«Azərbaycandakı repressiyalar hakimiyyətin təmiz siyasi rəqabət apara bilməməsinin sübutudur»
«Neftin qiymətinin düşməsilə sosial xərclər azaldılacaq, bu da İsmayıllıda, Qubadakı kimi xalq etirazlarının təkrarlanmasına səbəb ola bilər»
“Azad Avropa”nın əməkdaşı Liz Fuller Azərbaycandakı repressiyalar, Milli Şuranın mitinqi və dünyada neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdəki durumu təhlil edib. Onun hazırladığı məqalənin tərcüməsini təqdim edirik:
***
Ilham Əliyevin üçüncü dəfə prezident olduğu seçkidən bir il sonra müxalifətdəki Demokratik Qüvvələrin Milli Şurası hakimiyyətin başlatdığı son dərəcə güclü repressiya dalğasına etiraz olaraq, bu il oktyabrın 12-də Bakıda mitinq keçirdi.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı bildirir ki, Azərbaycan bu ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayandan dərhal sonra bu ölkədə fəallara qarşı hücumlar daha da kəskinləşdi. O vaxtdan bəri hakimiyyət ən azı 11 nəfəri siyasi motivlərlə həbs etdirib, daha 9 nəfərin barəsində isə saxta ittihamlarla məhkəmə hökmü çıxarılıb.
Azərbaycan hökuməti Obamanın hədəfində…
Bu həbslər dalğası təkcə hüquq müdafiəçiləri, “Human Rights Watch” kimi təşkilatların deyil, həm də Avropa Parlamentinin, ABŞ prezidenti Barak Obamanın tənqidlərinə səbəb oldu. Amerikanın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç ABŞ-ı Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə, o cümlədən “Maqnitski qanunu”na bənzər aktın qəbuluna çağırdı.
Saytlardan birinin yaydığı məlumata görə, oktyabrın 12-də keçirilən etiraz mitinqində təxminən 2500-3000 nəfər adam iştirak edib. Lakin Bakı polisi bu rəqəmin 900 olduğunu iddia edib. Şübhəsiz ki, aksiya şəhərin mərkəzinə yaxın ərazidə keçirilsəydi, iştirakçıların sayı daha çox olardı. Lakin 2008-ci ildə qəbul olunmuş sərbəst toplaşma haqqında qanundan sonra hökumət yalnız özünün müəyyən etdiyi çox az sayda bir neçə yerdə mitinq keçirməyə imkan verir.
Mitinqdə müxtəlif təbəqələrdən iştirakçılar vardı. 20-40 yaş arası kişilərlə yanaşı, həm də daha yuxarı yaşlı insanlar, başı örtüklü qadınlar da mitinqdə iştirak edirdi. Mitinq iştirakçıları əllərində siyasi məhbusların şəkillərini tutmuşdular.
Azərbaycanda insanlar siyasi baxışlarına görə həbs olunur
Mitinqdə çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkədə davam edən həbslər dalğasını Azərbaycan hakimiyyətinin təmiz siyasi rəqabət apara bilməməsinin sübutu kimi dəyərləndirdi. O bildirdi ki, Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdən ünvanına artan tənqidlərə cavab olaraq ölkəni dünyadan təcrid etmək cəhdi çox böyük riskdir. Kərimli daha sonra qeyd etdi ki, “Azərbaycan xalqı bu repressiyalarla barışmayacaq, ölkədəki özbaşınalığa, repressiyalara, ədalətsizliyə və despotizmə ”yox” deyəcək”.
Müsavat partiyasına 22 il başqanlıq etmiş Isa Qəmbərin ötən ay istefasından sonra hazırda müxalifətin faktiki lideri Əli Kərimlidir. Bununla belə, Isa Qəmbər 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməyi planlaşdırır.
Ötən prezident seçkisində Demokratik Qüvvələrin Milli Şurasının namizədi olmuş Cəmil Həsənli ölkədəki son həbslərlə bağlı bildirdi ki, Azərbaycanın ən layiqli oğul və qızları vətəndaş mövqeyinə, siyasi və dini baxışlarına görə həbsxanaya salınır, orta əsrlər səviyyəsində işgəncələrə məruz qalır.
Müxalifətin tələbləri
Müxalifətin mitinqi bir sıra tələblərin əks olunduğu qətnamənin bəyan edilməsilə başa çatdı. Müxalifətin tələbləri isə bunlardır: bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması; vətəndaşların əsas azadlıqlarının təmin olunması; seçki sistemində islahatlar, o cümlədən bütün səviyyələrdə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və müxalifət nümayəndələrinin də bu tərkibə daxil edilməsi; Avropa Birliyi ilə Assosiasiya sazişinin imzalanması üçün hakimiyyət tərəfindən qəti mövqe nümayişi.
Mitinqin bir sıra iştirakçıları prezident Əliyevi istefaya çağırdı.
Qəti fikir bildirmək çətindir ki, hökumət beynəlxalq tənqidlərə görə bu mitinqə icazə verib, yoxsa, illərdir davam edən repressiyalardan sonra müxalifətin zəifliyinə əmin olduğuna görə – bəlkə də hər ikisi.
Bir neçə gün əvvəl prezident Əliyev 84 məhbusun azad edilməsi barədə əfv fərmanı imzaladı. Onların arasında dörd nəfər siyasi məhbus vardı. Elə həmin gün Azərbaycan parlamenti qanunvericiliyə QHT-lərin xaricdən qrant almasını çətinləşdirən dəyişikliklər etdi.
Neft 80 dollardan aşağı düşsə…
Bu repressiyalar mənzərəsinə müəyyən cüzi taktiki güzəştlərlə hazırkı prezidentin atası və sələfi Heydər Əliyevin hakimiyyəti dövründə də təsadüf olunurdu.
Bu arada, Azərbaycan dünyada neftin qiymətinin düşməsi ilə çox ciddi təhlükə ilə üz-üzədir. “Brent” markalı neftin qiyməti bu ilin iyunundan bəri 16 faiz aşağı düşüb. Ötən həftə son dörd ildə ilk dəfə olaraq, neftin qiyməti 83 dollara düşdü.
Ötən il Azərbaycanda ixracın 84,44 faizini xam neft təşkil edib. Oktyabrın 8-də – neftin qiyməti hələ 90 faizdən yuxarı olanda Ilham Əliyev Nazirlər Kabinetini bu azalmanın əhəmiyyətini şişirtməməyə çağırdı.
Əgər neftin qiyməti 80 dollardan aşağı düşsə, Azərbaycan hökuməti büdcə kəsiri ilə əlaqədar sosial güzəştlərə sərf olunan xərcləri məhdudlaşdıra bilər. Amma hərbi büdcəyə toxunulması inandırıcı deyil. 2014-cü ildə ölkənin hərbi büdcəsinin 3,7 milyarddan artıq olduğu bildirilirdi; gələn ilə isə bu rəqəmin 3,1 faiz də artması planlaşdırılırdı. Başqa sözlə, hərbi xərclər ümumi büdcənin 17,9 faizini təşkil edəcək.
Gələn ilin payızında ölkədə parlament seçkiləri keçiriləcək və bu ərəfədə büdcədə sosial ixtisarlar 2012-ci ilin martında Qubada, 2013-cü ilin yanvarında isə Ismayıllıda baş vermiş hadisələr kimi yenidən xalq etirazlarına səbəb ola bilər.