Taner Yıldız nurçuların Bakıdakı çevriliş planından danışdı
“17 dekabr əməliyyatı uğur qazansaydı, Bakı da ələ keçəcəkdi”
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız “TGRT” kanalının “Neler Oluyur” proqramında gündəmə aid açıqlamalarında Azərbaycanla bağlı sesnsasiya sayılacaq sözlər deyib. Nazir ötən ilin dekabrında Türkiyədə nazir övladlarını da əhatə edən “rüşvət əməliyyatı”ndan danışaraq deyib ki, həmin əməliyyat uğur qazansaydı, Azərbaycanda da çevriliş olacaqdı.
Həmin günlər telefonu ən çox dinlənən nazir olduğunu qeyd edən Yıldız deyib: “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatı uğur qazansaydı, Bakı da onların əlinə keçəcəkdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”.
Xatırladaq ki, ötən ilin dekabrında xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da şübhəli kimi istintaqa cəlb edilmişdi.
Yıldız 17 dekabr böhranından çıxmaq üçün geniş beynəlxalq danışıqlar apardıqlarına bildirib: “Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər”.
Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müxalifətin tələbinə baxmayaraq həmin günlərdə istefa vermədi. Daha sonra hakim partiya yerli seçkiləri qazandıqdan sonra o, rüşvətə qarşı əməliyyatlarda iştirak etmiş hüquq-mühafizə işçilərinin iş yerlərini dəyişdi, bəzilərin vəzifədən çıxardı. Daha sonra həbsdə olan nazir balalarını azadlığa buraxdı. Həmçinin məsələni müzakirəyə çıxararaq 17 dekabr əməliyyatı ilə bağlı istintaqın davam etdirilməsini qadağan etdi.
17 dekabrda Türkiyədə keçirilən “korrupsiya əməliyyatı”ndan sonra Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasında başlanmış savaş Azərbaycana da sirayət etdi. O vaxt yayılan məlumatlara görə, Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı ölkə başçısı Ilham Əliyevə Azərbaycan hakimiyyətində kök salan nurçuların siyahısını təqdim edərək onların zərərsizləşdirilməsini istəyib. Bir qədər sonra nurçularla əlaqədə adı hallanan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun tutduqları vəzifədən azad edilməsi, deputat Ceyhun Osmanlının küncə sıxışdırılması, nurçulara bağlı olan “Çağ Öyrətim” təhsil şəbəkəsinin qapadılması yayılan məlumatların əsassız olmadığını göstərdi.
İnformasiya şöbəsi