«Hamımız bu qərardayıq ki, mitinqlərimiz davamlı olmalıdır»
Eldəniz Quliyev: «Ramiz Mehdiyev öz günahlarını başqa çiyinə yıxmaq istəyir»
«Azərbaycandakı məhkəmə sistemi dövlətçiliyin təməl sütunlarından biri kimi tamamilə laxlayıb»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyev barəsində dünən məhkəmə hökmü çıxarılıb. Məhkəmə Eldəniz Quliyevin 480 saat ictimai işlərə cəlb olunmaqla, 1000 manat cərimə edilməsi haqda qərar verib. Xatırladaq ki, Eldəniz Quliyev polislərin nüfuzuna xələl gətirdiyi iddiası ilə daxili işlər naziri Ramil Usubov onu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Müsahibimiz E.Quliyevə ilk sualımız elə barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı oldu:
“Apelyasiya şikayəti verəcəyik”
– Barəmdə çıxarılan hökmü tam narazılıqla qarşılayıram. Bir daha əmin oldum ki, Azərbaycandakı məhkəmə sistemi dövlətçiliyin təməl sütunlarından biri kimi tamamilə laxlayıb, müstəqil deyil, yalnız göstərişlə işləyir. Heç kim inkar edə bilməz “məhkəmə” prosesi mənim ictimai-siyasi fəaliyyətimlə birbaşa bağlıdır. Mənim həm Milli Şuranın, həm Ziyalılar Forumunun rəhbərliyində təmsil olunmağım, eləcə də etnik azlıqların hüquqlarını müdafiə etməyim, dini kəsimlə milli-mənəvi dəyərlər baxımından yaxınlaşmağım məhkəməyə verilməyimin əsas səbəbləri idi. Barəmdə çıxarılan hökmlə bağlı apelayasiya şikayəti verəcəyik. Qərar belədir ki, barəmdə 480 saat ictimai iş və 1000 manat cərimə kəsilib. Eyni zamanda yalançı, saxta ekspertiza rəyinin xərcini də məndən çıxacaqlar. Bu da 140 manatdır. Amma bununla məzhəkə bitməyib. Proses davam edir. Yaşadığım evin qarşısında səhərə qədər keşik çəkiblər. Səhər isə 273 nömrəli ağ maşın məni getdiyim yerlərə qədər qarabaqara izləyir. Bunlar nə etmək istəyir? Bura Haitidir, Şimali Koreyadır? Əgər Konstitusiyada demokratik respublika yazılıbsa, o zaman atılan bu addımlar nədir? Bununla cəmiyyətdə xof yaratmağa çalışırlar? Mənim timsalımda digər ziyalı düşüncəli insanlara mesaj göndərirlər. Bu əks-effekt verəcək. Məni çox kövrəldən bir məqam da oldu məhkəmədə. Mənə bir neçə xanım müraciət edərək dedilər ki, proses barədə xəbəri internetdən oxuyublar və məhkəməyə ittihamçıların üzünə baxmağa gəliblər ki, bu dərəcədə yalanı necə söyləmək olar.
– Barənizdə çıxarılan məhkəmə hökmünü bir xəbərdarlıq kimi dəyərləndirmək olarmı?
– Bu, məndən daha çox Milli Şuraya xəbərdarlıqdır. Amma biz bu tip addımlara öyrənmişik. Ədalətli yol tutduğunu anlayan insan daxilində bir harmoniya hiss edir. O zaman bu cür xəbərdarlıqlara, təzyiqlərə baxmayaraq insan əmin olur ki, düz yoldadır və daxili rahatdır. Hakimiyyətin bu cür addımları heç bir nəticə verə bilməz. Əksinə, bunlar əks-effekt verir. Biz bir daha əmin oluruq ki, haqq, ədalət yolundayıq. Bu, xəbərdarlıqdan daha çox xof yaratmaq cəhdidir. Demək istəyirlər ki, biz hətta lazım olsa, ziyalını da susdura bilərik. Bunlar anlamırlar ki, artıq hər şey məlumdur. Milli Şura Azərbaycanda yeganə siyasi qurumdur ki, orada təmsil olunanlar durumu aydın insanlardır. Onları heç cür xofla qorxutmaq olmaz. Dəmiri nə qədər çox döyürsənsə, bir o qədər də bərkiyir. Milli Şura silsilə mitinqlər barədə qərar qəbul edib.
“AXCP bir an belə məni tək qoymadı”
– Məhkəmə prosesinizə ictimai diqqətlə yanaşı, bir dəstək də var idi. Sosial şəbəkələrdə müzakirə olunmaqla yanaşı, hakimiyyətin addımlarına sərt təpki sərgilənirdi. Sizə olan dəstəyi necə dəyərləndirirsiniz?
– Mənim üçün “elin gözü tərəzidir” müdrik kəlamı özünü doğrultdu. Xalqımız bildi ki, yalan hardadır, həqiqət hardadır. Ictimai dəstəyə görə isə mən hər bir kəsə təşəkkürümü bildirirəm. Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyov ard-arda bir neçə bəyanatla çıxış etdi. Mən AXCP-yə, onun sədri Əli Kərimliyə xüsusi təşəkkür etmək istəyirəm. Demək olar ki, məni bir dəqiqə də olsun yalnız buraxmadılar. Mən haqq yolumda hər an onların çiynini hiss etdim. Hər bir məhkəmədə gələn adamların üçdə ikisi bayırda qalırdı. Çünki salonda yer olmurdu. Mən daha sonra digər siyasi təşkilatlara, Lalə Şövkətə, Isa Qəmbərə, Milli Şuranın ayrı-ayrı üzvlərinə təşəkkürümü bildirirəm. Ən əsası, Milli Şuranın sədri Cəmil Həsənliyə minnətdaram. Bu bir şeyi göstərir ki, cəmiyyət öz sözünü deyənlərə qarşı biganə deyil. Bu cür münasibət məni bir qədər məsuliyyətli olmağa səsləməklə yanaşı, bir qədər də kövrəltdi.
– Milli Şura bir müddət əvvəl hakimiyyətin repressiya siyasətinin tüğyan etdiyi zamanda uğurlu aksiya keçirdi. Milli Şura silsilə aksiyalara qərar verib. Həmkarlarınız hesab edir ki, bu yol ilə cəmiyyətin passiv kəsimini də aktivləşdirmək mümkündür…
– Cəmiyyətdə bir ictimai ətalət mövcuddur. Bu da düşünülərək yaradılan xofla bağlıdır. Bir çoxları “nə edirsənsə et, onsuz da heç nə dəyişən deyil, bunun nə xeyri var” düşünür. Hətta bu sözləri deyən adamlar anlayırlar ki, nə isə düz deyil, biz haqsızlıq içərisində yaşayırıq. Fakt odur ki, ədalətsiz hakimiyyət mövcuddur və o, qeyri-demokratik fəaliyyət göstərir. Özü də hakimiyyətin repressiv maşını “dədəm mənə kor deyib, gəlib-gedənə vur deyib” prinsipi ilə işləyir. Günahı oldu-olmadı insanları həbs edir. Leyla Yunus, Anar Məmmədli, Tofiq Yaqublu, Intiqam Əliyev və digər günahsız insanlar hazırda bu siyasətə görə həbsdədirlər. Onların heç birinin günahı yoxdur. Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan şəxsiyyətlərdir bunlar. Bu insanları Azərbaycanın inkişafına, demokratikləşməsinə qoşmaq lazım idi. Amma əksinə, bu insanlar həbs olunublar. Kütləvi aksiyalar etirazın bir formasıdır. Milli Şuranın son aksiyasında ilk növbədə hakimiyyətin gözləmədiyi kütləvilik oldu. Hakimiyyət bu aksiyada ucuz təxribata da əl atdı. IŞID-in bayrağının qaldırılması bu məqsəd daşıyırdı. Əslində, bu addımı ilə hakimiyyət özünü rüsvay etdi. Hakimiyyət təmsilçiləri bəyan edirdilər ki, ora ən çoxu 50 adam gələ bilər. Amma aksiya uğurla baş tutdu. Ona görə hamımız hesab edirik ki, Milli Şuranın mitinqləri davamlı olmalıdır. Bu ilk növbədə ətalətdən, xofdan çıxmaq üçün vacibdir. Aksiyalar hakimiyyətin syiasi repressiyalarına son qoymaq, sosial durumumuzu acınacaqlı vəziyyətdən çıxarmaq üçün gərəklidir. Ona görə düşünürəm ki, növbəti mitinqimiz oktyabrın 12-də keçirilən aksiyadan da kütləvi olmalıdır.
“Baş verənlərə görə hakimiyyət məsuliyyət daşıyır”
– Ramiz Mehdiyev çıxışında vurğulayıb ki, ölkədə əsas yaşayış meyarı kimi insanların evə, maşına və pula sahib olmaq istəyinin üstünlük təşkil etməsidir. R.Mehdiyev hətta vurğulayıb ki, bu maddi nemətləri əldə etmək üçün insanlar əxlaqsızlığa, qanunsuz işlərə əl atmağa çalışırlar. Buna görə məsuliyyəti kim daşıyır?
– Sadalanan bütün neqativ halların baiskarı hazırkı hakimiyyətdir. Bu, hakimiyyətin fəaliyyətindən, təbliğat maşınından doğan nəticələrdir. Bunları dilə gətirməklə xalqımı qınayırsan? Hörmətli Ramiz Mehdiyev siz, özünüz birinci nümunə göstərdiniz ki, dünyada mənəviyyata barmaqarası baxmaq, əxlaqi dəyərləri tapdalamaq olar. Mən bütün günahları ancaq həmin fikri səsləndirən hakimiyyət təmsilçilərində görürəm.
– Ramiz Mehdiyev çıxışında eyni zamanda bəyan edib ki, Azərbaycanda təhsilin səviyyəsi 70-ci illərə yaxınlaşıb, hətta Prezident Administarsiyasında kadr çatışmamazlığı var. Amma I.Əliyev Bakıda keçirilən gənclərin beynəlxalq toplantısına müraciətində qeyd edib ki, Azərbaycanda təhsilə böyük qayğı var…
– Hakimiyyət təmsilçilərinin dilindən ilk dəfə deyil ki, bu cür paradoksal fikir səslənir. Belə fikirlər təhsil, səhiyyə, xarici siyasətlə də bağlı səslənib. Biz dəfələrlə görmüşük ki, hakimiyyət təmsilçiləri Iranda bir, Rusiyada başqa, ABŞ-da isə tamamilə fərqli fikir səsləndiriblər. Təhsilin də bu vəziyyətdə olmasına görə yenə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır. Azərbaycanın təhsili, maarifi xalqın taleyidir. Buna çox ciddi yanaşmaq lazımdır. Azərbaycanın gənc kadrları həmişə olub, indi də var. Azərbaycanın intellektual potensialı çox yüksəkdir. Sadəcə məmurları başqa kriteriyalar ilə işə götürürlər. Bəzən bu, açıq rüşvət müqabilində edilir. Belə olan halda, əlbəttə, bu öz təsirini göstərməlidir. Insan bacarığına görə qiymətləndirilməlidir. Insana siyasi əqidəsinə, milliyyətinə görə qiymət verilməməlidir. Özümdən misal çəkim. Mən ssenaristəm. Azərbaycanda peşəkar ssenarist bir əlin barmaqlarından da azdır. Onlardan biri də mənəm. Hazırda nə qədər filmlər çəkilir, hər yerdə də ssenari qıtlığı var. Mənim ssenarilərimi qəbul etmirlər ki, sən müxalifətçisən. Bu cür yanaşanda, əlbəttə, çox axsayacağıq.
“Iqtidar heç zaman əxlaqi dəyərlərimizin qorunmasında maraqlı olmayıb”
– Ramiz Mehdiyev vurğulayıb ki, Azərbaycan telekanalları mənəviyyata qarşı səlib yürüşünə çıxıblar. Amma elə bu hakimiyyət təmsilçiləri telekanallardan intelektual, düşündürücü verilişləri yığışdırdılar. Indi isə tənqidə keçiblər…
– Mən bir fikirlə razıyam ki, Azərbaycanda milli-mənəvi dəyərlər sistemini düşünülmüş şəkildə məhv edən qüvvələr var. Bu qüvvələrin işartıları Azərbaycan televiziyalarından, KIV-lərindən görünür. Hamıya aydındır ki, adını çəkdiyim vasitələrin arxasında hakimiyyət dayanır. Azərbaycanın indiki iqtidarı heç zaman əxlaqi dəyərlərimizin, mental xüsusiyyətlərimizin inkişafında, qorunmasında, inkişafında maraqlı olmayıb. Bu da çox böyük faciələrdən xəbər verir. Ramiz Mehdiyevin çıxışında çox şey deyilib. Amma bircə məqam çatışmır. O da onun səmimi olmamasıdır. Mən bu çıxışlarda Ramiz Mehdiyevin öz günahlarını başqa çiyinə yıxmaq istəyini hiss etdim.
– Ilham Əliyev Fransa prezidenti ilə görüşü zamanı bəyan edib ki, Leyla Yunusun məsələsi ilə maraqlanacaq. Bu, Ilham Əliyevin baş verənlərdən xəbərsiz olduğunu göstərir, yoxsa onun deməyə arqumenti yoxdur?
– Bu ən qısa və son lətifə kimi qəbul olunmalıdır.
“Bu ,AXCP-yə qarşı hücumdur”
– Qəzitimizin əməkdaşı Xalid Qarayev gülməli ittihamlarla həbs olunaraq 25 sutka cəza aldı. Eyni zamanda Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevin işi ilə bağlı məhkəmə “maraqlı” qərar çıxardı. Döyülən və bıçaqlanan Ə.Gülalıyev olsa da, cəzanı da məhz ona verdilər. Bu nəyin görsənişidir?
– Sanki hakimiyyətin içində elə xüsusi xidmət orqanları var ki, Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Xalid çox qanacaqlı, mərifətli, daxili mədəniyyəti olan gəncdir. Təbii ki, bu, AXCP-yə, “Azərbaycan Saatı” proqramına hücumdur. O, hətta ağzını bağlayaraq yol ilə getsəydi belə, ona qarşı başqa bir ittiham uyduracaqdılar. Hakimiyyət başa düşür ki, AXCP yeganə siyasi qurumdur ki, həm Milli Şurada təmsil olunur, həm də ipə-sapa yatmır və mübarizəsini ləyaqətlə aparır. Bu da hakimiyyəti qıcıqlandırır. Seymuru həbs etdilər, Natiq Ədilovun qardaşını həbs etdilər. Görünən odur ki, hədəf AXCP və “Azərbaycan Saatı”dır. Bu siyasət heç kimə başucalığı gətirmir. Bu siyasət utanc verir. Belə siyasət cığal uşaqların davranışına bənzəyir.
Oqtay Gülalıyevin oğlu ilə baş verən də növbəti bir absurddur. Bu gülməli məqamlar da utanc gətirir. Mənim məhkəməm də həmin qisimdəndir.
Xəyal