Həbs müddəti artırılan hüquq müdafiəçisi “İşçi Qrup”a etimadsızlığını elan etdi
Hüquq müdafiəçisi Leyla Yunusun həbs müddəti 4 ay uzadılıb. Bu barədə oktyabrın 24-də Nəsimi rayon məhkəməsi qərar çıxarıb. Respublika prokurorluğu Leyla Yunusun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verib. İşə hakim Babək Pənahovun sədrliyi ilə məhkəmə heyəti baxıb. Qapalı keçirilən məhkəmə Leyla Yunusun fevralın 28-ə qədər həbsdə saxlanılmasına dair qərar çıxarıb.
Daha sonra vəkillər Leyla Yunusun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti rədd edib.
Leyla Yunus özü də məhkəmədə iştirak edib.
***
Leyla Yunusun vəkili Elçin Qənbərov “Azadlıq” radiosuna deyib ki, hüquq müdafiəçisi oktyabrın 23-də Kürdəxanı istintaq təcridxanasında Avropa Şurası insan haqları Komissarı Nils Mujniekslə görüşüb və bu görüşdən məmnun qaldığını bildirib. Vəkilin sözlərinə görə, Leyla Yunus siyasi məhbusların problemlərini həll etmək məqsədilə yaradılan «İnsan hüquqları üzrə Birgə Qrup»u «oyuncaq», «teatr» adlandırıb. O bu qurumun siyasi məhbus problemini həll etməyəcəyi qənaətindədir.
***
Leyla Yunus Birgə Qrupa (Siyasi məhbuslar üzrə işçi qrup) etimadsızlığı barədə jurnalist Xədicə İsmayıla da xəbər çatdırıb. Bunu jurnalist özünün facebook səhifəsində yazıb. Bildirib ki, hüquq müdafiəçisi ona zəng vuraraq, bunları deyib: “Bu gün məhkəmə binasında İntiqam Əliyevlə görüşmək imkanım oldu. İşçi qrupu haqda bizim ümumi mövqeyimizi ifadə edirəm. Bizim bu qrupa zərrə qədər etimadımız yoxdur. Biz inandığımız şəxsləri bu tamaşada iştirak etməməyə çağırırıq. Bu qrup gözdən pərdə asmaq üçün yaradılıb. Bu qrup hakimiyyətə dialoq görüntüsü yaratmaq üçün imkan yaradır, amma eyni zamanda, siyasi məhbusları azad etmək üçün heç bir real istək yoxdur. Bu, sirkdir və özünə hörmət edən şəxslər bu komediyada iştirak etməməlidir”.
Leyla Yunus bu fikirlərinin Mirvari Qəhrəmanlıya xüsusi olaraq çatdırılmasını istəyib.
***
Bu arada hüquq müdafiəçisinə yeni beynəlxalq mükafat verilib. Bu, Avropanın nüfuzlu Serjiu Vieyra de Mello mükafatıdır.
2003-cü ildə təsis edilən bu mükafat sülh uğrunda mübarizə, həmçinin din və mədəniyyət sahəsində xidmətlərə görə verilir.
Mükafatın bu ilki qalibi oktyabrın 23-də Krakovda keçirilən Villa Detsius birliyinin qərərgahında elan edilib.
Mükafat BMT-nin İnsan Haqları üzrə kommisarı vəzifəsinə çalışmış və 2003-cü ildə vəfat edən Serjiu Viyera de Mellonun adını daşıyır.
***
Bununla yanaşı, Leyla Yunusun daha nüfuzlu mükafata – Nobel sülh mükafatına namizəd irəli sürülüb. Onun namizədliyini Qadın İnsan Haqları Müdafiəçiləri Koalisiyası adlı beynəlxalq təşkilat verib. Təşkilat hesab edir ki, 2015-ci il üçün Nobel sülh mükafatı həbsdə olan azərbaycanlı qadın hüquq müdafiəçisinə verilməlidir.
Təşkilatın internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Leyla Yunus Azərbaycanın ən tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun yaradıcısıdır. Onun fəaliyyəti sülh təşəbbüslərini, siyasi məhbusları müdafiə layihələrini, qadın haqlarının qorunmasını, təqib və təziqlər, insan alveri, korrupsiya və mülkiyyət hüquqlarının pozulması hallarına qarşı mübarizəni əhatə edir.
Təşkilat Leyla Yunusun Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün xalq diplomatiyası istiqamətində də mühüm işlər gördüyünü bildirir.
Qeyd olunur ki, Leyla Yunus insan haqları sahəsindəki fəaliyyətinə görə ağır hesab ödəyib – iyunun 30-da vətənə xəyanət və başqa cinayət ittihamları ilə həbs olunub. Həbsdə o, işgəncəyə məruz qalıb və səhhəti pisləşib.
“Məncə, Leyla Yunus öz mətanətinə görə fərqlənir. O həbsxanadakı vəziyyətinə baxmayaraq, hələ də başqa siyasi məhbusları müdafiə edir. Bu mükafat Leyla Yunusa beynəlxalq diqqətin ifadəsi və böyük dəstək olar” – deyə təşəbbüskarlardan biri, professor Şarlotta Banç bildirib.
Bançın fikrincə, Leyla Yunusa bu mükafatın verilməsi həmçinin, Azərbaycan hökumətinin fərqli fikrə qarşı düşmən münasibətinin üzərinə işıq salar.
Məlumatın sonunda deyilir ki, Qadın İnsan Haqları Müdafiəçiləri Koalisiyası Azərbaycan hakimiyyətini Leyla Yunusu və onun həyat yoldaşı Arif Yunusu təcili azadlığa buraxmağa çağırır.
azadliq.info