Hərənin öz siyahısı var və heç kim güzəştə getmək istəmir
Bələdiyyə seçkiləri hakimiyyət daxilində gərginliyə səbəb olub. Bu iqtidar düşərgəsindən gələn açıqlamalarda da özünü biruzə verir. Məsələn, Milli Məclisin son iclasında deputat Qalib Salahzadə artıq seçkilərin nəticələrinin bəlli olduğunu bildirib. “Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq.
Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım”, – deyə Qalib Salahzadə vurğulayıb.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə namizədlik uğrunda hakim partiyada qırğın getdiyini bildirib: “Bu saat Yeni Azərbaycan Partiyasında bələdiyyəyə namizəd düşmək uğrunda qırğındır. Bəzən onları hədələyirik ki, bizim qərardan kənar namizədliyinizi versəniz, partiyadan çıxarılacaqsınız”.
Siyavuş Novruzov həmçinin YAP-çılara xəbərdarlıq edib. O, Trend-ə açıqlamasında deyib ki, partiya üzvlərinə bir-birilərinə alternativ namizəd olmamaları tövsiyə edilir: “Maksimum dərəcədə çalışmaq lazımdır ki, partiyanın qərarı ilə uyğunluq olsun. Partiya 15 035 namizəd irəli sürüb və bununla bağlı qərarlar bu gün dairə seçki komissiyalarına çatdırılacaq. Tövsiyə edirik ki, bizim namizədlərə öz partiyamızdan alternativ namizəd olmasın. Düzdür, hər bir insanın arzusu, istəyi var, amma bizim üzvlərimizin sayı çoxdur”.
Siyavuş Novruzov vurğulayıb ki, YAP-ın 650 minə qədər üzvü var və bu üzvlərin sırasından cəmi 15 035 nəfərin nazmizədliyi irəli sürülüb: “Digərləri də istəyir ki, iştirak etsin. Amma bunu baxıb nizamlayacağıq”.
Redaksiyamıza daxil olan məlumata görə, bələdiyyələrlə bağlı icra hakimiyyətlərinin, ayrı-ayrı oliqarxların və YAP-ın öz siyahısı var və heç kim güzəştə getmək istəmir. Bu da iqtidar daxilində ciddi gərginlik yaradıb. “Bələdiyyələrə marağın kökündə isə ”torpaq biznesi”, həmçinin qəsəbə və məhəllə daxili yolların bələdiyyələrin nəzarətinə verilməsi və bununla da bələdiyyələrin faktiki olaraq maliyyə imkanlarının artırılması dayanır. Indi bələdiyyələr əvvəlki illərə nisbətən daha yaxşı gəlir yeri hesab olunur”, – deyə məlumatda bildirilir.