Neftin ucuzlaşdığı bir vaxtda çoxmilyonluq layihələrin həyata keçirilməsi planlaşdırılır
Neftin qiymətinin düşməsinə baxmayaraq Azərbaycan hakimiyyəti iri infrastruktur layihələri dayandırmaq niyyətində deyil. Neft pulları hesabına həyata keçiriləcək hər layihənin dəyəri 100 milyonlarla manat civarındadır.
Məlumatlarda deyilir ki, yeni layihələrdə “Azərsu”, Mərkəzi Bank, Vergilər Nazirliyi, “Azal”, “Azərenerji” və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Neft Fondu üçün yeni inzibati binalar və Bakı Portunun tikilməsi nəzərdə tutulur. Bu “korrupsiya layihələri” nin bir hissəsidir. Bundan əlavə Boks Federasiyası üçün inzibati bina və s. bu kimi iri layihələr də var. Həmçinin neft ayırma zavodları Ələtə köçürüləcək. Təkcə bu layihənin qiyməti 17 milyard manatdır.
Iddia olunur ki, bu layihələrin icrası offşor şirkətlər tərəfindən həyata keçirələcək. Bu fakt da layihələrin məhz korrupsiya məqsədilə düşünüldüyünü göstərir. Məlumat üçün deyək ki, “Azərsu”, Mərkəzi Bank, “Azal”, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binaları heç də yararsız vəziyyətdə deyil.
Xatırladaq ki, iri korrupsiya əməliyyatları həyata keçirmək üçün hakimiyyətin infrastruktur layihələrə önəm verməsi təzə xəbər deyil. Körpü-tunel tikintisi, yolların dəfələrlə yenidən təmiri, dövlət qurumları üçün dəbdəli inzibati binaların inşası Azərbaycana neft pullarının axmasından sonra dəb halını alıb. Nəticədə Azərbaycan hakimiyyətində təmsil olunan məmurlar korrupsiya yolu ilə əldə etdikləri vəsaitlər hesabına oliqarxa çevrilib.
Iqtisadçı ekspertlər hesab edir ki, neftin qiymətinin düşdüyü bir vaxtda belə layihələrin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatını məhvə aparır. Onların fikrincə, hakimiyyət bu layihələrdənsə Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün neft gəlirlərini qeyri-neft sektoruna yönəltməlidir.