Rəsulzadə yadigarını kimlər nəyin müqabilində Heydərizmin qulluqçularına möhtac qoydu?
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır (Ramiz Rövşən)
Adətən təqdimat belə olur: “Bir şəklin tarixçəsi”. Bu dəfə isə şəklin özü tarixçə yaratdı. Söhbət Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin oğlunun toyuna YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəni də çağırdığını əks etdirən fotolardan gedir.
Fotoları facebook-da ilk yayan elə müsavatçılar oldu. Onlar gördüklərindən məyus olduqlarını ifadə edirdilər. Əlbəttə, fotolar başqa facebook istifadəçilərinin də diqqətini çəkdi. Müxtəlif rəy və şərhlərdən birinin də müəllifi bu şəbəkədə xüsusi fəallığı ilə seçilən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov oldu. Qalmaqal tarixçəsi də bununla başladı.
Natiq Ədilov yazırdı: “Toyu olan gəncləri təbrik edirəm. Xoşbəxt olsunlar. Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü qınadım. Gör, bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb. Bunların fazillərdən, aydınlardan ötrü ürəyi gedirmiş ki. İsa bəy deyirdi axı, maskalar cırılacaq. Cırıldı artıq maskalar. Həqiqətən də maskalar cırıq-cırıq oldu”.
Onun bu qeydi qarşı tərəfdə və Müsavat rəhbərliyini müdafə edənlərdə ciddi qıcıq doğurdu. Facebook-da və “Yeni Müsavat”da Natiq Ədlilova cavab cavab ardınca gəldi. Əvvəlcə “zərbəni” AXCP-nin özünə yönəltməyə cəhd oldu. Yazdılar ki, guya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Daşkəsənin icra başçısı Əhəd Abıyevin kürəkənidir və o da övladlarına toy edəndə Əli Kərimli eyni məclisdə Əhəd Abıyevlə bir masada otura bilər.
Həqiqətin təhrif edildiyi bu yersiz iddiaya Fuad Qəhrəmanlı sərt tonda cavab verdi. O, xatırlatdı ki, Əhəd Abıyev qaynatası yox, rəhmətə getmiş qaynatasının qardaşıdır və onu nəinki övladlarının xeyir işinə çağırmaz, heç həyat yoldaşı Zümrüd Yağmur da onun salamını belə almaz.
“2010-cu ilin parlament seçkilərində efirdə iqtidarın sifarişi ilə əhəd özünə aid olan sözlərlə AXCP liderinə qarşı təhqir səsləndirdiyi üçün bütün xalqın gözü qarşısında mən ona layiq olduğu ağır cavabı verdim. Bununla da göstərdim ki, məndən ötrü formal qohumluq bağının heç bir dəyəri və anlamı yoxdur.
Görünür, əqidə sahibi olmayanlar və ya ailəlikcə ideya sahibi olmağın nə demək olduğunu anlamayanlar üçün əhəd kimisini toya dəvət etməkdə qəbahət bir şey yoxdur ki, bizi də bu cür görürlər. Yox, bəylər biz sizdən fərqliyik və ona görə də sizlər cəbhəçi əxlaqı, cəbhəçi prinsipiallığı nədir bunu anlaya bilməzsiniz”, – deyə Qəhrəmanlı facebook-da yazdı.
Facebook-da mövzu arxa plana keçsə də, “Yeni Müsavat”da Natiq Ədilovun iradından yapışaraq Xalq Cəbhəsini və cəbhəçiləri “bolşevik”lik etməkdən tutmuş “taliban təfəkkürlü”, “xəstə” adlandırmağa qədər “ittihamçı”lar növbəyə düzüldü. Qəzetin Müsavat rəhbərliyini müdafiə etmələri üçün səxavətlə yer verdiyi kimlər olsa yaxşıdır? Aydın Mirzəzadənin özü, onun əqidə və deputat yoldaşları Zahid Oruc, Fazil Mustafa, … və Müsavatın köhnə müttəfiqi, “Azadlıq” adlı təkadamlıq partiyanın sədri Əhməd Oruc.
Bu müdafiə çıxışlarının hamısında bir ortaq not təkrarlanır: “Azərbaycanlıların xeyirdə-şərdə fərq qoymadan iştirak kimi mental xüsusiyyəti var və buna qarşı çıxmaq qaragüruhçuluqdur”. Hərçənd, Natiq Ədilovun özünün də bir sonrakı qeydində izah eləməyə çalışdığı kimi, burada söhbət kimin kimi öz xeyir işinə çağırması və ya kimin kimlə bir masa arxasında oturmasından getmir. Ondan gedir ki, özünə ana müxalifət deyən bir partiyanın rəhbər şəxslərindən biri müxalifəti az qala hər gün söyüb yamanlayanları övladının toyuna hansı prinsiplə, hansı münasibətə görə çağırıb.
Əlbəttə, İkram İsrafil bir vaxtlar həmkar olduğu Aydın Mirzəzadə və Fazil Mustafa ilə bir-birlərini şad günlərinə çağıracaq qədər isti münasibətdə olduğunu açıqlayıb, mövzuya nöqtə qoya bilərdi. Amma nədənsə, başqa taktika seçildi – AXCP-yə, cəbhəçilərə qarşı “ictimai qınaq” təşkil olundu. O başqa məsələ ki, Müsavat rəhbərliyində olanların hakimiyyətdəkilərlə əlaqəsinə dair fikirləri gücləndirən bu fotofakta hansısa sanballı ictimaiyyət nümayəndəsi bəraət qazandırmazdı və elə buna görə də ümid YAP-a və YAP-a yandaşlıq edənlərə qaldı.
İstisna kimi Müsavat rəhbərliyinin dostu Əhməd Orucu göstərmək olardı ki, onun da motivini özü aşkarlayıb. O, Natiq Ədilovun facebook qeydində ciddi səbəblər axtararaq belə bir nəticəyə gəlir ki, bu, “hakimiyyətlə digər müxalif qüvvələrin bir araya gəlməsi ehtimalıdır”. Əhməd Oruca görə, haqqında danışılan faktı tənqid edənlər bunu YAP-Müsavat əməkdaşlığının başlanğıcı hesab ediblər.
YAP-la Müsavat arasında əməkdaşlığın olub-olmadığı əslində, bu partiya daxilindəki qarşılıqlı ittihamların fonunda həqiqətən də aktual sualdır. Amma bu mövzunun konteksində veriləsi suallar başqadır: Müsavat rəhbərliyi niyə o cür insanların dəstəyinə möhtac qalıb, elələrinin müdafiəsinə ehtiyac duyur? Özünü az qala Məmməd Əmin Rəsulzadənin davamçısı adlandıranlar o şərəfli tarixin yadigarının adını niyə bu qədər urvatsız edirlər, “103 illik partiya”nı nələrin müqabilində bu hallara saldılar? Rəsulzadənin adına bağlı bir partiyanı Rəsulzadə ideyalarını ayaqlar altına atan bir rejimə belə tellərlə birləşdirmək nə deməkdir?
Bəs rəhbərlikdən üzü aşağı sıralanan müsavatçılar necə, “Yeni Müsavat”ın gözlər önünə sərdiyi bu “qardaşlıq” mənzərəsindən məmnundurlarmı?..
Siyasət şöbəsi