Kremlin iqtisadi çöküşü davam edir; Vaşinqton yeni sanksiyalara hazırlaşır
“Finansial Times”: “Putinin sosial müqaviləsi dağılır, əhali instinktiv olaraq hiss edir ki, yeni lider lazımdır”
ABŞ sanksiyalar vasitəsilə Rusiyada rejim dəyişikliyinə nail olmaq istəyir. Belə bir açıqlama ilə xarici işlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, belə ehtimal etmək üçün ciddi əsaslar var və bəzi siyasətçilər bunu heç gizlətmir. Lavrov etiraf edib ki, Qərbin sanksiyaları ölkə iqtisadiyyatına ciddi ziyan vurur.
Bu arada “Reuters” agentliyi Ağ Evin rəsmi nümayəndəsi Coş Ernestə istinadən məlumat yayıb ki, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır. “Mən bunun həftənin sonunadək baş verəcəyini gözləyirəm”, deyə Coş Ernest bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ-ın sanksiyaları artıq özünü doğruldub.
ABŞ dövlət katibi Con Kerri də baş verənlərə münasibət bildirib. O, deyib ki, ABŞ Rusiya xalqına ziyan vurmaq istəmirik. “Baş verən hadisələr Rusiyanın apardığı işğalçılıq siyasətinin nəticəsidir”,- deyə Kerri vurğulayıb.
“Apple” şirkəti Rusiyada mağazasını bağladı
“Apple” şirkəti rublda həddindən artıq dalğalanma olduğu üçün Rusiyadakı tək onlayn satış ünvanı olan mağazasını müvəqqəti olaraq bağlayıb. Şirkətdən bildirilib ki, bu vəziyyət məhsul qiymətləri ilə bağlı araşdırmalar başa çatana qədər davam edəcək.
“Apple” məhsullarının ölkədəki tək satış ünvanı olan internet saytında (www.store.apple.com/ru) isə istifadəçilər üçün bir mesaj yayımlayıb: “Apple” mağazasını sizin üçün təzələyirik. Qısa bir müddət sonra təkrar fəaliyyətə başlayacağıq”.
“Apple”ın maliyyə direktoru Luka Maestre bildirib ki, rublun dəyərdən düşməsindən zərər çəkirlər və bunun qarşısını almaq üçün bir proqram tətbiq ediləcək.
Qeyd edək ki, şirkət rubldakı dəyər itkisinə indiyə qədər məhsullarının qiymətini artıraraq cavab verməyə çalışmışdı. “Apple”ın bazara sentyabr ayında təqdim etdiyi “iPhone 6″nın Rusiyadakı qiyməti bir ayda 25 % bahalaşıb(ans).
Azərbaycanlılar geri qayıda bilər
Rusiyada rublun dəyəri öldükcə, bu ölkədə yaşayan azərbaycanlıların geri qayıtmaqdan başqa şansı qalmır.
Bu barədə Publika.az-a Moskvada fəaliyyət göstərən Azərbaycan diasporunun adının açıqlanmasını istəməyən nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Rusiyadakı azərbaycanlıların əksəriyyəti orta səviyyədə yaşayanlardır: “Varlılar da var, hətta maqnatlarımız da. Həkim və alimlərimiz da normal yaşaya bilir. Lakin əksəriyyət taksi sürücüsü, ofisiant, bazarlarda satıcı olaraq çalışır. Onlar üçün vəziyyət ürəkaçan deyil. Məsələn, iki ay öncə 80 min rubl 2500 dollar idisə, indi cəmi 1000 dollardır. Bu pulun da yarıdan çoxu kirayə və yaşamaq üçün sərf olunur. Belə olanda həmin adam öz ailəsinə pul göndərə bilmir. Ona görə də bu azərbaycanlıların geri qayıtmaqdan başqa çarəsi qalmır”.
Diaspor nümayəndəsi artıq yüzlərlə azərbaycanlının yol üstündə olduğunu deyib. “Bir çoxları geri qayıtmağa hazırlaşırlar. Yaxın günlərdə yəqin ki, vətənə dönəcəklər. Yanvar ayında böyük bahalaşma gözlənilir. Ona görə də bəziləri bilet pulu qaldırılmamışdan öncə getmək istəyirlər. Təkcə Azərbaycan yox, post-sovet ölkələrindən olan əksər miqrantlar üçün gələcək eynidir”, – deyə o bildirib.
Diaspor üzvü Rusiyadakı azərbaycanlıların ən az 50 faizinin geri qayıdacağını düşünür: “Artıq bazarlarda ümumi ab-hava pisdir. Bir çoxları piştaxtalarını belə açmır. Çünki satdıqları maldan ziyana gedirlər. Bu azərbaycanlıların ümumi sayının 80 faizidir. Onlardan 30 faizi vəziyyətə dözsə də, 50 faizi mütləq qayıdacaq. Bunu dəqiq deyə bilərəm”.
Diaspor fəalı rus millətçilərinin də ayağa qalxa biləcəyini istisna etmir. Onun sözlərinə görə, hazırda hökumət bunun qarşısını alsa da, proses genişlənəcəyi təqdirdə anti-miqrant dalğası güclənəcək.
Beynəlxalq media Rusiyada baş verənlərdən yazır
Rusiyada iqtisadi tənəzzül, rublun qiymətdən kəskin şəkildə düşməsi dünya medasının da əsas mövzularından biridir. Dekabrın 16-da rublun məzənnəsi ilə bağlı yaşanan təlatüm barədə “The Washington Post” və “Financial Times” qəzetlərində yer alan qeydləri “Azadlıq” radiosunun tərcüməsində təqdim edirik.
“The Washington Post” məqaləsinin adını şahmat terminologiyası ilə qoyub: “Mat, Putin”.
Qəzetin fikrincə, Rusiya iqtisadiyyatının problemi odur ki, zəif iqtisadiyyat bank faizlərinin aşağı olmasını tələb edir. Rusiya şirkətlərinin marağında olan isə bank faizinin yuxarı olmasıdır ki, bu, rublu qaldırsın. Rusiya şirkətlərinin xaricə dollarla çoxlu borcu var, onlar rublun dəyərinin yuxarı olmasını istəyirlər ki, dollarla kreditləri qaytarmağa rublla xərcləri az çıxsın. Bir sözlə, Rusiya iqtisadiyyatının indiki vəziyyətdən çıxması üçün atılan istənilən addım kiməsə böyük ziyandır.
Qəzet yazır ki, Mərkəzi Bank rublu saxlamaq üçün bank faizini nə qədər istəyir, qaldıra bilər. Rubl düşməkdə, Rusiya iqtisadiyyatı dağılmaqda davam edəcək.
Qəzet yazır ki, bu vəziyyətin şahmat dili ilə deyilsə, bir adı var: mat!
Qəzet xatırladır ki, “Apple” kimi şirkət rublun belə düşməyi ilə bağlı Rusiyada online satışını dayandırıb. Qəzetin fikrincə, bu, vəziyyətin göstəricisidir.
“The Washington Post” Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları barədə də yazıb. Yazıda xəbər verirlir ki, Ağ Ev Obamanın yeni sanksiyaları bu həftənin sonunda imzalaycağını bildirib. Yeni sanksiyalar isə Rusiyaya qarşı cəzaları genişləndirir.
“Financial Times” isə rublun “ölməsi” ilə Putini hansı siyasi aqibətin gözlədiyinə diqqət çəkir. “Rublun dəyərdən düşməsini əngəllə bilməmək Putin haqda nə deyir?” deyə sual edən qəzet yazır ki, 15 illik hakimiyyət erasında Putin cəmiyyətlə bir növ sosial müqavilə bağlamışdı: “Mən sizin maddi rifahınızı qaldıracağam, əvəzində siz siyasi azadlıqlar istəməyin”. Indi bu “müqavilə” pozulmaqdadır.
Putin özündən əvvəlki çarların və kommunist liderlərin dediyini deyirdi: qayda-qanun azadlıqdan üstündür – xalq belə istəyir.
Indi rubl belə düşməklə Putinin 15 il əvvəlki sosial müqaviləsini dağıdır. Əhali sürətlə kasıblayır. Indi yeni sosial müqaviləyə ehtiyac var. Adamlar instinktiv olaraq hiss edirlər ki, yeni lider lazımdır”, – deyə qəzet yazır.
“Financial Times” dekabrın 16-sını Rusiyada “qara çərşənbə axşamı” adlandırır və bildirir ki, Rusiya Mərkəzi Bankının faizləri qaldırmağı vəziyyəti düzəltməyəcək. “Neftin qiyməti qalxmasa rublun vəziyyəti düzəlməyəcək. Neftin qiymətinin qalxmağının isə əlaməti görünmür. Bank faizini qaldırmaq rublu xilas etmir. Ancaq inflyasiya yaradır. Rusiyada noyabr ayında inlflyasiya 9,1 faiz olub. Bank faizinin qalxması iqtisadi artıma da ziyandır. Gələn il hökumət 4,5 faiz iqtisadi gerimələmə gözləyir”, – deyə qəzet vurğulayır.
Məqalədə qeyd olunur ki, Rusiya Mərkəzi Bankı ilin əvvəlindən rublun məzənnəsini saxlamağa təxminən 99 milyard dollar xərcləyib. Indi Mərkəzi Bankın təxminən 400 milyard dolları var. Ancaq Mərkəzi Bankın dollar xərcləməyi hələ heç bir nəticə verməyib. Yəni, bazar üsulları ilə Mərkəzi Bank vəziyyəti düzəldə bilmir. Ona görə bəzi ekspertlər inzibati üsullar, kapitala nəzarət tətbiq etməyi təklif edirlər.
Rusiya milyarderləri 2 günə 10 milyard itirib
Məlumatlara görə, Rusiyada rublun dəyərdən düşməsi səbəbindən ticarət şəbəkələrinə malların verilməsi dayandırılıb. Qiymətlərə yenidən baxılır və yeni qiymətlərlə razılaşmayanlara malların verilməyəcəyi ilə bağlı xəbərdarlıq edilir.
Ərzaq və qeyri-ərzaq mallarının təcarükçüləri ticarət şəbəkələrinə xəbərdarlıq məktubları göndərərək onlardan alış qiymətlərini qaldırmağı tələb ediblər. Əks halda malların verilməsi dayandırılacaq.
Məlumatlarda o da bildirilir ki, son iki gün ərzində Rusiyanın milyarderləri 10 milyard dollardan artıq pul itiriblər. Rusiyaya dəyən başqa bir ağır zərbə iki gün ərzində Rusiya şirkətlərinin bazar dəyərinin 384 milyarddan 334 milyarda düşməsidir. Qeyd edək ki, 5 milyon əhalisi olan Danimarkanın şirkətlərinin bazar dəyəri ilə Rusiyanın şirkətlərinin bazar dəyəri bərabərləşib.
RBK-nın məlumatına görə isə Rusiyada 6 əsas avtomobil dilleri rublun kəskin ucuzlaşmasına görə satışını müvəqqəti dayandırıb.