Obamanı Türkiyə prezidentinə qarşı sərt davranmağa çağırdılar
«O, öz xalqına qarşı vuruşur»
Türkiyədə ötən ilin dekabrında həyata keçirilən və bir sıra nazirlərin istefaya getməsi, övladlarının isə həbsilə nəticələnən səs-küylü korrupsiya əməliyyatının dünən bir ili tamam oldu. Elə bu səbəbdən Türkiyə Böyük Millət Məclisinin dünənki toplantısında müxalifətdən olan millət vəkilləri etiraz aksiyası keçiriblər.
Cümruhiyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar havaya pullar uçurmaqla, həmçinin ötənilki əməliyyat zamanı özlərinin və övladlarının korrupsiyaya bulaşdığı aşkarlanan nazirlərin şəkilləri olan plakatlar qaldırıblar. Həmçinin üzərində “Korrupsiyaya, rüşvətə yox!” – “17-25 dekabr korrupsiya həftəsi” yazılmış xüsusi vərəqələri Böyük Millət Məclisində arxasında əyləşdikləri masanın ön tərəfinə, həmçinin tribunanın qarşısına yapışdırıblar.
Qeyd edək ki, onlar bu yolla Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə həmin korrupsiya olaylarının ört-basdır edilməsi, həbs olunanların az sonra azadlığa buraxılması, əksinə, nazir övladlarının cinayətinin üstünü açmış şəxslərin vəzifədən kənarlaşdırılmasına etiraz ediblər. O zaman korrupsiya olaylarında Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da adı hallanırdı. Ona məxsus olduğu iddia edilən gizli səs yazısında Bilal Ərdoğan atası ilə telefon söhbətində milyonların necə gizlədilməsindən söhbət gedirdi.
Təsadüfi deyil ki, 14 dekabrda həyata keçirilən və “Zaman” qəzetinin, “Samanyolu” telekanalının rəhbərliyə də daxil olmaqla, 31 nəfərin həbsilə nəticələnən əməliyyat Ərdoğanın bir il əvvəlki korrupsiya olaylarına görə Fətullah Güləndən qisas alması kimi dəyərləndirilir.
Yeri gəlmişkən, “Zaman”ın baş redaktoru Əkrəm Dumanlı, “Samanyolu”nun prezidenti Hidayət Qaraca dekabrın 14-də həbs olunsa da, təxminən dörd gün ərzində onlardan heç bir ifadə alınmayıb. Onlar saxlanıldıqdan 80 saat sonra dindirilib.
Türkiyədə tənqidçi mediaya qarşı yönəlik bu əməliyyatı beynəlxalq təşkilatlar, xüsusən Avropa Birliyinin ayrı-ayrı strukturları sərt tənqid edib. Baş verənlər müstəqil mətbuata qarşı hücum kimi dəyərləndirilib. Vurğulanıb ki, Avropa Birliyinin üzvü olmaq istəyən bir ölkədə mediaya bu cür basqı yolverilməzdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropa Birliyinin bu tənqidinə “Avropa gedib öz işilə məşğul olsun”, – deyə qeyri-diplomatik cavab vermişdi. Ərdoğan indi də “təlxək” adlandırıb.
“Türkiyəni hoca görünümlü təlxəklərə təslim etməyəcəyik”, – deyə Konya şəhərində sürətli qatar xəttinin açılışında çıxış edən Ərdoğan bildirib.
Amma Türkiyədə mediaya qarşı son əməliyyatlarla bağlı etirazlar bitmək bilmir. Diyarbəkirdə Ədliyyə Sarayının qarşısında etiraz aksiyası keçirən yüzlərlə vətəndaş Əkrəm Dumanlı, Hidayət Qaraca da daxil olmaqla, son əməliyyatlar zamanı həbs olunmuş serial ssenaristləri, rejissorlar, prodüsserlərin dərhal azadlığa buraxılmasını tələb edib. Aksiyada qaldırılan, türk və kürd dillərində olan plakatlarda qeyd olunub ki, Ərdoğan ötənilki korrupsiya qalmaqalının yaddan çıxması üçün bu əməliyyatları ortaya atıb.
Dünya mediası da Türkiyədə baş verənləri diqqətdə saxlayır. Amerikanın “The Wall Street Journal” nəşri vurğulayır ki, Obama açıq şəkildə Ərdoğana xəbərdarlıq etməlidir. Məqalədə qeyd olunur ki, Türkiyədə 14 dekabr əməliyyatında həbs olunanlar Ərdoğan və yaxınları ilə bağlı tənqidi materiallar hazırlayan media nümayəndələridir. Mediaya bu cür basqılar isə Türkiyədə demokratiyaya təhlükə yaradır: “Fətullah Gülən vaxtilə Ərdoğanın yaxın müttəfiqi idi. Bu gün iki qrup arasındakı mübarizənin qurbanı ifadə azadlığı və media olur. Türkiyə hələ də böyük ölçüdə dünyəvi dövlətdir və ölkənin səmimi demokratları ABŞ-ın dəstəyindən istifadə edə bilərlər. Obamanın artıq yaxın dostu Ərdoğanı ictimaiyyət qarşısında xəbərdarlıq etməsinin vaxtı gəlib çatıb”.
Fransanın nüfuzlu “Le Figaro” qəzeti isə son olayları “Ərdoğanın yeni avtoritar həmləsi” kimi dəyərləndirib. Qəzet dekabrın 14-də media orqanlarına qarşı həyata keçirilən əməliyyatın Ərdoğanın Gülən hərəkatına elan etdiyi müharibənin yeni bir mərhələsi olduğuna diqqət çəkib. Bu əməliyyatın avtoritarizmə doğru yuvarlanmanın göstəricisi olduğunu vurğulayan “Le Figaro” Ərdoğanın Gəzi parkı olayları zamanı nümayiş etdirdiyi mövqeyi yada salıb.
Məqalədə Ərdoğanın son samanlar Putinlə yaxınlaşmasına diqqət yetirilərək, Türkiyədə baş verənlərə Avropa Birliyinin yetərincə sərt münasibət bildirmədiyi qeyd olunub.
Fransa qəzeti 17 dekabrın Türkiyədə korrupsiya qalmaqalının ildönümü olduğunu yada salaraq, həmin əməliyyatı həyata keçirən polis və müstəntiqlərin vəzifələrindən çıxarıldığını da xatırladıb. Əlavə olunub ki, bir il əvvəlki olaylarda Fətullah Güləni ona qarşı tələb qurmaqda günahlandıran Ərdoğan indi ondan qisasını vətəndaşların təməl hüquqlarını tapdamaqla almağa çalışır.
Avrapa Parlamentinin Yaşıllar Qrupunun üzvü, 2012-ci ildə Fransada prezidentliyə namizəd olmuş Yeva Coli də Türkiyədə yaşananlara münasibət bildirib. Deyib ki, demokratik ölkədə jurnalistlərin kütləvi şəkildə həbsi yol verilməzdir: “Son əməliyyatlar Türkiyədə demokratiya və ifadə azadlığının gələcəyi baxımından ciddi narahatlıq yaradır”.
Avropa Parlamentinin Türkiyədəki prosesləri ciddi narahatlıqla izlədiyini vurğulayan Yeva Coli Ərdoğanın avtoritar siyasətini tənqid edib: “Bu cür davranışıyla Ərdoğanın Avropaya qarşı olduğunu düşünənlər yanılır. Ərdoğan öz xalqına qarşı vuruşur. Türkiyədəki durum Braziliyadakı vəziyyətə bənzəyir. Gənc nəsillər artıq hündür binalar deyil, demokratiya istəyir”.
Informasiya şöbəsi