Regional təhsil idarələrinin yaradılması niyə baş tutmadı?
Bu ilin iyun ayının 24-də ölkə başçısı Ilham Əliyev Təhsil Nazirliyinin strukturunu təkmilləşdirməyə dair sərəncam imzalamışdı. Sərəncamda gələn ilin yanvar ayının 1-dən rayon və şəhər təhsil şöbələrinin bazasında 15 regional təhsil idarəsinin yaradılması nəzərdə tutulurdu.
Lakin bu günlərdə təhsil naziri Mikayıl Cabbarov regional idarələrin yaradılmasının təxirə salındığını açıqladı.
Nazirin sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsi layihəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb. Nazir qeyd edib ki, növbəti ildə də bu il tətbiq edilən sistem fəaliyyət göstərəcək.
Bu məsələ ilə bağlı “Azadlıq”a maraqlı məlumatlar daxil olub. Məlumatda deyilir ki, Ilham Əliyevin sərəncamından sonra Mikayıl Cabbarov bu prosesi həyata keçirmək üçün Təhsil Nazirliyində təhvil-təslim aparmaq üçün komissiya yaradıb. Komissiya üzvləri rayon və şəhərlərə ezam olunub. Lakin rayon və şəhərlərə çatar-çatmaz Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin göstərişilə onlara geri qayıtmaq tapşırılıb. Komissiya üzvlərinə bildirilib ki, regional idarələrin yaradılması prosesi təxirə salınır.
Iddialara görə, Ramiz Mehdiyevin bu işə mane olması təhsil sahəsini tam olaraq itirməməsi ilə bağlıdır. Məlumat üçün deyək ki, rayon və şəhər təhsil şöbələri faktiki olaraq icra hakimiyyətlərinin nəzarətindədir. Ramiz Mehdiyevin isə icra hakimiyyətlərinə təsir imkanları böyükdür. Bəzi icra başçıları birbaşa onun kadrları hesab edilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev kimi oliqarxların çevrəsinə daxil olan icra başçıları da bəzən Ramiz Mehdiyevlə hesablaşmalı olurlar.
Bundan başqa məsələnin maliyyə tərəfi də var. Artıq bir neçə ildir ki, dövlət büdcəsinin 1.7-1.8 milyard manatını təhsil xərcləri təşkil edir. O cümlədən rayonlara ayrılan büdcənin 70-75 faizi də təhsilin payına düşür. Beləliklə rayon və şəhər təhsil şöbələrinin ləğv olunması həm də həmin maliyyənin itirilməsi demək olacaq. Yeri gəlmişkən, bu proses baş verərsə, rayon və şəhər maliyyə şöbələrinin də fəaliyyətinə ehtiyac qalmayacaq.
Bütün bunlardan sonra belə qənaətə gəlmək üçün Ramiz Mehdiyevin təhsil sahəsinə nəzarət imkanlarını zəiflətmək üçün ölkə başçısına belə bir sərəncam imzalatdırılıb. Lakin Ramiz Mehdiyevin dirənişi nəticəsində prosesi məntiqi sonluğuna çatdırmaq mümkün olmayıb.
İnformasiya şöbəsi