Dövlət başçısı neftin ucuzlaşmasının əhaliyə təsir etməyəcəyini deyir
Nemət Əliyev: «Görünür, dövlət başçısı bu fikri söyləyərkən müəyyən qrup insanları nəzərdə tutur»
«Dünyada elə bir ölkə yoxdur ki, iqtisadiyyatı, büdcəsi neftdən asılı olsun, ancaq neftin qiymətindəki düşüş orada duyulmasın»
Dünya bazarında neftin qiymətinin enməsinin fonunda büdcə gəlirləri neftdən asılı olan ölkələr təşviş keçirsələr də rəsmi Bakı belə hisslərə qapılmır. Əksinə, hakimiyyət təmsilçiləri baş verən proseslərin Azərbaycandan yan keçəcəyini bəyan edirlər. Dövlət başçısı Ilham Əliyev Sabirabadda “Asan Xidmət”in könülləri qarşısındakı çıxışında qlobal iqtisadi böhrana da toxunub.
O bildirib ki, Azərbaycanı heç bir təhlükə gözləmir: “Indi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. Indi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır”.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, görünür, dövlət başçısı bu fikri söyləyərkən müəyyən qrup insanları nəzərdə tutur. Həqiqətən də cəmiyyətdəki bir qrup insan dünya bazarında neftin qiymətinin düşməsini hiss etməyəcək: “Bir qrup insanlar var ki, onlar büdcə oğurluğu, müxtəlif maxinasiyalardan istifadə edərək, güzəranlarını təşkil etməklə məşğuldurlar. Həmin adamların durumunda elə bir dəyişiklik nəzərə çarpmaya bilər.
Amma geniş mənada götürəndə bu məsələnin ikinci tərəfi var. Azərbaycan xalqı neftdən nə gördü ki, neft də olmayanda onun əzablarını çəksin? Neft gəlirlərinin pik həddə çatdığı dövrdə əgər xalq güzəranında elə bir dəyişiklik görməyibsə, neftin qiymətinin aşağı düşməsindən nə görə bilər? Amma real gerçəklik tam fərqlidir. Əlbəttə, neftin qiymətinin aşağı düşməsi Azərbaycanda əhalinin sosial vəziyyətinə, infrastruktur layihələrinin həyata keçirilməsinə təsir edəcək. Bunu inkar etmək mümkün deyil”.
Rusiya telekanalına müsahibəsi zamanı dövlət başçısının oxşar fikri təkrarladığını deyən N.Əliyev vurğuladı ki, dünyada elə bir ölkə yoxdur ki, iqtisadiyyatı, büdcəsi neftdən asılı olsun, ancaq neftin qiymətindəki düşüş orada hiss olunmasın: “Neftin qiyməti düşəcəkdir və düşüş davam edəcək. Baş verənlərin fonunda büdcədən maliyyələşən investisiya laiyhələri realaşacaqsa, o zaman bu layihədə çalışan şəxslər əmək haqlarını zamanında ya ala bilməyəcəklər, ya da əmək haqları aşağı düşəcək. Fəsadlar bununla bitmir. Neft sektoru ilə əlaqəli sahələrin hamısında təsir özünü gösətərəcək. Başqa bir tərəfdən neft hasilatı aşağı düşür. Statistika Komitəsi 11 ayın nəticələrini açıqlayıb. Məlum oldu ki, keçən il ilə müqayisədə neftin hasilatı 1.2 milyon ton azalıb. Deməli, həm hasilat, həm də qiymətlər aşağı düşür. Bu isə o deməkdir ki, ölkənin bütün makroiqtisadi göstəriciləri pisləşməyə doğru gedəcək”.
Xəyal