Məhkəmə söyüş söyməkdə təqsirləndirilən Xalid Qarayev barəsində sifarişli qərar çıxardı
«Həbsim siyasi sifarişdir, yazılarımla bağlıdır, ona görə də məhkəmədən ədalət gözləmirəm. Sizə yalvarmayacağam!»
Dünən Binəqədi rayon Məhkəməsi “Azadlıq” qəzetinin, eləcə də “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda – küçədə söyüş söyməkdə təqsirli bilinib.
Xalid Qarayevin vəkili Bəhruz Bayramov bu həbsin sifarişli olduğunu bildirir. Onun sözlərinə görə, Xalid Qarayevin ictimai yerdə söyüş söydüyü barədə deyilənlər yalandır: “Məhkəmədə dindirilən hal şahidləri Binəqədi polisinin qeyri-rəsmi əməkdaşlarıdır. Cinayət işlərində, inzibati proseslərdə onların adlarına tez-tez rast gəlirəm. Onlara tapşırılan ifadəni verdilər, hakim də hal şahidlərinin dediklərini nəzərə alaraq qərar çıxardı”.
Vəkil qeyd edib ki, Binəqədi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Xalid Qarayev məhkəməyə gətirilərkən onu jurnalist həmkarları və AXCP fəalları qarşılayıb. Xalid Qarayev gətirilərkən nikbin əhval-ruhiyyə ilə dostlarına “Hər şey əla olacaq!”, “Mübarizə davam edir!” deyərək, məhkəmə binasına aparılıb.
Təxminən bir saatdan sonra məhkəmə prosesi başlayıb. Jurnalistin yaxınları və dostları məhkəmədə iştirak etmək istəsələr də, nəzarətçilər zalın dolduğunu əsas gətirərək, buna imkan verməyiblər. Bu da haqlı olaraq, narazılığa səbəb olub. Sonda hakim Vüqar Məmmədov belə qərara gəlib ki, prosesdə yalnız Xalid Qarayevin qohumları iştirak edə bilər. Nəticədə, hətta jurnalistlər də məhkəmə zalına buraxılmayıb.
Məhkəmədə Adil Əliyev və Elnur Qasımov hal şahidliyi edərək, Xalid Qarayevin küçədə söyüş söydüyünü deyiblər. Ilk dəfədir hal şahidliyi etdiyini deyən Elnur Qasımov etiraf edib ki, cəmi bir dəfə 45 sutkalıq inzibatı həbs cəzası çəkib.
Lakin Xalid Qarayevin vəkili Elnur Qasımovun narkotiklə bağlı başqa iş üzrə də hal şahidliyi etdiyini məhkəmənin nəzərinə çatdırıb.
Vəkil Bəhruz Bayramov eyni zamanda, hadisə yerindəki kameralara baxış keçirilməsi, həmçinin Xalidin sağlamlıq vəziyyətinin yoxlanılması barədə vəsatətlər qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Daha sonra sahə müvəkilli yazdığı raport haqda məlumat verib. Deyib ki, Xalid Qarayev oktyabrın 29-da axşam saat 22.00 radələrində Binəqədi qəsəbəsində, hamının “Mərkəz” adlandırdığı yerdə ünvansız söyüşlər söyüb, ona yaxınlaşan polis əməkdaşlarına tabe olmayıb, buna görə də Inzibati Xətalar Məcəlləsinin 296 (xırda xuliqanlıq) və 310.1 (polisə müqavimət) maddələrilə saxlanılıb.
Yuxarıda adları çəkilən şahidlər də Xalidin söyüş söydüyünü iddia ediblər.
Xalid Qarayev isə deyilənlərin yalan olduğunu bildirib. O, həbsinin siyasi və jurnalist fəaliyyətilə bağlı olduğunu bəyan edib.
Jurnalist eyni zamanda, hal şahidliyi edənlərin nəzərinə çatdırıb ki, onlar iltizama doğru ifadə verəcəklərinə dair imza atmışdılar, amma yalan danışdılar.
Xalid Qarayev necə həbs olunduğunu da danışıb: “Oktyabrın 29-da gün ərazində tanıdığım bir nəfər mənə mütəmadi olaraq zəng edirdi. Onun polislə əlaqəsi olduğunu hamı bilir. Soruşurdu ki, hardasan? Deyirdim işdəyəm. Iş yerimə gəlmək istədiyini bildirirdi. Dedim ki, işdən çıxanda sonra görüşərik. Gün ərzində bir neçə dəfə zəng etdi mənə. Ona dedim ki, Binqədiyə gələndə görüşərik. Binəqədiyə çatanda ona zəng etdim. O da gələcəyini dedi. Dükandan ərzaq alıb çıxanda iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı, onlarla getməli olduğumu bildirdilər. Kimliklərilə maraqlandım. Polis zabiti olduqlarını dedilər və məni Binəqədi Rayon Polis Idarəsinin 4-cü polis bölməsinə gətirdilər. Bölməyə gələndə səhərdən mənə zəng edib görüşmək istəyən adamı bölmədə gördüm. O, artıq işini görmüşdü”.
Xalid Qarayev məhkəmədən mərhəmət gözləmədiyini də qeyd edib: “Mən sizə yalvarmayacam, xahiş etməyəcəm. Mən məhkəmədən ədalət gözləmirəm. Nəyə görə həbs olunduğumu gözəl bilirəm. Bu, siyasi sifarişdir. Mənim jurnalist fəaliyyətimlə, yazılarımla bağlıdır”.
Daha sonra hakim qərar çıxarmaq üçün müşavirəyə yollanıb. Müşavirə təxminən 2 saat çəkib. Qərar isə əvvəlcədən gözlənildiyi kimi olub – Xalid Qarayev təqsirli bilinərək, 25 sutkalıq inzibati həbslə cəzalandırılıb. Jurnalist Binəqədidəki Inzibati Təcridxanaya aparılıb.
Ramin DEKO
***
“Azadlıq” qəzetinin və “Azərbaycan saatı”nın əməkdaşı, AXCP üzvü Xalid Qarayev saxlanılıb. O özü bu barədə “Facebook” səhifəsində məlumat yayıb. X.Qarayev Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə aparılıb.
4-cü polis bölməsindənsə “Azadlıq”ın əməkdaşına bildirilib ki, Xalid Qarayev Binəqədi rayon polis idarəsinə aparılıb. Lakin onun hansi səbəbdən saxlanıldığı deyilməyib.
Binəqədi rayon polis idarəsinə gedən “Azadlıq”ın əməkdaşına bildirilib ki, Xalid Qarayev adlı şəxs idarəyə gətirilməyib. 4-cü polis bölməsi ilə təkrar əlaqə saxlayan əməkdaşımıza Xalid Qarayevin, ümumiyyətlə, bölməyə gətirilmədiyi deyilib. Halbuki bir qədər əvvəl Xalid Qarayevin 4-cü polis bölməsinə gətirildiyi və ordan Binəqədi polis idarəsinə göndərildiyi deyilmişdi.
Nəhayət, gecə saatlarında Binəqədi rayon polis idarəsinin rəis müavini Oqtay Süleymanlı idarənin qabağında gözləyən jurnalistlərin qarşısına çıxaraq bildirib ki, Xalid Qarayev Binəqədi rayonu ərazisində küçədə söyüş söydüyü üçün inzibati qaydada saxlanılıb.
Bu gün onunla bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.