700 milyon dollarlıq qalmaqalın arxasından İlham Əliyevin dostu çıxdı
Ölkə başçısı SOCAR-la işləyən şirkətdən gürcü biznesmenə pay peşkəş edib
Isveçrənin məşhur Credit Suisse bankının Azərbaycanda neft layihəsi ilə əlaqədar məhkəməyə verilməsinin yeni təfərrüatları üzə çıxıb.
Qeyd edək ki, bu barədə məşhur “Bloomberg” jurnalı yazıb. Credit Suisse bankını məhkəməyə verən gürcü iş adamı Zaur Leşkaşeli bildirib ki, adıçəkilən bank 2008-ci ildə Caspian Energy Group adlı şirkətin satılmasında ən yaxşı qiyməti təmin edə bilməyib.
Onun sözlərinə görə, bu şirkət Azərbaycanın Dövlət Neft Şirkəti ilə birlikdə işləyib. Leşkaşeli deyib ki, onun özü 2 şirkətin sahibidir və bu şirkətlərin Caspian Energy Groupda biznes maraqları var. Gürcü iş adamı Credit Suisse bankını müqaviləni pozmaqda və səhlənkarlıqda ittiham edir.
SOCAR-la birgə müəssisəsi olan Caspian Energy Group 245 milyon dollara Berghoff/GEA şirkətinə satılıb. Bu şirkət Rusiyanın neft maqnatı, Rusneftin keçmiş sədri Mixail Qutserievlə bağlıdır.
Leşkaşelinin sözlərinə görə, Credit Suisse alternativ təkliflərə, o cümlədən Rusiyanın iri şirkətlərindən olan “Qazprom”dan gələn təklifə baxılmasını təmin etməyib. Gürcü iş adamı deyib ki, bu halda o, azı 700 milyon dollar çox qazanacaqdı.
Bəs Leşkaşeli SOCAR-la birgə işləmiş Caspian Energy Groupda paya necə sahib olub? Bu barədə gürcü iş adamının özü maraqlı açıqlama verib. Neft biznesi ilə məşğul olan Leşkaşeli bildirib ki, o, Moskvada Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə eyni vaxtda oxuyub. Həmin vaxt onunla tanış olub. Bu tanışlıq sonradan dostluğa çevrilib. Onun sözlərinə görə, Caspian Energy Groupdakı payı da Ilham Əliyevlə dostluğa görə ona hədiyyə edilib.