Milli Şura sədri sərt danışdı: Somali dəniz quldurlarının yolu ilə gedənlər öz vətəndaşlarımızı girov götürməklə məşğuldurlar
Gürcüstanda tutulmuş 3 tonluq “sahibsiz” narkotiki sabah Əli Kərimlinin adına sənədləşdirsələr, gərək təəcüblənməyəsiniz
Milli Şura sədri Cəmil Həsənli özünün Facebook səhifəsində neft pullarının necə talan edildiyinə və ölkəni iqtisadi böhranın gözlədiyinə dair AXCP lideri Əli Kərimlinin bir gün qabaq yazdığı təhlilə münasibət bildirib. Cəmil Həsənli bunları qeyd edir:
“Azadlıq” qəzetində Neft Fondunun vəsaitlərinin necə dağıdılması, Fondu və onun timsalında ölkəmizi gözləyən sarsıntılar haqqında Əli Kərimlinin yazısını oxudum. Maraqlı təhlildir. Yaxşı ki, Əli bəy belə zəruri təhlillər aparmağa vaxt tapır və iqtisadi maariflənməyə böyük ehtiyacı olan vətəndaşlarımızı diqqətdən kənarda saxlamır.
Mənim aləmimdə bir partiya rəhbərinin, bir siyasi liderin müəllif yazıları ilə çıxış etməsi, sosial şəbəkələrin verdiyi imkanlardan səmərəli istifadə edib cəmiyyəti maraqlandıran məsələlərə münasibət sərgiləməsi çox mühüm işdir. Vətəndaşı yüksək faizli kreditlə cərrahiyyə əməliyyatı keçirən bir məmləkətin sakinləri neft milyardlarının necə dağıdıldığından xəbrdar olmalıdır. Hesab edirəm Əli Kərimlinin toxunduğu bu məsələ ölkəmizin yalnız bu günü ilə deyil, sabahı ilə bağlı məsələləri də müzakirəyə gətirmək üçün əsas verir.
Bu təhlil Azərbaycan hakimiyyətinin xalqa vəd etdiyi “işıqlı gələcəyin” necə öləzidiyini, millətin neft pullarına dikilmiş ümid çırağının necə söndüyünü ortaya qoyur. Əslində, belə mövqe nümayişi Əli bəyin çoxlarından fərqli olan intellektual potensialının yığcam ifadəsi, rəhbərlik etdiyi komandanın müasir anlamda modernləşməsi, Xalq Cəbhəsinin siyasi mübarizənin mərkəzində dayanmasının göstəricisidir.
Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan hakimiyyətinin hər kəsi susdurmaq, idarə olunan cəmiyyət yaratmaq strategiyasının qarşısında dayanan başlıca maneə Xalq Cəbhəsidir. Rejimin bütün gücü ilə cəbhəçi “ovuna” çıxması, avtoritar zəmində “harmonik demokratiya” formalaşdırmaq istəyi, sivil bir təşkilata qarşı terror üsulları ilə savaş elan etməsi fədakar cəbhəçilərin idarə olunan cəmiyyət konturlarına sığmaması ilə bağlıdır. 11illik hakimiyyəti dövründə hüquqi dövlət qurulacağın vəd edən İlham Əliyev 8 ilə yaxındır ki, öz siyasi opponenti olaraq Əli Kərimlini xarici pasportdan, deməli həm də xaricə çıxışdan məhrum edib.
Bütün qanunsuzluğa imza atanların, ölkəni korrupsiya bataqlığına çevirənlərin, xalqın malını talayanların, vətənimizin adını beynəlxalq aləmdə rüsvay edənlərin uydurduğu “beşinci dəstə” şərti altında son illərdə Azərbaycanda açıq və gizli bir savaş aparılır. Azərbaycan hüquq mühafizə orqanlarında, xüsusi xidmət idarələrində və sərhəd məntəqələrində bu “beşinci dəstənin” geniş bir siyahısı vardır. Hazırda həbs yerlərində saxlanılan 100-dən artıq siyasi məhbus, sözün daha asan yozumunda dürüst adamlar nadürüst adamların tərtib etdiyi bu siyahılarda yer alıblar. Cəbhəçilər də bu siyahının önəmli yerlərində qərar tuturlar. Mart ayında qərargah partladıldı, neçə illərdir ofisinin qapısı qaynaq edilib, toplaşmaq imkanı yox, hakimiyyətin təzyiqləri qarşısında mülkiyyətini təhlükə qarşısında qoyub bu təşkilata ofis kirayə vermək cəsarətində bulunan yox, amma cəbhə yenə mübarizənin önündə, cəbhəçilər yenə meydanlardadır.
Öz haqqını tələb edən sivil vətəndaşla terror çetəsi qismində davranan “Antiterror” örgütləri, “banditizmə qarşı narkotika baş bilənləri” ilə birlikdə torba tikən hüquq xəyyatları cəbhəçi ovlamaq üçün hansı torları qurmadılar?! Cəbhənin Məclis üzvü Pərviz Həşimlinin evindən silah, təşkilatın mətbuat katibi Natiq Ədilovun qardaşı Murad Ədilovun evindən narkotik anbarı “çıxdı”. Seymur Həzi bir facebook “dostuna” cavab yazmamağın güdazına getdi, Xalid Qarayev küçədə “söyüş söyməyin”. İndi də Xalq Cəbhəsinin təşkilat işlərinə baxan Rafiq Daşdəmirlinin işinə baxırlar. Öz əqidəsində daşdan da, dəmirdən də möhkəm olan bu fədakar insanı oğlu ilə yumşaltmaq istəyirlər. Sənan Daşdəmirlidən də “külli miqdarda” narkotik “aşkarlanıb”. Bu minvalla Gürcüstanda tutulmuş 3 tonluq “sahibsiz” narkotiki sabah Əli Kərimlinin adına sənədləşdirsələr, gərək təəcüblənməyəsiniz.
Somali dəniz quldurlarının yolu ilə gedən bəzi səlahiyyətli orqanlarımız öz vətəndaşlarımızı girov götürməklə məşğuldurlar. Artıq neçə ildir Əli Kərimliyə görə qaynı Elnur Seyidovu girov götürüblər, Natiq Ədilovun məntiqi qarşısında duruş gətirə bilməyənlər qardaşı Muradı girov götürüblər. Rafiq Daşdəmirilinin iradəsini qıra bilməyənlər hüquqşünas oğlu Sənanı girov götürüblər. Lap klassik karvanbasan, yol kəsən, dəniz piratçılığı ilə ad çıxaran quldur dəstələrinin əxlaqına uyğun şərtlər qoyurlar: işimiz səninlədir, oğlunu sənə görə tutmuşuq, gəl danışaq, cəbhədən çıxmalısan, təşkilatın üstünə çirkab atmalısan. Axı bu yaxınlarda xüsusi xidmət orqanlarının Sumqayıtda Xalq Cəbhəsinə qarşı təşkil etdiyi “böhranın” iç üzünü məhz, təşkilat şöbəsinin sədri kimi Rafiq Daşdəmirli ifşa etmişdi. Sənanın “küllü miqdarda” narkotiklə tutulması cəbhəni Sumqayıtdan dağıtmaq istəyən şanlı “antiterror” idarələrimizin ifşa olunmuş yarıtmaz əməliyyatının qisas məqamı deyilmi?
Öz atası haqqında şübhəli şayiələr dolaşan millətlər “atası” İosif Stalin 37-nin qanlı terroruna başlayanda bəyan etdi ki, oğul atanın, ata oğulun, qardaş qardaşın əməllərinə görə məsuliyyət daşımır. Dünya hüquqi dövlət qurmağa iddialı olan Azərbaycan hakimiyyətinin XXI əsrdəki əməllərinə bələd olsa, İosif Stalinin tarixdə hələ də “şübhəli şəxs” qismində dindirilən atasına rəhmət oxuyar”.