“Bu şəxslər kimin üzərində qələbə çalıblar? Öz vicdanlarınınmı? Həbsdə olan, təqib olunan “yoldaşlarınınmı?”
“Bu “qələbə” Azərbaycanda təqib və həbslər barədə qəbul edilməsi nəzərdə tutulan qətnamənin keçməməsi idi”
Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilən iclasında Azərbaycandan gedən hökumətyönlü QHT-lərin (GONGO) ölkədəki siyasi məhbuslarla bağlı məsələnin işıqlandırılmasına görə dava-dalaş salması ətrafında müzakirələr davam edir. Tədbirdən sonra Azərbaycanın GONGO təmsilçiləri orda guya ermənilərin bizim əleyhimizə qəbul etdirmək istədikləri sənədin qarşısını aldıqlarını açıqladılar. Tədbirin iştirakçılarından biri, tanınmış vəkil və ReAl hərəkatının İdarə Heyətinin üzvü Xalid Bağırov özünün facebook səhifəsində bu məsələyə münasib ət bildirib.
“Sonuncu dəfə Batumi “qələbəsi” haqqında yazmaq istəyirəm”, – deyə qeyd edən vəkil fikrinə qədim Romadan misal gətirməklə başlayır: “Qədim Romada Kaliqula deyilən biri var idi. Bu Kaliqula həm də imperator idi. Onun nə qədər əndrabadi imperator olduğunu burda sadalamaq istəmirəm. Bir gün bu Kaliqula anlayır ki, ondan öncəki imperatorların hər birinin uğurlu hərb tarixçəsi var. Amma o, indiyə qədər heç bir yeri işğal etməyib. Odur ki, legionu toplayır və bildirir ki, Britaniyanı işğal etməyə gedirik. Nə isə Kaliqula ordu ilə Romadan çıxır, bir müddət yol getdikdən sonra, gəlib çıxırlar bir bataqlığın yanına.
Kaliqula legionu döyüş vəziyyətinə düzüb, bataqlığı göstərərək britaniyalıları məhv etməyi əmr edir. Ordu qarşısında heç kimi görməyib, çaşqınlıqda gözünü döyür. Nəhayət cəsarətli komandirlərdən biri Kaliquladan britaniyalıların harada olduğunu soruşur. İmperator bataqlığdakı qamışları göstərir və onları qırmağı əmr edir.
Ordu bütün qamışları qırdıqdan sonra, Kaliqula Britaniya fatehi kimi triumfla Romaya daxil olur. Bütün Roma Britaniya fatehini bayram edir. Deyilənə görə, həmin il qamışlıqlar qırıldığından Roma ağcaqanadların kütləvi basqınına məruz qalır.
Bizim bir sıra vətəndaş cəmiyyəti nümayəndələrimizin “Batumi qələbəsi” adlandırdıqları “qələbə” əslində, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu tərəfindən Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, təqiblər və həbslər barədə qəbul edilməsi nəzərdə tutulan qətnamənin keçməməsi idi. Bu, həmin qətnamə keçməyəndə bəzi bizimkilərin “Ştrasserin siyahısı” keçmədiyi zamanlardan bizə tanış olan bənzəri bir sevincindən görünürdü. İndi burada “qələbə” sahibləri bunu onunla izah edirdilər ki, bu qətnamə ermənilərin istəyi ilə qəbul etdirilirdi. O üzdən bu, ermənilər üzərində qələbə olaraq təqdim edildi.
Əslində isə qeyd olunan qətnamə 32 səs əleyhinə, 29 səs lehinə və haradasa 17 səs bitərəf qalmaqla qəbul edilmədi. Deyə bilərsiniz burda nə var ki? Hələ ki, heç nə yoxdur. Bir az səbr indi olacaq. Bu səsvermədən öncə erməni nümayəndə heyətindən biri çıxış edərək özününkülərə müraciət etdi və bildirdi ki, gələcək spekulyasiyaların qarşısını almaq üçün elmənilər bu səsvermədə iştirak etməsin. Beləliklə, 20 səsə sahib olan ermənilər bu qətnamə ilə bağlı səs vermədilər. İndi sual yaranır doğurdan bu qətnamə ermənilərin istəyi ilə qəbul edilirdisə, o zaman niyə ermənilər özləri səs vermədilər? Axı onlar səs versəydilər, indi bu bəylər və xanımlar bayram etməzdilər. Əgər ermənilər bu qətnamənin səsverməsində iştirak etməyiblərsə, o zaman bu şəxslər kimin üzərində qələbə çalıblar? Qamışlarınmı? Öz vicdanlarınınmı? Həbsdə olan, təqib olunan “yoldaşlarınınmı?”.