Milli Məclis «KIV haqqında» Qanunu sərtləşdirdi
Milli Məclisin dünənki iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanun layihəsinə dəyişikliklər müzakirə olunub.
Dəyişikliyə görə, Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KIV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. Indiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.
Başqa bir dəyişiklik kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda həmin KIV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Daha bir dəyişikliyə görə isə mövcud olan media orqanının adına oxşar yeni KIV-in yaradılması qadağan olunur.
Deputat Iqbal Ağazadə bu dəyişikliklərə etiraz edib. O, bildirib ki, əgər müvafiq qurumlar hər hansı mətbuat orqanını cəzalandırıbsa, həmin mətbu orqanlarını məhkəmələr ikinci dəfə cəzalandıra bilməz.
Deputatın sözlərinə görə, qəzetdəki bir yazıya görə iki dəfə məhkəmə iddiası qaldırmaq praktikası məqsədəuyğun deyil: “Bu vaxta qədər 3 dəfə idi, indi isə dəyişikliyə görə 2 dəfə olacaq. Bunun nə mənası var?! 2 dəfə məhkəmə iddiasından sonra media orqanının bağlanması absurddur. Belə bir təcrübə özünü doğrultmursa, bu dəyişikliyi niyə etməliyik?”
Iqbal Ağazadənin sözlərinə görə, beynəlxalq təşkilatlarda sözügedən qanun layihəsinə dəyişikliyə görə Azərbaycan haqqında mənfi təsəvvürlər yaradılır.
Deputat Zahid Oruc isə deyib ki, qanun layihəsindəki dəyişiklik heç bir mürtəce xarakter daşımır. O bildirib ki, bəzi media qurumlarının xarici kəşfiyyata xidmət etdikləri müşahidə edilib.
Milli Məclisin spikeri Oqtay Əsədov vurğulayıb ki, media orqanlarının belə iddialarla çıxış etməsi düzgün deyil.
Vitse-spiker Bahar Muradova isə deyib ki, bəzi qüvvələrin bu qanuna dəyişiklik edilməsini mürtəcelik kimi dəyərləndirməsi anlaşılan deyil: “Kim qanun pozmayacaqsa, o cəzalanmayacaq. Bəzilərinin şivən qoparmasını anlamıram. Bəziləri mətbuat adından danışmağa başlayır. Bu nəyə lazımdır axı? Hər kəs qanun qarşısında məsuliyyət daşımalıdır”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dəyişikliyi normal addım kimi dəyərləndirib: “Jurnalistlər hamını tənqid edə bilər, amma təhqir yox.
Deputat Aqil Abbas bildirib ki, qorxu, vahimə yaradan informasiyalarla bağlı cəza tədbirləri də nəzərdə tutulmalıdır.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun layihəsinə deputatlardan 1-i əleyhinə, 94-ü isə lehinə səs verib. Bir nəfər isə bitərəf qalıb(modern.az).
Qanun layihəsini Meydan TV-yə şərh edən “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev sənəddəki dəyişiklikləri absurd və Konstitusiyaya, qanunvericiliyin məntiqinə zidd adlandırıb: “Bu qanuna əsaslansaq, Azərbaycanda bütün KIV potensial olaraq bağlanmaya namizəddir. Çünki əksər media orqanlarında qanun pozuntuları var, bura televiziya kanalları da, çap mətbuatı da aiddir”.
Mehman Əliyev Azərbaycanda müstəqil məhkəmənin olmadığını xatırladaraq bildirib ki, beynəlxalq təhqiqatlar da, Avropa Məhkəməsinin qərarları da bunu göstərir: “Ona görə icra hakimiyyətindən asılı məhkəmələr medianın qapadılması üçün bir alətə çevrilir. Məsələn, mənim Iqtisadi Inkişaf Nazirliyi ilə məhkəməm oldu, sübut etdim ki, həm bu nazirlik, həm də Vergilər Nazirliyi sənədləri saxtalaşdıraraq saxta qərar veriblər. Faktı ortaya qoyandan sonra məhkəmə barışığa çağırdı, mən prosesdə deyirdim ki, necə barışaq, bu, cinayətdir ki, yüksək səviyyəli məmurlar sənədləri saxtalaşdırıb qərara təzyiq etmək istəyirlər. Nəhayət, bildirdim ki, o zaman barışığa gedərəm ki, onlar öz vəzifələrini yerinə yetirəcəklərinə söz verəcəklər. Ancaq hakim qeyri-qanuni qərar çıxardı. Bununla bağlı prezidentə şikayət etdim, Nazirlər Kabineti araşdırma aparıb və bunların nəticəsi göstərdi ki, nazirlik qanun pozuntusuna yol verib. Belə olduğu halda mən hansı məhkəməyə inana bilərəm?”.
Mehman Əliyev Milli Məclis qarşısında tələb və təkliflə çıxış edib: “Parlament komissiya yaratsın və aparıcı mütəxəssisləri cəlb etsinlər. Araşdırılsın görək, KIV müvafiq qanuna riayət edirmi? Fakt budur ki, media qanuna riayət etmir. Siz hansı televiziyada müxalifəti, yaxud tənqid olunan opponentlərin cavablarını görərsiniz? Yaxud ”Yeni Azərbaycan”, “Səs”, “Azərbaycan” qəzetlərində plüralizm qorunur? Kim nə istəyir yazır. Bu, normaldırmı? Bir daha deyirəm, Azərbaycan KIV-də əsas pozuntu vətəndaşlara düzgün informasiya çatdırmamaqla bağlıdır, bu isə cəmiyyətdə çaşqınlıq yaradır və nəticədə doğru olmayan qərarlar çıxarılır”.