Amerikalı ekspert Dubay mülklərini və “İlin korrupsioneri” söhbətini yenidən gündəmə gətirdi
ABŞ-da fəaliyyət göstərən, Mərkəzi Asiya, Qafqaz və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış bir qrup ekspertin yaratdığı “Registan” təşkilatın internet səhifəsində Azərbaycanın ictimai-siyasi həyatından bəhs edən məqalə yayımlanıb. Əlavə edək ki, “Registan”da yuxarıda sadalanan regionlar üzrə ekspertlərdən başqa konkret məsələlər və strateji əməkdaşlıq sahəsində çalışan xüsusi qrup fəaliyyət göstərir. Məqaləni bir zamanlar ölkəmizdə yaşayan və təcrübə keçən Syuzana Rotman qələmə alınıb. 2013-cü ilin mayında Azərbaycana gəlməzdən öncə İsrail, Bəhreyn və Mərakeşdə çalışmış Rotman Mərkəzi Asiya və Yaxın Şərqə qadın hüquqları, insan haqları üzrə fəaliyyət göstərib. Məqaləni təqdim edirik (başlıqlar redaksiyaya məxsusdur):
***
Azərbaycan heyrətamiz təbii sərvətlərə malik ölkədir. Neft ehtiyatlarının olduğu torpaqlarda alov çıxdığına görə keçmiş zamanlarda bu ərazilərin müqəddəs olduğuna inaniblar. İndi isə Azərbaycan hökuməi bu təbii zənginliklərdən əsas gəlir mənbəyi kimi istifadə edir. Bu gün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan və digər boru xətləri vasitəsilə bütün dünyaya ixrac olunur, Odlar Yurduna həddindən çox var-dövlət qazandırır. Külli miqdarda neft və qaz gəlirləri ictimai sektorun inkişafına yönəldilmədi. Azərbaycan hökuməti tikinti sektoruna milyonlarla yatırım qoyur. Bakıdakı “Alov Qüllələri” kimi dəbdəbəli binalar, ölkənin müxtəlif yerlərində bahalı turizm kompleksləri inşa olunur. Bunlarla yanaşı orta statistik azərbaycanlı aldığı aşağı məvaciblə yeni tikilən binalarda ev almaq şansına sahib deyil. Dəbdəbəli və bahalı mənzillər onlar üçün əlçatmazdır. Bakı sakinlərinin çoxu sovet dönəmində inşa edilən yaşayış komplekslərində məskunlaşıb. Bakıdan kənarda isə turizm üçün nəzərdə tutulmuş rayonlar istisna olmaqla çox az bölgədə yenilənmə və inkişaf var.
“Qara qızıl”ın sadə azərbaycanlıya xeyri dəymədi
Aşağı əməkhaqları “qara qızıl”ın Azərbaycan insanının yaşayış səviyyəsinin yaxşılaşmasına, qazancının artmasına xeyir vermədiyinin bariz nümunəsidir. 2011-ci ilin statistikasına görə, Azərbaycan həkiminin orta aylıq əməkhaqqı 300 dollardır, müəllimlər isə ayda 344 dollar maaş alır. Bakıda yaşayış isə həddən artıq bahadır. Normal yaşayış imkanları olan mənzilin kirayəsi 400 dollardan başlayır. Həkim və müəllimlər yaşamaq üçün (acından ölməmək üçün-red.) rüşvət almağa məcburdurlar. Korrupsiya təkcə bu sferalarda deyil, bütün dövlət xidmətlərində geniş yayılıb. Pasport və sürücülük vəsiqəsi almaq istəyən azərbaycanlılar dövlət məmurlarına rüşvət ödəyirlər.
Müəllim və həkim aşağı maaşla yaşam mübarizəsi aparır, prezident oğlu isə milyonluq villa alır
Hökumətin orta səviyyədəki korrupsiyanın aradan qaldırılması üçün atdığı addımlara baxmayaraq yuxarı təbəqədə baş verən korrupsiya hallarına qarşı heç bir iş görülmədi. Həkimlər aşağı məvaciblə ayaqda qalmaq mübarizəsi apardığı və rüşvət almaq məcburiyyətində olduğu zamanda Azərbaycan rəhbərinin yeniyetmə oğlu Heydər 2009-cu ildən bu yana Dubayda milyonlarla dollarlıq mülklərə sahibdir. Həmin mülklər dövlət gəlirlərinin hakim ailənin cibinə axması hesabına alınıb. Azərbaycan elitasında korrupsiyanın olması gizli deyil. Ölkə rəhbəri Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları beynəlxalq layihəsi tərəfindən “İlin korrupsioneri” adına layiq görülüb.
Fırıldaqçılıq Əliyev hökumətinin törətdiyi yeganə cinayət deyil. Rejim insan haqlarının vəziyyətinə görə dəhşətli rekorda sahibdir. Bu ilin iyulunda hüquq müdafiəçisi Leyla Yunus dövlətə xəyanət ittihamıyla həbs olundu. Xanım Yunus Əliyev hakimiyyətini açıq tənqid edəndir. Beynəlxalq hüquq müdafiə təşkiatları, həmçinin ayı-ayrı ölkələr hesab edir ki, xanım Yunusa qarşı irəli sürülən ittiham əsassız və uydurmadır. Leyla Yunusun işi yalnız bir nümunədir. “Human Rights Watch” təsdiqləyir ki, 2013-cü ildə hakimiyyət müxalif fəalları, hökuməti tənqid edənləri həbsə atmaq üçün əsassız və uydurma ittihamlardan istifadə edib.
Obama Azərbaycan haqda
Beynəlxalq aləm bu faktlar barədə yaxşı bilir. Prezident Obama bu ilin sentyabrında Klinton Qlobal Təşəbbüsünün illik sessiyasında çıxışı zamanı vətəndaş cəmiyyətinə qarşı hücumların olduğu Azərbaycanın adını xüsusi vurğuladı. Siravi vətəndaşlar, ictimai fəallar da hökumətin avtoritar və korrupsioner olduğunu yaxşı bilirlər. Əlaqə saxladığım yerli jurnalist əminliklə bildirdi ki, o, Bakıətrafı regionlardakı seçki məntəqələrində hakimiyyətdəki Yeni Azərbaycan Partiyasının xeyrinə seçki qutularının doldurulduğunun şahidi olub. Hakimiyyət barədə müzakirə apardığım tələbələrimdən biri “Biz bilirik ki, hökumət bütün pulları mənimsəyir” dedi. Digərləri bununla tam razılaşdı, bir çoxları da bu tip açıqlamalar verdi.
Bütün Azərbaycanda etirazların olduğuna dair çoxsaylı nümunələr var. Cari ilin əvvəllərində müxtəlif regionlarda insanların günlük həyatını çətinləşdirən məmurların ədalətsiz davranışlarına, geniş yayılmış korrupsiyaya qarşı etirazlar oldu. Son zamanlar minlərlə etirazçı hökumətin intensiv təzyiqlərinə, fəalların həbsinə, fikir azadlığının məhdudlaşdırılmasına qarşı küçələrə axışdı. Azərbaycan xalqının əksəriyyəti Əliyev hakimiyyətinin korrupsiyalaşdığını bilsə də, keçirilən aksiyalara qatılmırlar. Buna görə də etiraz aksiyalarına qatılanların göstəricisi Azərbaycanda rejim dəyişikliyini, hətta hökuməti siyasi islahatlara məcbur edəcək ölçüdə deyil. Nə üçün?
Dəyişiklik üçün inamlı olmaq lazımdır
Azərbaycand siyasi fatalizm möhkəmənib. Hətta həmkarlarımdan biri 2013-cü ildə keçirilən prezident seçkilərində səsverməyə getməyəcəyini söylədi. O, verəcəyi səsin əhəmiyyətinin olmadığını bildirdi. Ümumiyyətlə azərbaycanlılar hesab edir ki, onlar ölkədəki siyasi reallığı dəyişmək iqtidarında deyillər. Prezident ailəsinin dövlət resurslarını bütünlüklə mənimsədiyini açıq söyləyən həmin tələbə “Axı biz nə edə bilərik?” söylədi. “Gottschalk” araşdırma mərkəzi bildirir ki, sosial dəyişikliklərin baş tutması üçün insanlar onların islahat proqramlarının uğurulu olacağına inamlı olmalıdılar. Aydındır ki, belə inam Azərbaycanda geniş yayılmayıb. Bundan başqa mənimlə əlaqəsi olanlardan bəziləri bildirdi ki, Azərbaycan xalqı işlərin qeyri-müəyyən formada davam etməsinə meyllidir. Ötən ilin oktyabrında söhbətləşdiyim azərbaycanlılardan biri “Mən hazırki prezidentə səs verəcəyəm. Yeni gələn indikindən daha pis ola bilər” dedi.
Ərəb inqilablarının stabil və demokratik inkişaf yönündəki uğursuzluğa duçar olması çoxsaylı azərbaycanlıları narahat etdi. Bu kimi səbəblər üzündən onlar ölkədəki status-kvonun dəyişdirilməsində maraqlı deyillər. Tələbələrimdən biri “Misirə və Suriyaya baxın. Biz onlara oxşamaq istəmirik” dedi. Çoxsaylı azərbaycanlı hazırki siyasi reallığı şərh edərək bu tip açıqlamalar verdi. Liviya və Misir kimi ölkələrdə qeyri-sabitlik, zorakılıq halları insanların siyasi düşüncəsində narahtlıq yaradıb.
Azərbaycanlılar, ən azından Bakıda yaşayanlar konfliktlərdən yorulduqları üçün hazırki ağır yaşayış vəziyyətindən məmnun görünürlər. Siyasi proseslər barədə söhbətləşdiyim insanların əksəriyyəti həmişə bir faktı qeyd edirdilər ki, korrupsiyanın geniş yayılmasından asılı olmayaraq həyat səviyyəsinin yaxşılaşacağına inanırlar. Danışdığım insanların demək olar ki, hamısı Dağlıq Qarabağ probleminin yaratdığı problemlərlə üzləşiblər. 90-ci illərin əvvəllərində baş verən zorakılıq və iqtisadi itkilərdən qorxublar. Məhz bu qorxu və ehtiyat səbəbindən, eləcə də ərəb ölkələrində baş verənləri görən azərbaycanlılar kütləvi etirazlardan çəkinirlər.
Obama administrasiyası və Avropa Şurası repressiv rejimi, siyasi fəalların təqib olunmasını tənqid etsələr də, beynəlxalq təzyiq kifayət qədər deyil. Rusiya ilə konflikt yaşandığı dönəmdə Azərbaycan enerjisinin əhəmiyyəti getdikcə artır. Ölkə daxilində qeyri-sabitlik və yaşayış vəziyyətinin pisləşəcəyi qorxusu Əliyev rejiminin davamlılığını artırır. Bu kimi faktorlar islahat tələb edən qüvvəlləri də narahat edir. Bu o deməkdir ki, hər şey olduğu kimi qalacaq.
İnformasiya şöbəsi