Ölkənin tanınmış hüquqşünaslarından qəzetimizə böyük dəstək
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun dekabrın 10-da “Azadlıq” qəzetini məhkəməyə verdiyi barədə məlumat vermişdik. Xatırladaq ki, “Batumi qalmaqalı”ndan az sonra Rauf Arifoğlu “Azadlıq” qəzetini və AXCP-ni məhkəmə ilə hədələmişdi. Baş redaktor iddia edirdi ki, “Azadlıq” onu təhqir edib. Yaranmış vəziyyət müəyyən addımlar atmağı zəruri edir. Bunlardan biri də qəzetin məhkəmədə müdafiəsini təmin etmək üçün vəkil ilə təminidir. Bu məqsədlə ölkənin tanınmış vəkillərinə müraciət etdik. Onu da qeyd edək ki, belə bir məhkəmə çəkişməsinin ola biləcəyi barədə məlumat əldə edən bir sıra tanınmış vəkillər də readaksiyamızla əlaqə saxlayaraq öz hüquqi yardımlarını təklif ediblər.
Tanınmış hüquqşünas Vidadi Mirkamal bildirdi ki, “Azadlıq” qəzeti Azərbaycanda müxalif düşüncənin hakimiyyətin yarıtmaz siyasətinə qarşı apardığı mübarizədə öndə gedən mətbuat orqanıdır: “Azadlıq” qəzeti hər yerdən ümidi kəsilən şəxsin son ümid yeridir. Iki məhkəmə qərarından sonra qəzetlərin bağlanmalı olduğunun qanuna salınmasından dərhal kəmfürsət şəxslərin istifadə edərək “Azadlıq”ı məhkəməyə verməsi hər bir fədakar insanı narahat etdiyi kimi, şəxsən hüquqşünas kimi məni də düşündürür. “Azadlıq”ın bu məhkəmə çəkişməsi ilə bağlı bütün proseslərin içində olmağı, qəzetin müdafiəsində olmağı arzu edirəm”.
Hüquqşünas Aslan Ismayılov bildirdi ki, təəssüf ki, onunla bağlı qəbul olunan qərarlardan sonra artıq o bü cür işlər üzrə məhkəmə çəkişmələrinə çıxa bilmir. Amma o, “Azadlıq” qəzetinə bütün hüquqi dəstəyi göstərməyə hazırdır: “Mən mənəvi tərəfdən həmişə ”Azadlıq” qəzetini dəstəkləmişəm. Mən vaxtaşırı kimin haqqa, ədalətə qulluq etdiyini mətbuatdan görürəm. Bu günə qədər mənim elə yazım olmayıb ki, “Azadlıq” onu dərc etməkdən imtina etsin. Hətta müxalifəti tənqid etdiyim yazıları da “Azadlıq” heç bir söz demədən dərc edib. Ona görə belə mətbuat orqanını qorumaq hamımızın borcudur”.
Vəkil Namizəd Səfərov da bildirdi ki, “Azadlıq” qəzetinin rəhbərliyi bu məhkəmə çəkişməsində ona müraciət edərsə, o, qəzetin müdafiəsini təşkil etməyə hazırdır: “Mən böyük məmnuniyyətlə ”Azadlıq” qəzetinin nümayəndəsi kimi prosesə çıxmağa hazıram. Digər tərəfdən, bizim hamımızın borcudur ki, ədalətin, haqqın tərəfində olaq. Mən də bu gün “Azadlıq”ın tərəfində olmağa hazıram”.
Vəkil Əlayif Həsənov bildirdi ki, “Yeni Müsavat”a qarşı qəzetimizin müdafiəsinə böyük məmnuniyyətlə yardım edər: “Mən böyük məmnuniyyətlə qəzetə hüquqi yardım edərəm. ”Azadlıq” qəzeti yarandığı gündən öz prinsiplərini qoruyub saxlamış bir qəzetdir. “Azadlıq” qəzeti həmişə mübarizə simvolu olub. “Azadlıq” qəzeti mətbuatda jurnalistikanın əsas prinsiplərinə, obyektivliyə, qərəzsizliyə həmişə əməl etmiş qəzetdir”.
Vəkil Əsabəli Mustafayev “Azadlıq”ın timsalında azad mətbuatı müdafiə etməyə hazır olduğunu bildirib.
Eyni fikri vəkil Yalçın Imanov da bildirib.
“Femida 007″ qəzetinin baş redaktoru, tanınmış hüquqşünas Əyyub Kərim isə bildirib ki, iki qəzet arasında belə bir münaqişənin yaranmasını istəməzdi. Lakin bununla belə o, ”Azadlıq”ı müdafiə etməyə hazır olduğunu bildirib. “Ehtiyac olduğu halda ”Azadlıq”a hər cür hüquqi yardım göstərəcəyəm”,- deyə Əyyub Kərim bildirib.
Göründüyü kimi “Azadlıq”ı məhkəməyə verən Rauf Arifoğlu vəkillər ordusu ilə üzləşəcək. Bundan başqa məhkəmə kifayət qədər maraqlı olacaq. “Azadlıq” da prosesə ciddi hazırlaşır və məhkəmə zamanı ictimaiyyət üçün maraqlı faktlar açıqlamağı planlaşdırır.
Xəyal