İqtidardakı ruspərəstlərlə Qərblə işləyən tərəf üz-üzə gəlib
Hakimiyyət daxilində vəziyyət yenə gərginləşib. Iqtidardaxili mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, iqtidarda Qərblə işləyən tərəflə, ruspərəstlər arasında qarşıdurma yaranıb.
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyevin apardığı mürtəce siyasət Qərblə hakimiyyət arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Xüsusilə Azərbaycanda fəaliyyət göstərən Qərb təşkilatlarına, yerli hüquq müdafiəçilərinə savaş açılması ABŞ və Avropanın hakimiyyətlə daha sərt tonda danışması ilə nəticələnmişdi. Məhz bu mürtəce siyasətin nəticəsi idi Avropa Parlamenti Azərbaycanla bağlı sərt qətnamə qəbul etdi, sanksiyalar gündəmə gətirildi. Bundan sonra ABŞ prezidenti Barak Obama çıxışında xüsusi olaraq Azərbaycandakı vəziyyətə toxundu. ABŞ prezidenti açıq şəkildə bəyan etdi ki, Azərbaycanda insan haqları pozulur. Obamanın bu bəyanatından az sonra ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və “Freedom Houce” təşkilatının sədri Devid Kramer Qərbi Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırdı.
Görünən o idi ki, artıq Qərb “narahatıq” kimi bəyanatların heç bir effekt vermədiyinin fərqindədir və Azərbaycan hakimiyyətini yumşaltmaq üçün sanksiyaların zəruri olduğunu düşünür. Bütün bunlar həm də o vaxta təsadüf edirdi ki, Ilham Əliyev Rusiya ilə sıx əməkdaşlığa start vermişdi. Hətta o səviyyədə ki, Azərbaycanı təhqir edən Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski Azərbaycan dəvət edilmiş və Ilham Əliyev şəxsən onunla görüşmüşdü. Ilham Əliyevin Rusiyaya jestləri iqtidardakı ruspərəstlərin də mövqelərini gücləndirmişdi. Qərblə işləyən tərəf isə zəif duruma salınmışdı. Təsəvvür edin, ruspərəstlər “Iran və Rusiya bizi sendviç kimi əzir” deyən deputat Səməd Seyidovu Vladimir Jirinovskiyə bələdçilik etməyə qədər aşağılaya bilmişdilər.
Lakin sanksiyaların gündəmə gətirilməsi və Qərbin hakimiyyətlə bir qədər sərt tonda danışmağa başlaması vəziyyəti bir qədər dəyişib. Redaksiyamıza daxil olan məlumatlara görə, nəhayət, Qərblə işləyən tərəf ölkə başçısını Qərblə konfrantasiyanın acı nəticələrlə bitəcəyinə inadıra biliblər. Onlar münasibətlərdəki gərginliyi azaltmaq üçün heç olmasa imitasiya xarakterli addımların atılmasının zəruri olduğunu bildiriblər. Bildirilir ki, tez-tələsik 4 siyasi məhbusun azad edilməsi, Işçi Qrupun bərpası da həmin imitasiya xarakterli addımların tərkib hissəsidir.
Məlumatlara görə, Ilham Əliyevin sanksiya qorxusu Qərblə işləyən tərəfin təşəbbüsü ələ almasına səbəb olub. Bu isə heç də ruspərəstlərin ürəyincə deyil. Hakimiyyətdə böyük güc olan ruspərəstlər rəqiblərini yenidən küncə sıxışdırmaq üçün müəyyən addımlar atırlar. Məsələn, Avropa Şurasının komissarı Nils Mujnyeks Bakıda səfərdə olanda Leyla Yunus və Intiqam Əliyevin həbs müddəti artırılıb. Bundan başqa “Yeni Azərbaycan” və “Azərbaycan” qəzetinin dünənki sayında ABŞ-ın əleyhinə geniş məqalə dərc edilib. Bildirilir ki, bu heç də təsadüfi deyil. Hakimiyyətdaxili mənbələr bu ziddiyyəti ruspərəstlərin Qərblə işləyən tərəfə zərbə vurması kimi qiymətləndirir. Onların fikrincə, konflikt daha dərinləşəcək.
İnformasiya şöbəsi