Ştaynmayerin Bakı səfəri gərgin keçib; «Spiegel» səfər zamanı yaşananları açıqladı
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Bakıya səfər edib. O, səfər çərçivəsində dövlət başçısı Ilham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələrilə də görüşüb. Bu görüşdə ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsi, o cümlədən siyasi məhbus problemi müzakirə olunub.
Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı operativ şəkildə bu səfər zamanı baş verənləri işıqlandırmaqla yanaşı, həm də Azərbaycandakı vəziyyəti təhlil edib, Ilham Əliyevin ölkəni avtoritar qaydada idarə etdiyini vurğulayıb.
“Der Spiegel”də dərc olunmuş “Azərbaycana səfər: Ştaynmayerin insan hüquqları ilə bağlı ağır missiyası” sərlövhəli məqalənin tərcüməsini təqdim edirik:
***
Frank-Valter Ştaynmayerin xaricə çətin səfəri: Almaniyanın xarici işlər naziri Azərbaycanda diplomatik etiketə əməl etməlidir, amma eyni zamanda, bu ölkədə insan hüquqları sahəsindəki kritik vəziyyətə də münasibət bildirməlidir.
Tavandan asılmış ağır çilçıraqlar işıq saçır, ağ mərmər parıldayır. Prezident Ilham Əliyev ona həvəslə öz sarayını göstərir. Bundan sonra isə Almaniyanın xarici işlər nazirini təxminən idman zalı böyüklüyündə olan salonda qəbul edir.
“Yaxşı saraydır”, – deyə Frank-Valter Ştaynmayer deyir. Bu, sanki məcburiyyət kimi səslənir.
Almaniyanın xarici işlər naziri Cənubi Qafqaza bir gün yarımlıq səfər edib və bu müddətdə o, Azərbaycanda, Ermənistanda olub. Onun ilk səfəri Bakıya olub. Burada o, özünü inamlı göstərməyə çalışan liderlə görüşüb.
Əliyev prezidentliyi 2003-cü ildə atasından miras alıb və o vaxtdan ölkəni avtoritar qaydada idarə edir.
Ilham Əliyev siyasi sülalə hakimiyyətinin nümayəndəsidir. Onun atası Azərbaycan Kommunist Partiyasının rəhbəri olub. Üstəlik, müstəqillik dövründə də uzun illər Azərbaycana rəhbərlik edib.
Ondan sonra oğul Əliyev də ölkəni analoji sərt qaydada idarə edib. O, Konstitusiyaya dəyişiklik edərək, bir nəfərin ardıcıl iki dəfədən çox prezidentliyinə olan qadağanı aradan qaldırıb və 2013-cü ildə keçirilmiş seçkidən sonra sosializmə məxsus səs faizilə üçüncü dövr üçün prezident olub.
ATƏT seçkini tənqid edərək, onun kobud qanun pozuntuları ilə keçirildiyini bəyan edib.
Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu sədrlik noyabrın ortalarına qədər davam edəcək. Avropa Şurası insan hüquqları və demokratiyanı başlıca prinsiplər kimi bəyan edən təşkilatdır. Bu baxımdan, Ştaynmayer diplomatik gedişlərdən istifadə edir: qapalı görüşlərdə problemləri dilə gətirir, mətbuat konfransında isə Azərbaycanın Avropa dəyərlərinə sadiqlik nümayiş etdirəcəyinə inamını ifadə edir.
Amma Qərbin Əliyev və onun hökumətini tənqid etməsi hələ də yetərincə nəticə vermir. Hakimiyyətin təqib və təzyiqləri müxalifəti zəiflədib. Müstəqil hüquq-müdafiə qruplarının məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında 100-ə yaxın siyasi məhbus var.
Ştaynmayer Bakıda Prezident sarayında görüş keçirməklə yanaşı, həm də vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşərək, bu ölkədə insan hüquqlarının durumunu müzakirə edib. Həmin görüş dünən səhər tezdən Almaniyanın Bakıdakı səfirliyində baş tutub.
Bakıda hökumət ancaq iqtisadi uğurla fəxr edir
Almaniya xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətindən bildirilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlər artıb, Qeyri-Hökumət Təşkilatlarının vəziyyəti çox pisləşib. Müzakirələr zamanı Azərbaycan tərəfi hökumətin təqib və təzyiqlərilə bağlı konkret faktların əks olunduğu siyahını Almaniyanın nümayəndə heyətinə təqdim edib.
Azərbaycanın iqtisadi sahədə uğurları var. Bu ölkə rəhbərliyinin nümayişkəranə şəkildə özündən razılığı da ilk növbədə neft-qazdan əldə olunan gəlirlərlə bağlıdır. Əliyev və komandası bilir ki, Avropanın enerji məsələsində Azərbaycana ehtiyacı var. Azərbaycandan Avropaya qaz ixracını nəzərdə tutan kəmər yaxın vaxtlarda işə düşəcək.
Bakı meqapolisə çevrilib. Ştaynmayerin 2007-ci ildə Bakıya səfərindən sonra şəhər tanınmış dərəcədə dəyişib. Prezident sarayına gedən yolun üstündə gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları üçün standion tikiləcək. Bu cür turnirlər prestij baxımından Əliyev üçün əhəmiyyət kəsb edir.
Bakıda hökumət iqtisadi uğurlarla öyünür. Amma insan haqları məsələsinə gəlincə, bu barədə suallar onları qıcıqlandırır. Almaniyalı həmkarı ilə birlikdə Bakıda mətbuat konfransı keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, ölkədə insan hüquqlarının pozulmasına dair məlumatların yayılması sifarişlidir, bu, Azərbaycana qarşı ikili standartların göstəricisidir və onları hiddətləndirir.
Bundan əvvəl isə azərbaycanlı jurnalist Ştaynmayerdən Almaniyada insan hüquqları pozuntuları haqda soruşub. Sualın əvvəlcədən razılaşdırıldığı şübhə doğurmurdu. Görünür, buna görə də sual Azərbaycanın xarici işlər nazirinin xoşuna gəldi.
Qərb jurnalistlərinin ittihamlarına gəlincə, Azərbaycanın xarici işlər naziri bildirdi ki, ölkə yolundan dönməyəcək: “Biz güclü dövlət olmaq istəyirik”.
Informasiya şöbəsi