Jurnalistə «facebook»da mesaj yazdığını iddia edən Məhərrəm Səfərovun ümumiyyətlə, internet barədə anlayışı olduğu şübhəlidir
“Azadlıq” qəzetinin şöbə müdiri və peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə məhkəmənin hazırlıq iclası dünən davam etdirildi. Iş Abşeron rayon məhkəməsində hakim Şövkət Nəcəfovanın icraatındadır.
Ötən iclasda Seymur Həzinin vəkili Adil Ismayılov adıçəkilən hakimin bu işə baxmasına yazılı şəkildə etiraz etmişdi. Vəkil bildirmişdi ki, bu cinayət işində tərəf olan və Seymur Həzi tərəfindən vurulduğunu iddia edən Məhərrəm Həsənovun həbsdən azad edilərək, ev dustaqlığına buraxılmasına dair qərarı məhz Şövkət Nəcəfova çıxarıb. Bu fakt Şövkət Nəcəfovanın işə obyektiv baxıb ədalətli qərar qəbul edəcəyinə bəri başdan şübhələr yaradır.
Dünən hazırlıq iclası başlayan kimi hakim elan etdi ki, Abşeron Rayon Məhkəməsinin sədri ona verilən etiraza baxıb və onun qəbul olunmaması barədə qərar verib.
Daha sonra hakim işin məhkəmə baxışına verilib-verilməməsi barədə tərəflərin fikrini soruşdu. Prokuror etiraz etmədi. Seymur Həzinin vəkili Adil Ismayılov da işin məhkəmə baxışına verilməsi üçün hər hansı problem görmədiyini dedi. Amma vəkil bir şifahi vəsatət qaldırdı. Söhbət məhkəmə prosesinin gedişində zala internetə qoşulmuş kompüterin gətirilməsi və eyni zamanda, bu sahə üzrə mütəxəssisin dəvət olunmasından gedirdi. Vəkil bu istəyini belə əsaslandırdı: “Cinayət işinin materiallarına görə, Seymur Həzi ilə Məhərrəm Həsənov arasındakı münaqişə internetdən, daha doğrusu, ”facebook” sosial şəbəkəsindən yaranıb. Həsənov iddia edir ki, “facebook”da onun yazdığı mesaja Həziyev cavab verməyib. Bura kompüter gətirilsin, mütəxəssis də dəvət olunsun, biz görək ki, hansı səhifədən mesaj yazıb, ümumiyyətlə, nə yazıb, nə vaxt yazıb. Çünki istintaq təcridxanasında Seymur Həzi ilə üzləşmə zamanı məndə belə bir fikir formalaşdı ki, Məhərrəm Həsənovun ümumiyyətlə, sosial şəbəkələr barədə anlayışı yoxdur. Ona sual verdim ki, “facebook”da hansı adla səhifə açıb? O da səhifənin adını öz xətti ilə yazdı – “Həsənov Məhərrəm”. Araşdırmamız zamanı məlum oldu ki, “facebook”da belə adda ümumiyyətlə, səhifə yoxdur. Belə olan halda, “facebook”dan onun özünün istifadə etdiyinə də şübhə yarandı. Araşdırdıq, məlum oldu ki, “Hasanov Maharram” adlı səhifə var, amma siz Məhərrəm Həsənovun barəsində həbs-qətimkan tədbirini dəyişib, onu azadlığa buraxandan sonra o səhifə də bağlandı. Lakin həmin səhifənin bütün materialları bizdə var”.
Seymur Həzi də vəkilinin vəsatətini dəstəklədi: “Kifayət qədər əsaslandırılmış vəsatətdir. Çünki qarşı tərəf iddia edir ki, mənə mesaj yazıb. Mənim cavab yazmamağım onu əsəbiləşdirib. Əgər səbəb həqiqətən budursa, ədalətli olardı ki, məhkəmə vəsatəti təmin eləsin, müəyyənləşsin ki, ümumiyyətlə, belə bir yazışma olubmu?”
Bu yerdə prokuror yerindən müdaxilə edərək, bildirdi ki, bunlar məhkəmə prosesinin gedişində araşdırılası məsələlərdir. Əvvəlcə ifadələr dinlənilməli, sonra bu məsələyə baxılmalıdır.
Prokurorun bu müdaxiləsinə Seymur Həzi etirazını bildirdi: “Siz niyə məhkəmənin adından danışırsız?”
Hakim də icazəsiz danışmağı prokurora irad tutdu: “Əlavə fikir bildirmək istəyəndə replika qaydasında söz alın, fikrinizi deyin, yerinizdən danışmayın”.
Digər təqsirləndirilən Məhərrəm Həsənov və vəkili Eldəniz Quliyev isə bu vəsatətə qarşı çıxdılar.
Hakim bildirdi ki, məhkəmə baxışında ifadələr dinləniləndən sonra ehtiyac yaranarsa, kompüter gətirilməsi, mütəxəssisin dəvət olunması təmin edilə bilər.
Iş üzrə məhkəmə baxışı isə dekabrın 4-nə təyin edildi.
Xatırladaq ki, bu ilin avqustunda həbs edilən Seymur Həziyə qarşı CM-nin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. O, Məhərrəm Həsənovu əlindəki butılka ilə vurmaqda günahlandırılır. Lakin jurnalist sözügedən hadisənin təxribat olduğunu bəyan edib. Elə yerli və beynəlxalq ictimaiyyət də Seymur Həzinin jurnalist fəaliyyətinə görə həbs olunduğu qənaətindədir.
Aytən Məmmədova