunu bir daha sübut edəcək.
Mən oktyabrın 24-də Penitensiar Xidmətə məktub göndərmişəm, hələ də çatmayıb. Göyərçinlə, çaparla göndərsəydim, bundan tez çatardı. Bu iş addım-addım planlaşdırılıb və hazırkı mərhələdə də prokuror onu idarə edir. Müqavimət göstərir ki, bu işdəki həqiqətin üstü açılmasın. Hakim olaraq, siz özünüz məhkəmənin, ədalətli mühakimə prosesinin şübhə altına alınmaması üçün bu vəsatəti təmin etməlisiniz”.
Vəkil Adil Ismayılovun bir əlavəsi də oldu: “Kompüter gətirilsin, Məhərrəm Həsənov özü açıb göstərsin. Yox, əgər deyirsə ki, parol yadımdan çıxıb, o halda, mütəxəssis dəvət olunsun. Bizə onun başqa yazışmaları lazım deyil. Bircə Seymur Həziyə yazdığı varsa, ona baxmaq kifayətdir”.
Gözlənildiyi kimi, hakim Şövkət Nəcəfova vəsatəti təmin etmədi.
Vəkil Adil Ismayılovun digər vəsatəti isə hadisə yerinin müayinəsində iştirak etdiyi iddia olunan şəxslərin dindirilməsi haqda oldu. Vəkil üç nəfərin – Sabir Abuşov, Sərdar Rüstəmov və Əmircan Salmanov adlı şəxslərin şahid qismində dindirilməsini istədi. Qeyd edək ki, Əmircan Salmanov Ceyranbatan qəsəbəsində sahə müvəkkilidir. Dünənki məhkəmə iclasında dindirilən şahidlər ifadələrində göstərmişdilər ki, onları əvvəlcə sahə müvəkkili çağırıb və Abşeron Rayon Polis Idarəsinə göndərib ki, gedin, bu hadisə barədə ifadə verin. Baxmayaraq ki, onlar insidentin şahidi olmayıblar.
Dövlət ittihamçısı bu vəsatətin də əleyhinə çıxdı. Dedi ki, ittiham aktında adı olan, amma hələ dindirilməyən iki şahid qalıb, əvvəl onlar gəlib ifadə versinlər, sonra bu məsələyə baxılar.
Bir qədər əvvəl Məhərrəm Həsənovun vəkil Adil Ismayılovun suallarının demək olar ki, hamısına “yadımda deyil” cavabını verməsinə məhkəmə zalında olan Seymur Həzinin anası yerindən etiraz etmişdi. Hakim də buna görə ona xəbərdarlıq etmişdi.
Seymur Həzi vəkilinin şahidlərlə bağlı vəsatətinə münasibət bildirərkən ilk növbədə bu məsələyə toxundu: “Möhtərəm hakim, zaldakı insanları başa düşmək lazımdır. Bu insanlar da, mən də bu məhkəmədən ədalət gözləmirik. Bu məhkəmə prosesi yaxınlarım, dostlarım üçün mənimlə ünsiyyət prosesindən başqa bir şey deyil. Gəlirik, bir-birimizi görürük, bu, bizə yetər. Mənim Penitensiar Xidmətə məktubum da onunla bağlıdır ki, ibtidai istintaq zamanı mənim ailəmlə görüşməyimə imkan verilməyib. Aydın məsələdir ki, bu işin mahiyyəti repressiyadır. Məndən sonra daha bir jurnalist həmkarım Xədicə Ismayıl da həbs olunub. Azərbaycan telekanallarına bir saat baxmaq kifayətdir ki, bütün bu baş verənlərin bir tamaşa olduğuna əminlik yaransın. Bir daha deyim ki, Azərbaycan məhkəmələrindən ədalət gözləmirəm. Görünür, hakimiyyət bizi özündən də yaxşı tanıyır. Bu məhkəmə prosesinə sədrlik edənin xanım olması da hökumətə qarşı fikirlərimi açıq və sərt şəkildə ifadə etməyə imkan vermir. Müsbət nəticə, ədalət gözləmirik, amma gəlin, heç olmasa, insani münasibəti qoruyub saxlayaq. Əvvəlki vəsatətin təmin olunmaması da da göstərdi ki, bu məhkəmənin nəticəsi necə olacaq”.
Şövkət Nəcəfova Seymur Həzinin söylədiklərinə qarşılıq olaraq dedi ki, 28 ildir hakim işləyir, bu müddətdə insanlığını heç nəyə qurban verməyib.
Ardınca da Adil Ismayılovun əlavə şahidlərin dindirilməsilə bağlı qərarını açıqladı. Qərar isə prokurorun mövqeyinə uyğun oldu – əsas şahidlər dindiriləndən sonra bu məsələyə baxılacaq.
Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.
Aytən Məmmədova