60 yaşlı qadının ölümcül vəziyyətə salınması bu hakimiyyətin üz qarasıdır
Penitensiar Xidmət rəsmiləri Leyla Yunusun səhhətində ciddi problem olmadığını iddia etsə də, hüquq müdafiəçisilə görüşən vəkilləri, onunla telefonla danışan yaxınları durumunun kifayət qədər ağır olduğunu bildirir. Leyla Yunusun həbsxanada 12 kiloqram arıqlaması faktı da vəziyyətin ciddiliyindən xəbər verir. Vəkillərinin dediyinə görə, qaraciyərində parçalanma başlayan hüquq müdafiəçisi özü də heç ilin sonuna qədər sağ qalacağına ümidli deyil. Bu səbəbdən də ailəvi dostları, həkim Azad Isazadə ilə telefonla danışaraq, vəsiyyətini çatdırıb. Dünyasını dəyişərsə, anasının yanında dəfn edilməsini, qızının yaddan çıxarılmamasını xahiş edib.
Bəlli məsələdir ki, Leyla Yunus ən yuxarı səviyyədə hakimiyyətdə olanların sifarişilə həbs olunub. Bu isə o deməkdir ki, Leyla Yunusun bugünkü durumuna görə də, onun aqibətinə görə də cavabdeh hakimiyyət, konkret olaraq, dövlət başçısıdır.
Tanınmış ictimai-siyasi xadimlər hüquq müdafiəçisinin durumu ilə əlaqədar həyəcan təbili çalır. Kinorejissor və ssenarist, Milli Şuranın üzvü Eldəniz Quliyev deyir ki, Leyla Yunusu şərləyərək həbs etdirən, saxta ittihamlar irəli sürən, ona ermənipərəst deyən qüvvələrin günahı ucbatından bu gün o, ölümlə üz-üzə qalıb. Eldəniz Quliyev bir neçə xəstəlikdən əziyyət çəkən 60 yaşlı hüquq müdafiəçisinə bu qədər əzab verilməsini Azərbaycandakı hazırkı rejimin üzqarası adlandırır: “Bu hadisələr mövcud rejimin simasının ən yaxşı göstəricisidir. Leyla xanıma bu qədər əziyyət vermək hakimiyyətə müsbət heç nə vəd etmir”.
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, Leyla Yunusa həbsxanada nə isə olsa, bunun məsuliyyəti birbaşa hakimiyyətin üzərindədir: “Sözsüz ki, hakimiyyət bu məsələdə məsuliyyət daşıyır. Leyla Yunusun saxlanıldığı təcridxanadan müraciətləri olub, informasiya verilib. Saxlanma yeri hara olsa, cavabdehlik də onların üzərində qalacaq. Rəsmi olaraq və mətbuat vasitəsilə hakimiyyət Leyla Yunusun hazırkı durumundan, son məlumatlardan xəbərdardır”.
Nigar