Müdafiə tərəfinin vəsatətləri rədd edildi, hakim işi araşdırmadan çıxışlara başladı
Elçin Sadıqov xüsusi ittihamçı Ramil Usubovun məhkəməyə gəlməsi barədə vəsatət qaldırdı
Oktyabrın 20-də Nəsimi Rayon Məhkəməsində Şəlalə Həsənovanın sədrliyi ilə Ramil Usubovun Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oktyabrın 15-də keçirilən məhkəmə prosesində ekspertizanın gəldiyi nəticə elan olunsa da, müdafiə tərəfi rəylə tanış olmaq üçün növbəti prosesə kimi vaxt istəmişdi. Dünən keçirilən məhkəmədə hakim ilk olaraq müdafiə tərəfindən rəylə tanış olub-olmadığlarını soruşdu.
Vəkil Elçin Sadıqov: “Mən rəylə tanış oldum. Hesab edirəm ki, təkrar və müstəqil ekspertiza keçirilməlidir. Bu rəydə Ramil Usubovun və polisin hansı formada təhqir olunduğu aydın göstərilmir. Ikinci tərəfdən, rəydə köhnə, sovet dövründə istifadə olunan ədəbiyyatlardan istifadə olunub. Onlar çağdaş dövrümüzlə səsləşmir. Məsələn, həmin ədəbiyyatların heç birində ifadə azadlığı anlayışı, çağdaş dünyanın prinsiplərindən heç bir element yoxdur. Indi bu ədəbiyyat ifadə azadlığını necə müdafiə edə bilər? Ikinci tərəfdən, rəydə Moderator.az saytında yayılan yazıya istinad olunub. Guya, yazının həmn saytda ictimailəşməsi Ramil Usubovun, polislərin işgüzar fəaliyyətinə, şərəf və ləyaqətinə xələl gətirib. Məsələn mən, ”Google.com” saytında həmin yazıda polis haqqında qeyd olunan pozuntularla bağlı axtarış verdim. Polislərin qanun pozuntusunu, kobudluğunu əks etdirən 63 min video və yazılı məlumat tapıldı. Hörmətli hakim, mən sizə qeyd olunan pozuntuların əks olunduğu disk vermişəm. Həmin diskə birgə baxışın keçirilməsini və “Google” də polis kobudluğunu əks etdirən qanun pozuntularının araşdırılmasını təmin etməyinizi xahiş edirəm”.
Usubovun vəkili: Hörmətli hakim, rəy qanuni əsaslara istinad edilərək hazırlanıb, burda ədəbiyyatın hansı dövrə aid olması rəyə heç bir təsir edə bilməz. Qaldırılan vəsatəti əsassız hesab edirəm və təmin olunmamasını xahiş edirəm.
Hakim: Müdafiə tərəfinin qaldırdığı vəsatət əsassız olduğuna görə təmin olunmur.
Daha sonra vəkil Elçin Sadıqov xüsusi ittiham qaydasında iddia qaldıran şəxsin məhkəmədə iştirakının təmin olunması barədə vəsatət qaldırdı. “Xüsusi ittihamçı məhkəməyə gəlməli. Iddia qaldırdığı adam haqqında yalan danışmayacağı, şər atmayacağı barədə intizam aktına imza atmaldır”. Usubovun vəkili bu vəsatəti də əsassız saydı. O, bunun qanunvericilikdə nəzərdə tutulmadığını əsas göstərsə də, Elçin Sadıqov Ali Məhkəmənin plenumunun bu haqda xüsusi qərarı olduğunu xatırlatdı. Lakin məhkəmə bu vəsatəti də əsassız sayaraq təmin etmədi.
Eldəniz Quliyev də öz növbəsində rəyi əsassız saydığını dedi: “Mətbuatda dəfələrlə Ramil Usubov-Hacı Məmmədov birliyindən, Ramil Usubovun saçlarına xına qoymasından və daha ciddi məqamlardan yazılıb, amma nazir bunlara heç bir əhəmiyyət verməyib. Qaldırılan bütün vəsatətlər rədd edilir. Mən başa düşürəm ki, bu prosesdə baş verənlər hakimin iradəsindən kənardır, prosesi başqaları idarə edir. Bu iddianın polislə bağlılığı yoxdur. Iddia tam siyasi xarakterlidir. Bu yolla mənin ictimai-siyasi fəaliyyətimə əngəl olacaqlarını düşünənlər yanılır. Bu gün bir yeniliklə də tanış olduğumu deməliyəm: Indiyə kimi bilmirdim ki, hansısa idarənin şərəf və ləyaqəti var imiş. Ramil Usubov gəlsin, mənə cavab versin ki, onu necə təhqir etmişəm”.
Hakim: “Hesab edirəm ki, araşdırma başa çatdı, çıxışlara keçmək olar”.
Vəkil: “Nəyi araşdırdınız? Qaldırdığımız heç bir vəsatət təmin olunmadı. Təqdim etdiyimiz diskdəki görüntülər, ”Google”da tapılan nəticələr də Eldəniz Quliyevin polis haqqında qeyd etdiklərinin tamamilə doğru olduğunu təqsdiqləyir. Niyə bunlar araşdırılmasın?”.
Usubovun vəkili: “Müdafiə tərəfinin təqdim etdiklərinin heç bir qanuni əsası yoxdur, hesab edirəm ki, çıxışlara keçmək olar”.
Hakim bir daha araşdırmanın başa çatdığını bildirdi və bundan sonra ittiham tərəfi çıxışa başladı.
Usubovun vəkili: “Həm məhkəmə proseslərində, həm də ekspertizanın açıqladığı rəydə də sübut olundu ki, Eldəniz Quliyevin polis haqqında qeydləri polisin şərəf və ləyaqətinə yönəlik qeydlərdir. Bundan başqa, Eldəniz Quliyevin məhkəmə dövründə kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdən, açıqlamalardan da göründü ki, o, islah olunmayıb, hərəkətlərindən peşman deyil. Iş üzrə toplanan materiallar, məhkəmə prosesində aşkarlanan faktlar, ekspertiaznın rəyini nəzərə alaraq, Eldəniz Quliyev haqqında Cinayət Məcəlləsinin(CM) 147.1 6 ay azadlıqdan məhrumetmə və cinayət məcəlləsinin (CM) 148-ci maddəsilə 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarmanızı xahiş edirəm. Qeyd edək ki, hər iki maddədə maksimum 6 ay azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Müdafiə tərəfi çıxışa hazır olmadığına görə, proses oktyabrın 22-i saat 16:00-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
azadliq.info