Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri təşkilatın baş katibinə və üzv ölkələrə müraciət etdi
Azərbaycan vətəndaş cəmiyyətinin 35 nümayəndəsi Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assamleyasının prezidentinə, eləcə də təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinə müraciət edib. Məktub müəllifləri ölkədə insan hüquqları sahəsində getdikcə daha da pisləşən duruma diqqət yetirilməsini, Azərbaycan hökumətindən bu problemlərin həllinin tələb olunmasını istəyirlər.
Azərbaycanda siyasi məhbus probleminin həlli məqsədilə yaradıldığı iddia olunan Işçi Qrupun mahiyyəti, hökumətin bu qurumun fəaliyyətini bərpa etməkdə gerçək məqsədi haqda da məktubda məlumat verilib. Bildirilib ki, bu qrup əsasən hökumətə meylli QHT-lər, hökumət rəsmiləri və parlament üzvlərindən ibarətdir. Qrupun ilk iclasında da insan haqları, o cümlədən siyasi məhbus probleminin təcili həlli, konkret tədbirlərin görülməsinə dair çağırışlara diqqət yetirilmədi.
Məktub müəllifləri ona görə bu məqamə diqqət yetirirlər ki, Işçi Qrupun fəaliyyəti Avropa Şurasının Baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə bərpa olunub. Məqsəd isə “vətəndaş cəmiyyəti ilə Azərbaycan hökuməti arasında dialoqun bərpası” idi.
Məktubda qeyd olunur ki, Işçi Qrupa üzv təyin etmə proseduru və üzv seçilməsi üçün meyarlar ictimaiyyətə açıqlanmayıb, siyasi məhbus məsələsi məşğul olan aparıcı fiqurlar bu prosesdən kənarda saxlanılıb. Bundan başqa, Işçi Qrupda olan iki deputat – Səməd Seyidov və Əli Hüseynli Azərbaycanda siyasi məhbus olmadığını iddia edir. Onlar eyni zamanda, son vaxtlar həbs olunan hüquq müdafiəçilərini qanunu pozmaqda ittiham edirlərsə, bu da həmin adamların obyektiv olacaqlarını şübhə altına alır:
“Işçi Qrupda müstəqil səslərin və insan haqları məsələlərilə tanış olan insanların qatqılarının yoxluğu bu qurumun bəyan edilmiş məqsədinə xələl gətirir.
Azərbaycanda hazırkı siyasi məhbuslar arasında keçirilmiş qeyri-rəsmi sorğunun nəticələri göstərir ki, Işçi Qrupda olan şəxslərin böyük əksəriyyəti (90 faizi) qeyri-obyektiv hesab olunurlar. Ondan çoxÿsiyasi məhbus (Ilqar Məmmədov, Tofiq Yaqublu, Leyla Yunus, Intiqam Əliyev, NIDA-çı gənclər və s.) ərizə imzalayaraq, hökumətin nəzarətində olan QHT-lərin siyasi mənfəət əldə etmək, yəni, hökumətin repressiv siyasətini ört-basdır etmək məqsədilə onların işlərini təhrif etmək cəhdlərinən narahat olduqlarını bildiriblər. Məhbuslar bu cür QHT-lərin nümayəndələrinin (o cümlədən, Səidə Qocamanlı, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Novella Cəfəroğlu) onların qanuni hüquqlarını müdafiə etmək üçün lazımi müdafiəni təmin edəcəyinə inanmırlar”, – deyə müraciətdə qeyd olunur.
Məktub müəllifləri Işçi Qrupun ilk iclasıyla bağlı maraqlı bir məqamı da diqqətə çatdırıb: “Bu iclasla bağlı ən diqqətəlayiq hadisə isə, yəqin ki, tanınmış jurnalist və hüquq müdafiəçisi Xədicə Ismayılovanın görüşə dəvətinin son anda ləğv olunmasıdır. Xədicə Ismayılova oktyabrın 21-də Işçi Qrupda iştiraka rəsmi dəvət alsa da, görüşün keçirildiyi gün onun iştirakına icazə verilməyib.
“Mənə dedilər ki, adım qonaq siyahısında yoxdur. Mən Prezident Aparatına Vüqar Əliyevə zəng etdim, o, təəccübləndiyini bildirdi və dedi ki, bu qeyri-mümkündür. Sonra o, mənə zəng etdi və dedi ki, digər iştirakçılardan bəziləri mənim iştirakıma etiraz edib”, – deyə Ismayılova bildirib.
Xədicə Ismayılovanın bu görüşdə iştirakına ən çox etiraz edənlərdən biri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov olub. Məmmədov qrupun katibliyinə rəhbərlik edir və insan hüquqlarını müdafiə sahəsində fəaliyyət göstərən QHT-lərə, beynəlxalq donorlara qarşı böhtanlı çıxışları ilə məşhurdur. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun sentyabr ayında Varşavada keçirilən son iclasında, o, Azərbaycanın insan hüquqlarını müdafiə sahəsində fəaliyyət göstərən QHT-lərini çirkli pulların yuyulmasında və şəffafflığın olmamasında ittiham edib – onun fikrincə, bunlar rejimin repressiv siyasətinə haqq qazandırır.
Bildiririk ki,ÿhazırkı Işçi Qrupda təmsil olunan şəxslərin çoxu Ədliyyə naziri yanında Penitensiar Xidmətə Ictimai Nəzarət Komitəsində olublar. Komitə effektli ola biləcək fəaliyyət göstərmədiyi üçün ÿbelə bir Işçi Qrupun fəaliyyəti də ürəkaçan olmayacaq”.
Məktub müəllifləri xüsusi olaraq vurğulayır ki, bu qrupun yaradılma məqsədi siyasi məhbus üzrə həmməruzəçinin rolunu azaltmağa hesablanıb. Çünki həmməruzəçi bu məsələ üzrə hesabat hazırlayacaq, bu qrupun əsas işi də həmin sənədə “müstəqil səslər” adı altında hökumətin istədiklərini əlavə etdirməkdir.
“Beləliklə, vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoq qurmaq imkanı kimi təqdim olunan, insan haqlarının durumunda konkret irəliləyişlərə nail olmaq məqsədi daşıdığı iddia edilən tədbirdə hüquq müdafiəçilərinin iştirak etməsi istənilmir. Xədicə Ismayılovanın davamlı şəkildə təqib olunması və onun Işçi Qrupda iştirakının qarşısının alınması Avropa Şurasının qoruyacağını vəd etdiyi dəyərlərə aşkar hücumdur”, – deyə məktubda vurğulanır.
İnformasiya şöbəsi