Dərman biznesində qiymətlərin dövlət tərəfindən tənzimlənməsi nəyə hesablanıb?
Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid Isayev Trend-ə bildirib ki, hazırda müzakirə edilən “Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydaları”nın layihəsində dövlət qeydiyyatına alınmış dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulur.
Tənzimləmə məqsədi ilə Tarif (qiymət) Şurası tərəfindən 5-dən 10-dək baza ölkəsi müəyyən ediləcək. Dərman istehsalçılarının bu ölkələrin topdansatış müəssisələrinə satış qiymətləri əsasında bazis qiymətləri müəyyən ediləcək. Baza ölkələrindəki qiymətlər barədə məlumatları istehsalçı və ya idxalçı Tarif Şurasına təqdim edəcək. Tarif Şurası məlumatların düzgünlüyünü baza ölkəsinin məlumatları əsasında dəqiqləşdirə biləcək.
Layihədə təklif edilir ki, reseptlə buraxılan dərmanlar üçün bazis ölkələrindəki ən aşağı, reseptsiz buraxılan dərmanlar üçün ən yuxarı qiymətlər bazis qiyməti kimi qəbul edilsin. Bazis qiymətinin üzərinə qaydalarla müəyyən edilmiş faiz dərəcəsinə uyğun əlavələr edilməklə topdansatış qiyməti, topdansatış qiymətinin üzərinə əlavələr edilməklə pərakəndə satış qiyməti müəyyən ediləcək.
Azərbaycanda dərman biznesinin hakim ailənin nəzarətində olduğu sirr deyil. Məhz inhisarın nəticəsidir ki, dərmanlar xeyli bahadır. Yuxarıda qeyd edilən layihə isə hakim ailənin nəzarətində olan topdansatış məntəqələrinə deyil, apteklərə zərbə vuracaq. Layihədən görünür ki, baza ölkələrindəki qiymətlər barədə məlumatları Tarif Şurasına idxalçı və ya istehsalçı təqdim edəcək. Idxalçı hakim ailəyə yaxın şirkətdirsə, əlbəttə ki, özünə sərf edən məlumatlar təqdim edəcək və həmin şirkətə “gözün-üstə qaşın var” deyilməyəcək. Əvəzində apteklərə aldığı dərmanların üzərinə çox aşağı faiz əlavə etməklə satmağa icazə veriləcək. Doğrudur, hətta bu addım da istehlakçıların nəfinədir. Amma daha yaxşı olardı ki, bu sahədə monopoliya aradan qaldırılardı. Azad rəqabətə şərait yaradılaydı. O zaman qiymətlər də istehlakçıların cibinə uyğun olardı. Bəzi iddialara görə, bu layihədə məqsədə də elə müstəqil şəkildə fəaliyyət göstərən apteklərin sıradan çıxarılmasına hesablanıb.