Keçmiş müxalifətçi hökumətin təqdirini qazanmaq üçün nələrdən imtina etdi, kimlərlə işbirliyinə getdi?
Mövzunu acı bağırsaq kimi uzadırlar. Sanki ifşa olunduqca olunmaq istəyirlər. Elə bil xoşları gəlir bundan. Söhbət “Yeni Müsavat”dan və onun Batumidən bataqlıq palçığı ilə çıxıb gəlmiş Əliyevçi dəstənin üzünü ağartmaq cəhdlərindən gedir.
Batumidə Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunun növbəti toplantısı keçirilib, tədbirdə Forumun üzvü olan “People In Need” (PIN) təşkilatı (Çexiya) Azərbaycanda insan haqları və vicdan məhbusları mövzusunda stendlər qurub, Bakıdan gedən hökumətyönlü “qeheteşniklər” hücum çəkib stendləri dağıdıb, vicdan məhbusu Intiqam Əliyevin fotosunu cırıb, tədbirə jurnalist kimi aparılan Rauf Arifoğlu isə baş verənləri qəzetində “ermənipərəst Çexiya təşkilatı aranı qatdı…” kimi təqdim edib, bu təqdimat da Azərbaycanın bir çox ictimai fəalının etirazına səbəb olub.
Ictimai fəallar ona görə etiraz ediblər ki, əvvəla, baş redaktor öz xəbərində yalana baş vurub. Yazıb ki, PIN Forumda Dağlıq Qarabağ ermənilərinin müstəqil təmsilçiliyinə təşəbbüs göstərib. Sonradan dəqiqləşdirmələr və PIN rəsmisinin açıqlaması təsdiqlədi ki, PIN-in belə bir təşəbbüsü olmayıb. Batumi toplantısında isə belə bir məsələ ümumiyyətlə, gündəmə gəlməyib. Etiraza ikinci səbəb isə odur ki, belə bir təqdimat hakimiyyətin Azərbaycanda insan haqlarını müdafiə edən təşkilatları “ermənipərəst” damğası ilə gözdən salmaq siyasətinə qulluq edir. Ictimai fəallar bunu görür və açıq deyir, hakimiyyətin kampaniyasında “Yeni Müsavat”ın yer almasını bağışlamaq istəmirlər – bəlkə də “uman yerdən küsərlər” prinsipi ilə, amma belə görünür ki, nahaq yerə.
Siyavuş Novruzovun ümidinə qalanlar
Mövzu ilə bağlı müzakirələrdə iştirak edən fəallardan biri Akif Qurbanovun dili ilə desək, “hər kəs bilir ki, ”ermənipərəst" leksikonu hakimiyyətin repressiyalara görə olan beynəlxalq tənqidlərə qarşı istifadə etdiyi anti-tezisdir". Bu anti-tezis uzun illərdir “Yeni Azərbaycan” kimi qəzetlərdə adamların gözünü qabar edib. Indi “Yeni Müsavat”da da xüsusi çəkisini artırması adamları hiddətləndirirsə, deməli, Rauf Arifoğlu qəzetinin reputasiyasını necə yerlə bir etdiyinin dərdini çəkməlidir. Amma yox, belə görünür ki, Rauf Arifoğlunun indi çəkdiyi dərd ayrıdır – YAP hökumətindən alqış qoparmaq. Deyə bilərik ki, buna nail olub. Bir dəstə YAP-ın dəstəkçisi olan deputatlardan sonra nəhayət, YAP-ın siması Siyavuş Novruzov da “Yeni Müsavat”ın özündə baş redaktoru nəyi var, müdafiə edib, təşəkkürlərini çatdırıb.
Hədsiz riyakarlıq
Qayıdaq “ermənipərəst” ittihamına və Batumida Azərbaycanla bağlı sərgi təşkil edən PIN-i bu ittihamla “vurmaq” cəhdinə. Rauf Arifoğlu toplantıdan verdiyi xəbərdəki təqdimatın onu ictimai rəydə hədəfə çıxardığını dərhal hiss edərək arayış verdi: “People In Need”in ermənipərəst olduğu onun yox, Vüqar Bayramovun sözləridir".
Bir pis iş görməyə gedən iki dostdan birinin dara düşən kimi o birini satmasına bənzəyən bu arayış əslində, səmimi də deyildi. Bu riyakarlıq “Yeni Müsavat”da sonrakı günlərdə yer alan 10-dan artıq materialın hər birində PIN-in “ermənipərəst” və hətta “erməni təşkilatı” adlandırılmasıyla özünü qabarıq şəkildə göstərdi. Söhbət təkcə təşkilatı necə adlandırmaqdan da getmir. Rauf Arifoğlu PIN-in erməni təşkilatı olduğunu isbatlamaq üçün əməlli-başlı araşdırmalar sifariş verir. Hərçənd, araşdırmalar təşkilatın təmsilçilərindən (lap olsun, qurucularından) kimlərinsə 1988-ci ildə zəlzələ zamanı Spitaka və 1992-də Dağlıq Qarabağ ermənilərinə humanitar yardım təşkil etməsindən başqa bir sübut ortaya çıxara bilmir.
Bu məqama qayıdacağıq, hələliksə bir nümunə. “Yeni Müsavat”ın mövzu ilə bağlı materiallarından biri belə adlanır: “Batumi forumunda qalmaqal yaradan Çexiya təşkilatından daha bir ermənipərəst addım…” FOTOLAR".
Nəymiş bu addım və fotolar? Heç nə, demə, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu öz saytında Batumi forumunda qəbul olunması gözlənilən sənədləri yerləşdirib və onların içində Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətinə dair qətnamə layihəsi də var. Qətnamə Forumda qəbul edilməyib və sonra da saytdakı Batumi sənədlərinin siyahısından çıxarılıb. Bunun PIN-ə aidiyyəti, nə təhər ermənipərəst addım olduğu bir sirr kimi yəqin, ancaq “Yeni Müsavat”ın baş redaktoruna bəllidir.
Ermənilərlə birlikdə qazanılan və onlarsız qeyd edilən qələbə
Yeri gəlmişkən, Azərbaycanda vətəndaş cəmiyyətinə basqılar və siyasi məhbuslardan bəhs edən qətnamənin Forumda məhz erməni nümayəndə heyətinin köməkliyi ilə keçmədiyini “görməyib”, əksinə, sənədi ermənilərin təklif etdiyini iddia etmək də bir ayrı riyakarlıqdır. Hər halda, forumda iştirak etmiş vəkil Xalid Bağırov ifşa etdi ki, erməni nümayəndələr sonradan Azərbaycan tərəfinin əlinə dəstəvuz vermək istəmədikləri izahatı ilə qətnamənin səsverməsinə qatılmayıblar və onların 20 səsi məsələni palakat cırıb, stend dağıdan Azərbaycan GONGO-larının (hökumətyönlü QHT) xeyrinə həll edib. Deməli, başqa üzü Azərbaycanın günahsız yerə həbsdə əziyyət çəkən vicdanlı insanları üzərində qələbə olan bu təntənədə ermənilərin payı ortadadır. Əliyevin “media kapitanı” və GONGO təmsilçiləri isə bu qələbəni birlikdə qeyd etdikləri ziyafətə onda payı olan erməni nümayəndələri dəvət etməyəcək qədər abır edə biliblər.
Çürük dəlillər
Daha bir riyakarlığın rezumesini də verib, qayıdaq “Yeni Müsavat”ın PIN-i erməni təşkilatı çıxarmaq üçün tapdığı, lakin “fıs çıxmış” dəlillərə.
Rauf Arifoğlu Batumi rüsvayçılığına görə üzləşdiyi bütün tənə və qınaqları gətirib bağlamaq istəyir AXCP sədri Əli Kərimlinin və “Azadlıq” qəzetinin ayağına. Qəzetində elə bu cür də başlıq verir: “Əli Kərimli və əhatəsi PIN-i niyə ölümünə müdafiə edir?”
Demə, Xalid Bağırovdan, Bəxtiyar Hacıyevdən, Aynur Imranovadan tutmuş, Xədicə Ismayıla, Ülvi Həsənliyə, Azər Qasımlıya və başqalarına qədər bütün ictimai-siyasi fəallar Əli Kərimlinin əhatəsi imiş. Əslində, adını və vətəndaş cəmiyyətini qoruyan, demokratiyanın ölkəmizə gəlişini tezləşdirməyə çalışan belə insanları onun əhatəsi adlandırmaq Əli Kərimli üçün komplimentdir, amma axı həqiqət bu deyil. Ayıq müşahidəçilər görür ki, bu müzakirələrdə AXCP fəalları nə qədər kənarda dayanıblar. “Azadlıq” isə sadəcə, vətəndaş cəmiyyəti fəallarının Batumi rüsvayçılığını çatdırıb və bu rüsvayçılığı xalqa “qələbəmiz” kimi sırımağa çalışanların ifşasına işıq tutub, vəssalam.
Əli Kərimlinin komandası və “Azadlıq”ın bu müzakirələrə tərəf kimi niyə qatılmadığına az sonra aydınlıq gətirəcəyik. Indiliksə vəd etdiyimiz kimi, PIN-i “ermənipərəst” çıxaran arqumentlərin nə qədər çürük olduğunu təsvir edək.
Ortada ikicə “dəlil” var: PIN-i yaradanlardan kimlərsə Spitaka zəlzələ zamanı yardım təşkil edib; PIN 1992-ci ildə Dağlıq Qarabağ ermənilərinə humanitar yardım toplayıb.
Qarabağ bəhanəsi
Spitaka Azərbaycan da yardım göndərmişdi. Hətta təyyarələri Ermənistan səmasında vurulan 76 xilasedici Azərbaycan oğlu da göndərilmişdi ora (o oğullardan yalnız 1-i möcüzə nəticəsində sağ qalmışdı). Ermənistan bizimlə müharibəyə başlayanda dünyanın az qala, hamısı ermənilərin tərəfində idi. Bəlkə də elə bir ölkə, təşkilat yoxdur ki, ermənilər ondan bu 25-26 ilin hansısa kəsiyində yardım almasın, dəstək görməsin. Bütün zamanlarda ən böyük dəstək və yardımı isə əlbəttə ki, Rusiyadan, Rusiya hökumətindən alıblar. Hətta torpaqlarımızın işğalında rus hərbi birləşmələrinin onlara köməyi də ortada olan faktdır. Əcaba, bəs nədən PIN-in gözünü çıxaran bu vətənşüvənlər Rusiya ilə can bir qəlb olan Ilham Əliyev hökumətindən ufacıq izahat istəyə bilmirlər və hələ üstəlik Rusiya ilə bağlı qeydlərini də Kremlin Ilham Əliyevə (və əksinə) münasibətinə görə tənzimləyirlər?
Deməli, söhbət heç də 22 illik Əliyevlər hakimiyyətinin istismar edib xalqın gözündən saldığı “Qarabağ mövzusundan” getmir. Molla Nəsrəddinin sözü olmasın, dava yorğan davasıdır. Bu gün ona görə PIN lənətlənməlidir ki, o, Batumidə Heydər və Ilham Əliyevlərin fotosu və üzərində “Ailə biznesi” yazılmış stend qaldırıb, Azərbaycanı bir sülalənin sümürdüyünü tirajlayıb. Bizim neft pullarının artıq-urtuğu ilə bəslənən GONGO-lar bunu xoşlamırlar. Onlar məhz belə mövzularda danışan dillərə qıfıl olmaq üçün bəslənir. Sabah bir başqası, lap elə Islam Əməkdaşlıq Təşkilatı eyni mövzuları dilə gətirsin, onu da “ermənipərəst” çıxarmağa hazırdılar.
Qarabağ adından spekulyasiya ilə hökuməti müdafiə edənlər
Başqa təşkilat demişkən, “Azadlıq”ın baş redaktoru Qənimət Zahid facebook səhifəsində yerinə düşən bir qeyd paylaşıb bizim bu vətənşüvənlərlə bağlı. Oxuyaq: “Batumi güruhunun məntiqinə güvənsək, Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri titulundan imtina etməlidir. Çünki YUNESKO lavaşı ermənilərin maddi mədəniyyət abidəsi saydığını bildirən qərar qəbul edib! YUNESKO Azərbaycana yardım etmir, əksinə, Heydər Əliyev Fondu bu beynəlxalq təşkilatın çeşidli tədbirlərinə milyonlarla pul dağıdır…”
Yəni, hələ indinin özündə də ermənilərə haqsız və yersiz reveranslar edən ölkə və təşkilatlar mövcuddur. Bəs niyə ancaq Azərbaycanda insan haqları problemini qabardan dövlət və təşkilatlar haqq-nahaq “ermənipərəst” olur bizim hökumətin və onun dəstəkçilərinin gözündə? Fikir verin, ABŞ-dan tutmuş Avropanın bir sıra aparıcı ölkələrinə qədər dünyanın əhəmiyyətli gücləri, söz sahibi olan beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış etməyi nə qədər artırırlarsa, o intensivliklə də Azərbaycan hökuməti onları “ermənipərəst” və ölkəmizə düşmən kimi təqdim edir. O yandan ABŞ-ın ştatları Xocalı soyqırımını tanımağa başlayır, bu yandan Azərbaycan hökuməti ona müharibə “elan edir”. ATƏT, Avropa Birliyi, Avropa Şurası, NATO Qarabağın Azərbaycana aid olduğunu bəyan edir, Ermənistanı işğalçı adlandıran qətnamələr qəbul edir, amma Azərbaycan hökuməti onların hamısı ilə qanlı-bıçaq kimidir. Niyə? Yalnız ona görə ki, o dövlət və təşkilatlar həm də Azərbaycanda insan haqlarına hörmət istəyir, sülalə hakimiyyətinin əzazilliyini üzünə vurur. Qərb dünyası konkret Qarabağ məsələsində, Azərbaycanla Ermənistana münasibətdə həqiqətləri getdikcə daha yaxşı dərk edir, ermənilərin öz müstəqilliklərini belə, Rusiyanın imperiya iddialarına qurban verdiklərini, Kremlin oyuncağına çevrildiklərini açıq-gizli qəbul edir və Azərbaycana dəstəyini artırır. Amma Azərbaycan hökuməti bilavasitə sülalə hakimiyyətini uzada bilmək naminə Qərbə dirsək göstərir və Rusiyaya heç də Ermənistanın sığındığından az sığınmır. Bizim adını müstəqil qəzet, QHT qoyan ləbbeyk dəstəsi isə aldıqları “paketə” görə belə bir hökuməti müdafiə edir, özü də Qarabağ adından spekulyasiya ilə…
Asif Yusifli və Əfqan Muxtarlıya atılan böhtanlar
Bu hökumət və onun dəstəkçiləri ölkənin daxilində də ancaq Əliyevlərin zövqünə uyğun oxuyan xordan kənara çıxanların hamısını “ermənipərəst” ittihamı ilə damğalayır. Məsələn, Qarabağ savaşçısı olan keçmiş həmkarı Əfqan Muxtarlıya vurulan “ermənipərəst” damğasını qəzetinə daşıyan baş redaktorun keşiyində durduğu hökumət başqa bir Qarabağ qazisi Asif Yusiflini sırf prinsipial müxalifətçi mövqeyinə (AXCP rəhbərliyində olduğuna) görə şərləyib həbsə atdırır. Qarabağ mövzusunda hökumətin spekulyasiyasını təkrarlayan bu ləbbeyk dəstəsinə ictimai fəallardan biri Emin Millinin sözlərilə cavab verib, keçid alaq “Yeni Müsavat”ın tapıntısı olan “Əli Kərimlinin əhatəsi” məsələsinə. Emin Milli yazır:
“Ermənilərlə görüşmək və onlarla bir layihədə işləmək cinayətdirsə, onda birinci Sərkisyanla tez-tez görüşən Ilham Əliyevi cəzalandırmaq lazımdır, öz işini professional şəkildə görən jurnalistləri yox…
“Yeni Müsavat” və hökumətdən maliyyələşən başqa həşərat qəzetlər Əfqan bəyi (Muxtarlı) bir erməni jurnalisti ilə IWPR layihəsi çərçivəsində məqalə yazmağa görə elə hökumətin sifarişilə hədəfə alıblar, amma oxları daşa dəyib".
Eyni cavabı Azərbaycandakı sülalə hakimiyyətini ifşa edən xarici təşkilat və dövlətlərin məhz buna görə haqsız olaraq “ermənipərəst” elan edilməsinə də vermək olar.
Yazıq sizin halınıza…
Nəhayət, sonda. Batumi rüsvayçılığına görə onu yaradan GONGO təmsilçiləri və baş redaktor nə AXCP-dən, nə də Milli Şuradan tənqid, tənbeh aldı. “Azadlıq” qəzeti də yalnız ictimai fəalların bu mövzuda fikirlərinə yer verib, baş verənlərin mahiyyətini açmaqda onlara yardımçı olub. Ona görə belə olub ki, mövzu ictimai sektora aiddir və “People In Need” bir təşkilat kimi bu çevrələrə tanış deyildi. Indi Rauf Arifoğlu və dəstəsi bu qədər geniş şəkildə ifşa olunmalarını Əli Kərimlinin və “Azadlıq”ın adına bağlamaq istəyirsə, qoy olsun, hər halda, onlar vətəndaş cəmiyyətinin ləyaqətli təmsilçilərini özlərilə birgə görməkdən məmnun olarlar. O dəstənin keşiyində durduğu Əliyev hökumətinin bu qədər repressiyalarından sonra da vətəndaş cəmiyyətinin belə ayaqda olması isə həqiqətən də qürurvericidir. Ölkəsinin işıqlı perspektivi naminə despot bir hakimiyyətlə savaşdan çəkinməyən bütün bu ictimai-siyasi çevrələri özünüzə qarşı görürsünüzsə, nə deyək, yazıq sizin halınıza.
Azad Akifoğlu