İcra başçılarının iştirakı ilə keçiriləcək tədbir hakimiyyət daxilində ciddi müzakirələrə səbəb olub
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə icra başçıları üçün keçiriləcək seminar-müşavirə hakimiyyət dəhlizlərində ciddi müzakirələrə səbəb olub. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, ayrı-ayrı rayonlara nəzarət edən bu seminar-müşavirədən narahatdırlar.
Xatırladaq ki, seminar-müşavirənin keçirilməsi oktyabrın 28-nə planlaşdırılır. Müşavirədə icra başçılarına ictimai-siyasi və humanitar sahədə fəaliyyətlə bağlı müəyyən tövsiyələr və təlimatlar veriləcək. Eyni zamanda dövlət və əhali ilə iş prinsipləri, icra hakimiyyətləri ilə digər dövlət qurumlarının koordinasiyalı fəaliyyəti müzakirə olunacaq.
Nazirlərin də həmin müşavirədə iştirakı nəzərdə tutulub. Mikayıl Cabbarov, Səlim Müslümov, Hüsenyqulu Bağırov və digər nazirlərin seminarda çıxışı gözlənilir.
Seminar 3 gün davam edəcək.
Məlumata görə, bu tədbir Azərbaycan hakimiyyətinin Rusiya ilə yaxınlaşmasından sonra mövqelərini yenidən möhkəmləndirən Ramiz Mehdiyevin güc nümayişidir. Eyni zamanda bildirilir ki, PA rəhbəri bununla rayonları tam olaraq öz nəzarətinə götürmək məqsədi güdür. Bundan əvvəl Ramiz Mehdiyev hakimiyyətyönlü KIV-lərin rəhbərlərini toplayaraq onlara direktivlərini vermişdi. Eyni zamanda iqtidardakı ayrı-ayrı oliqarxların nəzarətində olan media orqanlarına barmaq silkələmişdi. Bu tədbirdən sonra iqtidaryönlü KIV-lərdə hakimiyyət daxilindəki ziddiyyətlərin izi itdi. Buna qədər oliqarxlar nəzarətlərindən olan mediadan rəqiblərinin əleyhinə açıq-aydın istifadə edirdilər. Bu isə onu göstərir ki, artıq iqtidaryönlü bütün KIV-lər Ramiz Mehdiyevin direktivlərini əsas tutaraq, onu tələb etdiyi qaydada işləməyə başlayıblar. Deməli, faktiki olaraq Ramiz Mehdiyevin nəzarətinə keçiblər. Bildirilir ki, icra başçıları ilə müşavirə də bu prosesin davamıdır. PA rəhbəri icra başçılarının etimadını qazanmaq üçün artıq onların maraqlarına xidmət edən bir neçə addım atıb. Rayon təhsil və maliyyə şöbələrinin ləğvinin qarşısını alıb. Bu iri pulların icra başçılarının nəzarətindən çıxmasının qarşısını almaq deməkdir.
Lakin bununla belə Ramiz Mehdiyevin məqsədinə çatacağı inandırıcı görünmür. Çünki oliqarxlar nəzarətlərində rayonları asanlıqla əldən verməyəcəklər. Məlumata görə, artıq iqtidar dəhlizlərində gedən müzakirələrdə onlar açıq şəkildə bu müşavirəyə etirazlarını bildirirlər.