Repressiyalar davam etdikcə, təzyiqlər də artacaq. Dünya jurnalistləri hakim ailənin biznesini araşdıracaq
Ölkədə baş verən repressiyalar, hakimiyyətin avtoritar idarəetməsi Azərbycanı yenidən dünyanın gündəminə gətirdi. Sonuncu dəfə “Eurovision” zamanı belə bir hal baş vermişdi və bütün dünya mətbuatı Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasından yazırdı. Həmin dövrdə də hakimiyyət repressiyalara əl atdı və danışan dilləri susdurmağa çalışdı. Amma mübarizə davam etdi və hakimiyyətin mahiyyəti üzə çıxmağa başladı.
Amma son dövrlər baş verənlər tamam fərqli bir vəziyyət yaratdı və hakimiyyət bütün demokratik dünya ilə münasibətləri gərginləşdirdi. Vəziyyət o həddə çatdı ki, hakimiyyət güvəndiyi, müdafiəsinə ümid etdiyi istiqamətlərdən də zərbə aldı. Məsələn, hər zaman Azərbaycan hakimiyyətini tərif edən Avropa Şurası tənqidi bəyanatlar yaydı, qurumun rəhbərliyi Azərbaycandakı vəziyyəti mənfi qiymətləndirdi.
Avropa Parlamenti Azərbaycandakı vəziyyətlə bağlı qətnamə qəbul etdi. ABŞ-da Azərbaycana qarşı sanksiyaların tətbiqi gündəmə gəldi.
Hakimiyyət hüquq müdafiəçilərini, jurnalistləri həbs etməklə, sanki həqiqətləri dünyadan gizlətməyə çalışırdı. Indi elə vəziyyət yaranıb ki, Leyla Yunusun fəaliyyətini davam etdirən yüzlərlə xarici ekspertlər var və Azərbaycandakı vəziyyətdən tam şəkildə məlumatlıdılar.
Görünür, Azərbaycan hakimiyyəti reallıq hissini itirib və hansı əsrdə yaşadıqlarının fərqində deyillər. Bu adamlar dərk etmirlər ki, hansısa media orqanını, hansısa hüquq müdafiəçisini susdurmaqla həqiqətləri gizlətmək mümkün deyil. Əgər belə olsaydı, Şimali Koreyada baş verənlərdən heç kimin xəbəri olmazdı. Indi informasiya əsridir və ölkədə baş verənləri dünyadan gizlətmək mümkün deyil.
Nə yazıq ki, Azərbaycan hakimiyyəti dünyanın yeni qaydalarına adaptasiya oluna bilmir. YAP hakimiyyəti Vasif Talıbov idarəçiliyinə doğru addımlayır.
Bu adamlar ya həqiqətən də köhnəlmiş təfəkkürün daşıyıcılarıdılar, ya da müasirliyi hakimiyyətlərinə təhlükə gördükləri üçün sevmirlər.
Bütün bunları ona görə qeyd etdik ki, bu iyrənc tendensiyanın hakimiyyətə qarşı yönəldiyini isbat edək. Belə ki, araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi dünyanın aparıcı mətbuat orqanlarının gündəmindən düşmür. Jurnalistin həbsi fonunda Azərbaycandakı acınacaqlı vəziyyətdən bəhs olunan yazılarda bu ölkədə avtoritarizmin hökm sürdüyü vurğulanır. Almaniyanın “Tagesspiegel” qəzeti hazırda Azərbaycanda yaşananları Stalin dövrünün repressiyaları ilə müqayisə edib və “Azərbaycanda ən cəsarətli jurnalist həbsdədir” başlıqlı məqalə dərc edib. Məqalədə deyilir ki, Azərbaycan prezidenti və onun ailəsinin biznesini araşdıran Xədicə Ismayıl həbsdədir və ölkədə avtoritar repressiyalar dalğası yaşanır.
Daha sonra vurğulanır ki, dünyanın bir çox ölkələrindən jurnalistlər son günlərdə Xədicə Ismayıla dəstəklərini, onunla həmrəy olduqlarını ifadə ediblər. Onlar Xədicənin işini davam etdirəcəklərini bildiriblər – Azərbaycan prezidentinin ailəsinin biznesinin araşdırılması da bura aiddir.
Bəli, Xədicə Ismayılı həbs etməklə öz korrupsiya əməllərini gizlədəcəklərini zənn edənlər yenə də yanıldılar. Artıq dünyanın tanınmış jurnalistləri prezident ailəsinin biznesini araşdırmağa başlayacaq.
Bir sözlə, bu həbslər öz bəhrəsini vermir. Nə cəmiyyətdə qorxunu bərqərar etmək, nə də cinayət əməllərini gizlətmək mümkün olmayacaq. Həbs edilən adamlar, o sıradan Xədicə Ismayıl öz missiyasını başa vurub. Indi estafeti alanlar bu prosesi davam etdirəcəklər.
Akif