Ölkəni müflis olma həddinə çatdırıblar
Azərbaycan yenə də iri addımlarla “irəliləyir”. Bu dəfə çox ciddi iqtisadi böhrana doğru. Son illərdə təkcə neft satışından 109 milyard dollar vəsait əldə etmiş ölkə müflis olmanın bir neçə addımlığındadır. Ölkə günü-gündən sosial-iqtisadi fəlakətə yaxınlaşır. Neft Fondunun tam olaraq boşalacağı gün çox yaxındadır. Yəqin ki, xeyli adamlar üçün bu fikirlər bir az təəccüblü göründü. Axı insanlar eşidirlər ki, İlham Əliyev hər fürsətdə pulumuzun çox olmasından danışır.
Azərbaycan hakimiyyəti xüsusilə böyük və səmərəsiz layihələrə çox səxavətlə pul ayırır. Macarıstandan Çinə qədər xarici ölkələrə sərmayə qoyurlar. Təkcə Heydər Əliyevin heykəlinin Meksika paytaxtında qoyulduğu yerdə qalması üçün həmin ölkəyə 4 milyard dollarlıq investisiya paketi təklif edirdilər (yaxşı ki, Meksika rəhbərliyi bu təklifi qəbul etmədi). Bizim neft pullarından hətta Belarus diktatoruna da pay düşür. Bütün bunlardan sonra hökumət Neft Fondunda yenə də 37 milyard dollardan artıq vəsait toplandığını, neft gəlirlərinin isə artmaqda davam edəcəyini təbliğ edib, millətimizi aldadaraq arxayınlaşdırır. Yaxın illərdə ölkəmizi gözləyən iqtisadi fəlakətdən yayınmaq üçün nəinki tədbir görmür, əksinə bu mövzuda danışmağı gücü çatdığı qədər qadağan edir. Bəs əslində ölkənin real iqtisadi vəziyyəti necədir? Neft Fondunda toplanmış 37 milyard dollar vəsaiti hansı tale gözləyir?
1. Əvvəlcə onu dəqiqləşdirək ki, son illərdə hökumət özünün Neft Fondu ilə bağlı qəbul etdiyi qaydanı pozur. Qərara alınmışdı ki, neft gəlirlərinin azı 25 faizi gələcək nəsillər üçün yığıma yönəldilməlidir, xərclənməməlidir. Hökumət bu qaydanı son illər ərzində kobud şəkildə pozur. Yalnız 2013-cü il və 2014-cü ilin 9 ayı ərzində Neft Fonduna 30 milyard dollara yaxın vəsait daxil olduğu halda, bu vəsaitin 90 faizə yaxını dərhal xərclənmiş, Neft Fondunun vəsaitləri isə cəmi 3.2 milyard dollar artmışdır. Çox təəssüf ki, Neft Fondunun vəsaitlərinin hətta aşağı sürətlə artması da artıq arxada qalıb. Artıq Neft Fondu vəsaitləri azalmağa başlayıb. Xərclər artıb, istehsal azalır, qiymət düşür. Gələn ildən isə Fonddakı vəsaitlər sürətlə əriməyə başlayacaq. Çünki hökumət tikinti sektorundan korrupsiya yolu ilə əldə olunan milyardlara elə aludə olub ki, Neft Fondu gələn ildən başlayaraq neft satışından əldə edəcəyi vəsaitdən daha artığını büdcəyə transfertlərə və s. layihələrə xərcləməli olacaq. Hətta hökumətin öz proqnozuna görə (hələ neftin bir barreli 90 dollar olarsa), gələn il Neft Fondu vəsaitləri 3 milyard dollar azalacaq. Yəni, Neft Fondu il ərzində satacağı neftin pulunun üstünə 3 milyard da qoyub, transfert edəcək büdcəyə. Amma axı bu hələ ən optimist proqnozdur. İndi heç bir ekspert inanmır ki, gələn il neftin qiyməti 1 barel üçün 90 dollar ola bilər. Deməli, neftin qiymətinin daha aşağı olacağı təqdirdə (daha real elə bu variantdır) təkcə 2015-ci ilin ərzində Neft Fondu vəsaitləri indiki 37 milyard dollardan 5-6 milyard dollar azalacaq.
2. Amma Neft Fondunun problemi təkcə ildən-ilə artan büdcə transfertləri deyil ki. Hökumət Neft Fondundakı vəsaitləri demək olar ki, artıq xərcləyib. Hökumətin artıq imzalanmış müqavilələr üzrə üzərinə götürdüyü maliyyə öhdəlikləri və tikintisi artıq başlanmış bahalı layihələrin xərcləri birlikdə hazırda Neft Fondunda olan vəsaitlərin təqribən cəminə bərabərdir. Birlikdə hesablayaq: əvvəlcə nəzərə alaq ki, Neft Fondunda hazırda olan 37 milyard dollar vəsait gələniliki büdcəyə xidmət etdikdən sonra 31-32 milyard dollar həcminə düşəcək. İndi isə artıq imzalanmış müqavilələr üzrə Neft Fondunun icra etməli olduğu layihələrin maliyyələşməsinə nəzər salaq.
– İlham Əliyevin özünün dediyinə görə, “Star” neft emalı zavodu, STEP enerji stansiyası, “Petkim” konteyner limanı və Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri ilə birlikdə 2017-ci ilədək Türkiyə iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyulacaq. Əlbəttə ki, bu müqavilələrdə Azərbaycan tərəfinin payı Neft Fondu hesabına maliyyələşəcək.
– İndi haqqında çox danışılan Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Bu layihədə ARDNŞ hazırda 16.7% paya malikdir. Bu da o deməkdir ki, təkcə bu müqavilə üzrə Azərbaycanın payını maliyyələşdirmək üçün Neft Fondu daha 4.7 milyard dollar xərcləməli olacaq.
– Azərbaycan qazının Avropaya çatdırılması üçün TANAP kifayət etməyəcək. Əlavə olaraq Trans Adriatik Boru Xətti (TAP) çəkiləcək. Bu boru xətti Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya ötürülməsini nəzərdə tutur. Layihənin dəyərinin 5-7 milyard dollar olacağı gözlənilir. Layihədə ARDNŞ-in payı 20%-dir. Deməli, bu layihənin də maliyyələşməsi Neft Fondu vəsaitlərini daha 1-1.4 milyard dollar azaldacaq.
– Hökumətin ağız dolusu danışdığı “Ağ şəhər” layihəsi elə bilirsiniz ki, yalnız bahalı mənzillər tikib, satmaqdan ibarətdir? Bu layihədə əsas məsələ odur ki, Bakıdakı neftayırma zavodları söküləcək. Beləliklə, Bakının mərkəzində 221 hektar torpaq sahəsi boşaldılacaq. Bu 221 hektarda 18000 ədəd tikinti (binalar, ofislər, ticarət mərkəzləri və s.) tikiləcək. Bu işləri kimlər edəcək, bu layihələrdən milyardları kimlər qazanacaq, başqa söhbətin mövzusudur. Ona qayıdacam. Bu yazımızın mövzusu isə odur ki, bu layihənin də xeyrini başqaları görəcək, xərcini isə yenə Neft Fondu çəkəcək. Bəs o ərazinin boşaldılması üçün zavodların sökülüb Qaradağ rayonu ərazisində tikilməsi bilirsiniz Neft Fonduna və deməli, xalqımıza neçəyə başa gələcək? Rövnəq Abdullayevin dediyinə görə, Qaradağda tikiləcək neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) inşası Neft Fonduna 8 milyard dollara başa gələcək.
– Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi də Neft Fonduna təxminən 1.2 milyard dollara başa gələcək.
Beləliklə, məlum olur ki, indiyə qədər imzalanmış müqavilələrlə Neft Fondunun (hətta bu yazıda sadalanmayan digər xərcləri nəzərə almadan) ödəməli olduğu vəsaitlər 32 milyard dollardan artıqdır. Neft Fonduna o qalır ki, vaxtı çatdıqca imzalanmış layihələr üzrə transfertləri etsin.
Yuxarıda hesablamışdıq ki, 2015-ci ilin sonuna Neft Fondunda elə təqribən 32 milyard dollar vəsait qalacağı gözlənilir. Neft Fondunda toplanmış 37 milyard dollar vəsait yalnız formal olaraq ehtiyat fond hesab oluna bilər. Əslində isə o pullar artıq xərclənib. İndi hökumət rəsmiləri hamısı bir ağızdan deyir ki, gələnilki büdcə riskli deyil. Başa düşdük, gələnilki büdcənin çatışmayan hissəsini Neft Fondundan transfertləri daha da artırmaqla ödəyə bilərlər. Yuxarıdakı hesablama Neft Fondu vəsaitlərinin də tükənmək üzrə olduğunu sübut edir. Sual yaranır – bəs hökumət 2015-ci ildən sonra büdcənin artan kəsirlərini necə ödəməyi düşünür?
Bütün bunlardan sonra soruşuram: hökumət neftin qiymətinin və hasilatının aşağı düşdüyü bir vaxtda hansı ağılla olduqca mənasız layihələrə bədxərclik edir? Hansı haqla ölkənin son neft pullarını da sağa-sola səpələyir? Hansı haqla gələcək nəsilləri neft gəlirlərindən məhrum edir? Yaxın 2-3 ildə ölkəni müflis edəcəyini niyə xalqdan gizlədir?