Ölkədə 2,5-3 milyarda yaxın elektrik enerjisi itkiyə gedir
Enerji itkisi Avropada 1, SSRI-də 2 faiz olsa da Azərbaycanda bu göstərici 10-12 faizdir
Məhəmməd Talıblı: «Çıxış yolu məsuliyyət yükünü özəlsektorun «çiyinlərinə» qoymaqdan keçir»
Bu ilin yanvar-sentyabr aylarında 17113,6 milyon kilovatsaat (kVt saat) elektrik enerjisi istehsal olunub. Bunun 94,1 milyon kVt saatı idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak 14473,1, itkilər 2322,6 milyon, ixrac 412,0 kVt saat olub. Ötən ildə isə ümumilikdə 21,5 milyard kilovatsatt elektrik enerjisi istehsal olunub. Bunun təqribən 2,5-3 milyarda yaxını nəqletmədə və paylayıcı şəbəkədə itib, yəni texniki itkiyə gedib.
Mütəxəssislərin fikrincə, hazırda 1 kilovat əhaliyə 6 qəpiyə satılır. Bunun baha olması yalnız itkilərlə və vergilərlə bağlıdır. Belə ki, ölkə daxilində əlavə dəyər vergisi əlavə olunduğunda qiymətlər nisbətən bahalaşır. Hər halda ölkə ərazisində istehsal olunan elektrik enerjisinin qiymətinin daxili resurslar hesabına tənzimlənməsi faydalı olar.
Ölkədə elektrik enerjisi ilə təchizatın etibarlığının və keyfiyyətinin artırılması, o sıradan iqtisadi səmərəliliyin əldə olunması məqsədi ilə yüksək gərginlikli elektrik veriliş xətləri şəbəkəsinin idarə olunmasının və istismarının təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən sistemin yaradılması və ötürücü sektorun reabilitasiyası mühüm vəzifələrdəndir (“Anspress”).
“Azərbaycanda elektrik enerjisinin satışı regionda ən bahalıdır”
Ekspert Ilham Şaban bildirdi ki, 2005-ci ildən indiyədək Azərbaycanda elektrik enerjisi təsərrüfatına 4 milyard manata yaxın vəsait qoyulub, yeni stansiyalar tikilib. Hesabat verilib ki, tikilən stansiyalar beynəlxalq standartlara cavab verir. Ancaq çox maraqlıdır ki, Avropada SES-lər 180-200 qram şərti yanacaq işlədir, amma Azərbaycanda 280-300 qram işlənilir. Bu isə elektrik enerjisinin maya dəyərinin 1,5 dəfə artmasına gətirib çıxarır. Indi Azərbaycanda elektrik enerjisinin qiyməti Ukraynadan da baha olduğunu deyən ekspert vurğulayıb ki, ümumiyyətlə, MDB dövlətlərində elekrik enerjisinin maya dəyərinə baxsaq görərik ki, idxal ölkəsi olan Belarusla da müqayisə olunmuruq.
Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin topdansatış qiyməti təqribən 3,1 qəpik, yəni 4 sentdir. Bu, region ölkələri ilə müqayisədə böyük rəqəmdir: “Bakı ilə Mingəçevirin arası 300 kilometrdir, yəni elektrik xətti 300 kilomert məsafdən gəlir. Təbii ki, bu məsafədə naqillərin qızması baş verir və bu da itkiyə səbəb olur. Ümumiyyətlə, xətt nə qədər yaxın olsa, elektrik enerjisi istehlakçıya nə qədər yaxın məsafədən çatdırılarsa, bu, o qədər yaxşıdır. Yəni bütün bunlar nəzərə alınsa, bu, əhaliyə satılan elektrik enerjisinin qiymətinə təsir göstərər”.
“Sovet dövründə 2,5, hazırda isə 12 faiz itki”
Iqtisadçı alim Oqtay Haqverdiyev bildirib ki, Azərbaycanda əsasən elektrik enerjisi paylayıcı şəbəkələrdə itir. Müxtəlif illərdə bu faiz 17-20% təşkil edib. Hazırda bu rəqəm təxminəm 10-12 faizdir. Bu rəqəmin minimum nə qədər olması isə açıq qalan məsələdir. O xatırladıb ki, Sovet dövründə itki ilə bağlı maksimum nəticə 2,5 fazi təşkil edirdi. Inkişaf etmiş Avropa ölkələrində isə itkiyə gedən enerji 1 faizdən çox deyil. Orada elektrik enerjisi müasir kompüter sistemi ilə idarə olunduğundan itki az olur. “Azərenerji” Səhmdar Cəmiyyəti elektrik enerjisi sistemində müasir dispetçer idarəetmə sisteminin (SCADA/EMS), o cümlədən optik-lifli xətlərlə müasir rabitə sisteminin yaradılması, yarımstansiyalarda və elektrik stansiyalarında texnoloji məlumatların toplanması və emal edilməsi üçün terminalların və sürətli kompüter texnikasının quraşdırılması, əsas mərkəzi dispetçer idarəsinin yenidən qurulması və ehtiyat dispetçer idarəsinin yaradılması istiqamətində ciddi iş aparır. Paytaxtda və regionlarda modul tipli yeni stansiyaların quraşdırılması prosesi davam edir.
Bəs Azərbaycanda elektrik energisinin bu qədər böyük itkisinə təsir göstərən başqa faktorlar nədən ibarətdir.
Bu suala iqtisadçı Məhəmməd Talıblı ilə aydınlıq gətirməyə çalışdıq. M.Talıblı “Azadlıqa”a açıqlamasında bildirdi ki, itkilərin konkret həddini hesablamaq asan deyil. Çünki, bu itkilər üçün istehlakın dəqiq strukturunu və dəyişmə həddini bilməliyik. Bu zaman isə “Azərenerji” mötəbər mənbə olaraq çıxış edə bilməz: “Amma xətalarla kobud hesablama aparsaq, illik itki 180 milyon manat edir. SSRI zamanında elektrik enerjisi üzrə müqayisədə bu, 2 dəfəyədək itki deməkdir. Əgər biz buna sistem baxımından yanaşsaq, başqa mənzərə alınmalı idi. Yəni Sovet sistemi sosialist və inzibati-amirlik sistemi olduğu üçün orada təsərrüfatsızlıq və dövlət resurslarından səmərəsiz istifadə daha çox olmalı idi. Amma bazar istisadiyyatı yolunu tutan dövlətlərdə isə özəl sektora aid olan resurslardan daha qənaətlə və səmərəli istifadə siyasəti xasdır. Biz isə hazırda 2-ci bölməyə aid olduğumuz üçün bizdə gərək enerjidən əvvəlki illərə nisbətən daha səmərəli istifadə olunmalı idi. Bu indi də belə deyil, hətta 10 il bundan əvvəl də belə deyildi”.
Beynəlxalq Enerji Agentliyinin məlumatına istinad edən M.Talıblı vurğuladı ki, BEA-nın hesablamalarına görə, 2004-cü ildə Azərbaycan vətəndaşları dünyada ən çox enerji istehlak edib: “Bu rəqəm Ispaniyada il ərzində adambaşına 1226 kv/saat, Italiyada 1083 kv/saat, Almaniyada 1615 kv/saat, Rusiyada 950 kv/saat, Ukraynada 451 kv/saat, Azərbaycanda isə bu rəqəm 1750 kv/saat istehlak edib. Eyni zamanda da qaz istehlakına görə də dünyada öncül yerləri bölüşür. 2004-cü ildə Italyada 1085 kubmetr, Almaniyada 1038 kubmetr, Ingiltərədə 1537 kubmetr və Azərbaycanda isə 1600 kubmetr qaz istehlak olunub. Bütün növ enerji növləri üzrə itkilərin kökündə mal və xidmətlərin istehlakı üzrə məsuliyyət yükünün özəl sektorun çiynində olmamasıdır. Indi artıq dünyada nəinki istehlak malları üzrə istehsal və xidmət sferası, hətta idarəetmənin də bir hissəsi özəl sektora verilir. Bu zaman həm keyfiyyətli xidmət, həm də korporativ maraqlar üçün qənaətli istifadə aparıcı olacaq. Qeyri-müəyyənlik və təsərrüfatsızlıq qaldıqca isə bu təkcə enerji istehsalı üzrə itkilərlə yekunlaşmayacaq. Buda dövlətin maliyyə itkiləri ilə də müşahidə olunacaq. Söhbət dövlət büdcəsindən bəzi iri şirkətlərə dövlət dotasiyalarının verilməsini də nəzərə almaq lazımdır. Hər il yeni investisiya layihəsi həyata keçirilməsi üçün dövlət büdcəsindən aldıqları dotasiyalar sonradan heç bir formada dövlət büdcəsinə qayıtmır. Bu isə səmərəsiz və qeyri-şəffaf xərcləmə üçün əsas mənbəyə çevrilir”.
Hikmət